2017-10-18 00:50:48   |   174 dəfə oxunub

İslahatlar genişlənir

Nazirlər Kabinetinin yenidən qurulması çevik idarəetmə sisteminə şərait yaradacaq

“Biz yaxın zamanlarda dövlət qurumlarının fəaliyyətinin daha çevik və daha dinamik hal alacağının şahidi olacağıq”



Son vaxtlar Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni situasiyaya və çağırışlara uyğun olaraq struktur islahatları həyata keçirilir. Bu islahatlar idarəetmə sistemində paralelliyin və təkrarçılığın aradan qaldırılmasına, təkmilləşməyə, dinamikliyə, daha çevik və operativ idarəçilik mexanizminin formalaşmasına xidmət edir.

İdarəetmə sistemi və icra mexanizmi sahələrində həyata keçirilən mühüm islahatlar qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün atılan zəruri və məqsədyönlü addımlardır. Struktur islahatlarına xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, bu islahatların aparılmasına ehtiyac var:

 "Ümumiyyətlə, daha çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Çünki bəzi hallarda qurumlar biri-birinin fəaliyyətini təkrarlayır, buna yol vermək olmaz. Struktur islahatları mütləq aparılmalıdır. Biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik”.

 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsində bəyan edilmişdi ki, yaxın müddətdə Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsində işlər görüləcək. Son bir neçə ay ərzində görülən işlər həmin fikirləri reallığa çevirib. Prezidentin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib. Nazirlər Kabineti bu vaxta qədər sabiq Baş nazir Surət Hüseynovun 1994-cü ildə təsdiq etdiyi Müvəqqəti Reqlament əsasında fəaliyyət göstərirdi. Qeyd edilən Fərmanda Prezidentin verdiyi tapşırıqdan sonra "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” layihələri qısa müddətdə hazırlandı. Dövlətimizin başçısının 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edildi. Bu sənədlər Nazirlər Kabinetinin fəaliyyətinin təkmilləşdirilməsi, operativliyinin təmin edilməsi və səmərəliliyinin yüksəldilməsi məqsədilə qəbul olunub. Nazirlər Kabinetinin kollegial orqan olduğu nəzərə alınaraq, iclasların planlaşdırılması, hazırlanması və keçirilməsinə xüsusi diqqət ayrılıb. Baş nazir tərəfindən bəyənilmiş iclas gündəliyinin layihəsi və müvafiq materiallar iclasın tarixindən azı 5 iş günündən əvvəl Nazirlər Kabinetinin üzvlərinə, habelə iclasda iştirak edəcək digər şəxslərə göndəriləcək. İclasda Nazirlər Kabinetinin üzvləri şəxsən iştirak etməlidirlər. Üzvlərin azı yarısı iştirak etdikdə Nazirlər Kabinetinin iclası səlahiyyətli hesab olunacaq. İclasda baxılan məsələlərə dair qərarlar üzvlərin sadə səs çoxluğu ilə qəbul olunacaq. Nazirlər Kabinetinin iclası, bir qayda olaraq, açıq keçiriləcək.

Həyata keçirilən islahatlarla bağlı "Şərq”ə fikirlərini bölüşən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, siyasi ekspert Elçin Mirzəbəyli deyib ki, dövlət strukturlarının fəaliyyətinin yenidən qurulması və çevik şəkildə idarəetmə sisteminə keçilməsi ən önəmli islahatlardan biridir: 

"Bu istiqamətdə görülən mütəmadi işlər, yəni müvafiq dövlət qurumlarının strukturlarının mövcud çağırışlara uyğunlaşdırılması dövlət idarəçiliyi sahəsində islahatların genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Təbii ki, həm Nazirlər Kabineti, həm digər nazirliklər səviyyəsində aparılan struktur islahatları, eyni zamanda Prezident Administrasiyasında görülən işlər onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti ölkənin müvafiq idarəçilik sistemini müasir çağırışlara uyğunlaşdırmaq üçün bu addımları atır. Biz yaxın zamanlarda dövlət qurumlarının fəaliyyətinin daha çevik və daha dinamik hal alacağının şahidi olacağıq”.

"Nazirlər Kabinetində aparılan islahatlar operativliyi artıracaq”

Nazirlər Kabinetində aparılan struktur islahatları idarəçilikdə effektivliyin artırılması istiqamətində atılan çox mühüm addımdır. Bunu isə Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib. A.Hüseynov bildirib ki, Nazirlər Kabineti ali icraedici orqandır və bu icraedici orqanda aparılan islahatlar qurumun işinin effektivliyini, operativliyini artıracaq: "Bu isə idarəçiliyə müsbət təsirini göstərəcək”.

Deputat qeyd edib ki, ümumilikdə son dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra sahələrdə idarəçiliyin çevikliyinin və səmərəliliyin artırılmasına xidmət edən islahatlar həyata keçirilib.
A.Hüseynov bildirib ki, yeni şəraitə və çağırışlara uyğun olaraq aparılan struktur islahatları idarəetmə sistemində təkmilləşməyə, operativ idarəçilik mexanizminin formalaşmasına xidmət edir.
Onun sözlərinə görə, həyata keçirilən bu mühüm islahatlar qarşıya qoyulan məqsədlərə daha tez nail olmaq üçün atılan zəruri addımlardır.

İsmayıl







SON XƏBƏRLƏR

2017-11-22