2017-10-18 01:31:41   |   278 dəfə oxunub

Kredit borcu olanlar “xalta” ilə gəzəcək?

Hüquqşünas hesab edir ki, borclu adamlara elektron qolbaq taxmaq yaxşı səslənmir

İradə Cavadova: “Hesab etmirəm ki, elektron qolbaqlar banka kredit borcu olanların məsuliyyət hissinin artmasına səbəb olacaq. Əksinə, bəlkə o, vətəndaşları daha da aqressivləşdirəcək”




Kredit borcunu qəsdən qaytarmayan vətəndaşlar azadlığın məhdudlaşdırılması cəza növü ilə yanaşı qollarına taxılacaq elektron qolbaqlar vasitəsilə də izlənəcəklər. Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə məhz belə cəza növü də nəzərdə tutulur. Bunu eşidən borclular "necə yəni, belə çıxır ki, biz "xalta” ilə gəzəcəyik?!” deyə bu cəza növünü özləri üçün alçaldıcı hesab edirlər. Əslinə baxanda, haqsız da sayılmazlar. Birincisi, necə müəyyənləşəcək ki, vətəndaş kredit borcunu qaytarmaq istəyir, lakin buna maddi imkanı çatmır, yoxsa pulu var, amma borcunu qəsdən qaytarmır. Həqiqətən də, çətin bir işdir.


Ümumiyyətlə, elektron qolbaq praktikası dünyada varmı, tətbiq olunurmu?

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında elektron qolbaqların Azərbaycanda yeni taktika olduğunu dedi:

- İndiyədək Azərbaycanda elektron qolbaq tətbiq edilməyib. Bildiyim qədər Səudiyyə Ərəbistanı bu ölkəyə Həcc ziyarətinə gələn zəvvarların elektron qolbaqdan istifadə etməsini məsləhət görmüşdü. Hansısa fövqəladə hadisə zamanı zəvvarın kimliyi bilinsin, yaxud zəvvar öz qrupundan ayrı düşərsə onun tapılması asanlaşsın deyə, belə bir metod məsləhət görülürdü. Almaniyada isə terrorçuluqda şübhəli bilinən, terrorçuluğa meyilli olanlara elektron qolbaq taxılırdı ki, onlar daim müşahidə altında, nəzarətdə saxlanılsınlar. Səhv etmirəmsə, İsraildə elektron qolbaqlar məişət zorakılığına məruz qalan qadınlara verilir ki, hər hansı bir təhlükə hiss etdikdə, dərhal polisə müraciət edə bilsinlər. Müxtəlif ölkələrdə elektron qolbaqlardan müxtəlif məqsədlərlə istifadə edilir. Amma kredit borcunu qaytarmayanlara elektron qolbaq tətbiqi, doğrusu, zənnimcə, o qədər də yaxşı səslənmir. Elektron qolbaqlar hansısa qanun pozuntularını aradan qaldırmaq məqsədilə tətbiq edilə bilər. 

Məsələn, Qazaxıstanda belə bir layihə vardı, lakin orada bu elektron qolbaqları ölkə özü istehsal etməyi düşünürdü, hətta Kosmik Tədqiqatlar Mərkəzi də bu layihəyə cəlb olunmuşdu. Elektron qolbaqların tətbiqi istənilirsə, hər halda bunun üçün daha uyğun təbəqə tapmaq olar məncə. Və bu, kredit borcu olanlara aid edilməməlidir. Bunun üçün digər cəza növləri var, cərimə, ev dustaqlığı, ölkəni tərk etməmək və sair bir çox cərimə növləri. Həmçinin banklarla bağlı da düzgün qərarlar qəbul edilə bilər. Kredit borclarının yaranmasında təkcə vətəndaşlar günahkar deyil. Banklar tətbiq etdikləri yüksək kredit faizlərindən külli miqdarda gəlir əldə edib. 

Devalvasiya nəticəsində vətəndaşların borcları 1-ə 3 böyüyüb. Niyə bunun ağırlığını yalnız vətəndaş çəkməlidir?! Hesab etmirəm ki, elektron qolbaqlar banka kredit borcu olanların məsuliyyət hissinin artmasına səbəb olacaq. Əksinə, bəlkə o, vətəndaşları daha da aqressivləşdirəcək. Elektron qolbaqların düzgün tətbiqi vacibdir. Biz hələ bilmirik elektron qolbaqlar ölkə daxilindəmi istehsal olunacaq, yoxsa xaricdən alınacaq? Bunun üçün büdcə ayrılmalıdır, elektron vasitə olduğundan xidmət məsələsi də gündəmə gəlir. Kimlər məşğul olacaq, kim nəzarət edəcək onlara? Çünki yəqin bu elektron qolbaq taxılıb-açılan bir vasitədir. Hansısa qurum, konkret şəxslər buna nəzarət etməlidir. Ümumiyyətlə, kredit borcu olanların qolbaq taxmağına nə lüzum var? Bu vasitələrdən daha tutarlı, ağlabatan işlər üçün istifadə etmək olar.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2017-11-22