2017-10-18 01:38:26   |   179 dəfə oxunub

“Narkomaniya Gürcüstan üçün ciddi problemdir”

Zəlimxan Məmmədli: “Zaman- zaman bu cür əməliyyatlarda sadəcə azərbaycanlılar yox, ermənilər, gürcülər də həbs olunur”




Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunun Qaratəhlə kəndində xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı narkotik maddələrin qeyri-qanuni dövriyyəsində şübhəli bilinən 25 yaşlı gənc saxlanılıb.

Saxlanılan şəxsin son illər ərzində Rusiyada yaşadığı və orada bizneslə məşğul olduğu bildirilir. O, bir neçə ay öncə Qaratəhlə kəndinə qayıdıb və valideynləri ilə yaşayıb. Qeyd edək ki, bir neçə gün öncə də Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlıların kompakt yaşadığı ərazilərdə bu xarakterli əməliyyat keçirmişdi. Bu isə cəmiyyətdə belə bir rəy formalaşdırıb ki, hökumətin bu siyasəti azərbaycanlıların sıxışdırılmasına hesablanıb.

Borçalıdan olan ictimai-siyasi xadim Zəlimxan Məmmədlinin qənaətincə isə bu əməliyyatlar ümumölkə səviyyəsində aparılan mübarizə tədbirlərinin tərkib hissəsidir:

"Zaman-zaman bu cür əməliyyatlar keçirilir və sadəcə azərbaycanlılar yox, ermənilər, gürcülər də həbs olunur. Ümumiyyətlə, narkomaniya Gürcüstan üçün kifayət qədər ciddi problemdir və sosial bir bəla kimi dəyərləndirilir. Xüsusən də gənclərin narkotik maddələrə meyilli olması istiqamətində ciddi narahatlıq var. 

Bu mənada, güman etmirəm ki, Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlıların sıx yaşadığı ərazilərdə xüsusi əməliyyat keçirməsində hədəf birmənalı soydaşlarımız olsun. Sözsüz ki, orada yaşayan azərbaycanlı gənclər arasında da narkotika alverçiləri və istifadəçiləri var və bu baxımdan bu cür əməliyyatların keçirilməsi təbiidir. Yəni dediyim kimi, narkotikaya qarşı mübarizə tədbirlərinin tərkib hissəsidir”.

Şəymən







SON XƏBƏRLƏR

2017-11-22