2017-10-18 01:45:54   |   774 dəfə oxunub

"Xanımlar kişilərdən daha çox intihar haqqında düşünür" - Yollar qırılır...

Bir insanla yeni rəfiqə olursan, 2 aydan sonra problem çıxır. Lakin əvvəllər belə deyildi, 20-30 ilin ailə dostları varıydı



Hər gün yeni bir intiharın, özünəqəsdin şahidi oluruq. Bəzi insanların düşdüyü ağır psixoloji durum, özünəqapanma, ümidsizlik onları canına qəsd etməyə vadar edir. Depressiya vəziyyətində insanlar düşünür ki, "Hər şey bitdi”, "Artıq yaşamağa dəyməz”, "Mənim yaşayıb-yaşamamağımın heç bir mənası yoxdur”, "Ölsəm bundan yaxşıdır”. Hətta intiharlar o qədər adiləşib ki, birinin canına qıydığını eşitmək o qədər də təəccüblü gəlmir.

Ötən gün ölkəmizdə növbəti intihar hadisələri baş verib. Yasamal rayon sakini 1955-ci il təvəllüdlü Abutalıbova Rəhimə Məmmədbağır qızı özünü yaşadığı evin həyətində asaraq həyatına son qoyub. Onun ruhi-əsəb xəstəsi olduğu bildirilir. Oxşar hadisə Xəzər rayon Buzovna qəsəbəsində də baş verib. 1965-ci il təvəllüdlü Şıxəliyeva Arifə Əlabbas qızı özünü yaşadığı evdə asıb.

Bundan başqa bir neçə gün öncə 10-cu sinif şagirdi Məmmədov Polad Məhəmməd oğlunun özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asması, həmçinin xarici dil kursunda müəllimə işləyən, 1961-ci il təvəllüdlü İradə Yusif qızı Əliyevanın sağ qolunun damarını kəsərək intihar etməsi gündəmin əsas mövzularından biridir.

Bəs intihara aparan depressiyanın əmələ gəlməsinə səbəb nədir? Depressiv dövrdə necə davranmalı, mütəxəssisə müraciət etməli, yoxsa insanın özü bu ağır psixoloji haldan xilas olmalıdı?

Psixoloq Elnur Rüstəmov "Şərq”ə açıqlamasında bildirib ki, hazırda yalnız Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə intihar halları durmadan artır. 

Psixoloqun sözlərinə görə, hər şeydən əvvəl insan psixoloji sağlamlığının qeydinə qalmalıdır. Bunun üçün ölkədə geniş maarifləndirmə işinin aparılması zəruridir: 

"Psixi problem deyərkən biz çox zaman şizofriyanı nəzərdə tuturuq. Ancaq psixi problem tək şizofriya deyil. İnsan depressiyada ola bilər, bu zaman onun işə də gedib-gəlməsi mümkündür. Kiminsə hər hansı bir fobiyası var, məsələn, kimsə metroya minə bilmir, ancaq işə avtobusla gedir. İlk olaraq belə bir təsnifat aparmaq lazımdır - "psixoloji narahatçılıq nədir?”. Bəli, belə insanlar bəzən cəmiyyətdən təcrid olunur və onların ayrılıqda müalicə prosesi həyata keçirilir. Ruhi Əsəb Dispanserində olanların hamısı psixi xəstə deyil, siz nə bilirsiz o müəllimə depressiyada olub, yox yox?

"Son dönəmlərdə niyə xanımlar daha çox intihar edir” sualı ortaya çıxa bilər. Ümumiyyətlə, statistika da onu göstərir ki, xanımlarda intihar haqqında düşüncələr kişilərdən daha çoxdur. Onların intihara cəhdləri kişilərdən üstündür. Qadınlar bunu diqqət çəkmək, hər hansı bir problemə etiraz etmək fonunda edir. Məsələn, qadının ailəsində problem, narahatçılıq var və o, dərman qəbul edə bilər. Burda qadının məqsədi ölmək deyil, məqsəd odur ki, "mənə ürəyin yansın, diqqət göstər...”. 

Ancaq kişilər bu yola əl atmır. Təbii ki, son dönəmlərdə xanımlar arasında intihar hallarının çoxluğu bizi narahat edir. Ümumiyyətlə, bütün dünyada intihar halları artır. Bu gün psixoloji problemlər, narahatçılıqlar da artıb. Son dövrün statistikasına baxın, ailədaxili konfliktlər baş verir və nə qədər boşanmalar var. Bunlarla bağlı həyəcan təbili çalınmalıdır və müəyyən işlər görülməlidir. Bəli, dövlət bu istiqamətdə işlər görür, psixi sağlamlıq mərkəzi yaradılır. Bəs, bu mərkəzə yetəri qədər müraciət varmı? 

Təəssüf ki, yoxdur, əgər olsa, dövlət yeni mərkəzlər açar. Hər bir insan özünün fərdi psixoloji sağlamlığının qeydinə qalmalıdır. Çünki biz sürət həddində yaşayırıq. Hər şey sürətlə dəyişir, mobil telefon alırsan, 4 aydan sonra yenisi çıxır. Baxın, görün hər şey necə sürətlə gedir və insanlar bununla ayaqlaşa bilmir, dolayısıyla həyatına bir anlam vermir. Bir insanla yeni rəfiqə olursan, 2 aydan sonra problem çıxır. Lakin əvvəllər belə deyildi, 20-30 ilin ailə dostları varıydı. Bu gün 3 illik ailə dostlarını barmaqla göstəririk. Bütün bunlar dəyərin itməsi, insanlar arasında münasibətlərin maddiyyatla ölçülməsi, mənəvi dəyərlərin arxa plana keçməsidir. Belə olduğu halda əlbəttə, insanlar arasında narahatçılıqların, psixoloji problemlərin artması baş verir.

Ona görə də insanların maariflənməsi lazımdır. Həbsdə olan biri bilir ki, ömürlük cəza çəkməlidir və ölənə qədər burda yaşayacaq. Ancaq intihar eləmir, fikirləşir ki, birdən çıxa bilərəm. İnsanın yaşam stimulu olmalıdır, bu, insanın içindən gəlməlidir. Çalışmalıyıq ki, insanlarda bu stimulu formalaşdıraq”.

"Ölkəmizdə "Ailə psixoloqu” anlayışının formalaşması nə dərəcədə mümkündür” sualına gəlincə, E.Rüstəmov bildirib ki, hazırda Azərbaycanda bu anlayış yetəri qədər olmasa da, qismən mövcuddur: 

"Bu gün ailə psixoloquna müraciət edənlər var. Ailə psixoloqu anlayışı maariflənmə nəticəsində zamanla formalaşacaq. Burada KİV-lərin xidməti danılmazdır. Psixoloqlarla bağlı insanların maariflənməsində mətbuatın rolu danılmazdır. Adi boşanmalarla bağlı nə qədər müraciətlər olunub və daha sonra boşanmadan vaz keçiblər, ailə yenidən bir yerə gəlib. Boşanmaq istəyən insanlara psixoloji dəstək göstərilsə, onların 40-50 faizi boşanmadan vaz keçəcək. Məsələn, elə ailələr var ki, heç nədən - qayınanası ilə yola getmir və boşanır. Belələrinə dəstək göstərən kimi onlar yenidən bir yerə gəlirlər və həyatlarını davam edirlər. Ona görə də insanlarda psixoloji narahatçılıq varsa, onlar psixoloqa müraciət etməlidir”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2017-11-22