2017-10-18 02:41:36   |   312 dəfə oxunub

Müstəqil Azərbaycan mediasının inkişaf dövrü...

Bu illərdə nəşr olunan qəzetlər yeni jurnalist nəslinin yetişməsində əvəzsiz rol oynadı



1990-cı illərin əvvəllərində yeni qəzetlərin nəşri prosesi həyata keçirildi və bununla da jurnalistikada keçid mərhələsi başladı. Müstəqillik ideyalarını təbliğ edən, milli oyanış, özünüdərk prosesinin əsas faktoru olan Azərbaycan mediası bu vaxtdan etibarən Qərbin söykəndiyi və təcrübədə istifadə etdiyi modellərdən yararlanmağa çalışdı. Təbii ki, mətbuatın yeni inkişaf istiqamətlərinin həyata keçirilməsi, mətbuatın bazar münasibətlərinə hazırlanması Azərbaycan jurnalistlərinə asan başa gəlmədi.

Sovet idarəçilik sistemindən sonra mətbuat haqqında formalaşan stereotiplərin aradan qaldırılması, söz azadlığından sui-istifadə hallarının çoxalması bütövlükdə cəmiyyətin müəyyən hissəsində narazılıq yaratsa da, müstəqil qəzetçiliyə keçidin dönməz proses olduğu fakt olaraq qaldı. Sivil inkişaf yolu seçən, insan hüquq və azadlıqlarını əsas prioritet hesab edən dəyərlərin Azərbaycanda yenidən formalaşması xeyli çətinliklərlə başa gəldi. Xarici mətbuatın biznes ənənəsi bizə çox yad idi. Qeyri-leqal nəşrlərin meydanlarda pərakəndə satışından əldə olunan vəsait mətbuatın bazar münasibətlərinə hazırlanmasına bir işarə oldu. 

Bəhs etdiyimiz dövr mətbuat tarixi üzrə tədqiqatçı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının "Azərbaycan mətbuatı tarixi” (1920-1990) adlı əsərində geniş işıqlandırılıb. Müəllif kitabında qeyd edib ki, Azərbaycan sovet mətbuatının flaqmanı olan qəzetlər partiya və dövlətin inhisarından tədricən uzaqlaşmağa başlamışdı:

"Kommunist” qəzeti "Xalq”a, "Sovet kəndi” əvvəl "Bərəkət”ə, sonra "Həyat”a çevrildi. Lakin 1994-cü ildə 75 illik yubileyini qeyd edən "Xalq qəzeti” gündəlik nəşrdən həftəlik nəşrə keçdi, iqtisadi çətinliklərlə üzləşdi. Qəzeti yubiley münasibəti ilə təbrik edən yazıçı Anar "Ötən illərin ibrət dərsi” məqaləsində bu barədə yazırdı: "Xalq qəzeti”ndən, yəni son illər bu adla çıxan qəzetdən heç bir giley-güzarım, şikayətim yoxdur. Haray-qışqırıqdan, ucuz sensasiyaçılıqdan, hərzə söhbətlərdən uzaq təmkinli mövqeyi, bir çox məqamlarda cəsarətli çıxışları hörmətə layiqdir. Amma "Xalq qəzeti” 75 illiyini qeyd edirsə, deməli o, bir növ özünü "Kommunist”in varisi sayır”. Qəzetin keçib-gəldiyi tarixi yolu öz təhlil süzgəcindən keçirən Anar öz "umu-küsülərini” də gəzlətmir və "Xalq qəzeti”nə keçmiş "Kommunist”in səhvlərindən ibrət götürməyi, işıqlı, xeyirli, gərəkli irsini davam etdirməyi arzulayır: "Əgər müəyyən dövrdə canlı tarix təhrif olunmuş şəkildə təqdim olunubsa, bu özü bir tarixdir. Yəni bir də belə "tarixin” təkrar edilməməsi üçün ibrət dərsidir”. 1994-cü il avqustun 29-da A.M.Şərifzadə adına Aktyorlar Evində "Xalq qəzeti”nin 75 illik yubileyi qeyd olundu. Qəzetin baş redaktoru Tofiq Rüstəmov həmin vaxt qəzetlərə verdiyi müsahibədə "Xalq qəzeti”nin "Kommunist”in varisi olduğunu söyləyərək, keçilib-gələn yola nəzər salırdı. "Kommunistdən xalqa doğru” müsahibəsində T.Rüstəmov cəmi üç yaşı olan "Xalq qəzeti”nin üzləşdiyi maddi çətinlikdən danışır, hər gecənin bir gündüzü olduğunu vurğulayırdı: "Köhnə "Kommunist” gündəlik qəzet idi. Onun komplektlərini vərəqləyən hər kəs görə bilər ki, on illər ərzində qəzet həm konkret ədəbi-bədii nümunələrin, həm də ədəbi-tənqidi materialların kütləvi oxucuya çatdırılmasında az iş görməyib. Əlbəttə, həmin dövrlərdə bütövlükdə ədəbi-bədii yaradıcılıqda olduğu kimi, jurnalistika sahəsində də kommunist partiyalılığı prinsipləri hakim idi. Heç kəs həmin prinsiplərdən kənara çıxa bilməzdi. Partiya, dövlət və hökumət orqanı kimi "Kommunist” də mətbuat sahəsində bu prinsiplərə əməl edirdi”.

A.Aşırlı əsərində bildirib ki, 1988-ci ilin sonlarından sonra nəşr olunan mətbu orqanlar yüksək tirajla oxuculara çatdırılırdı: "Azərbaycan”, "Ədalət”, "Azad söz”, "Müxalifət”, "7 gün”, "Millət” kimi ictimai-siyasi qəzetlər yeni jurnalist nəslinin yetişməsində əvəzsiz rol oynadılar. Bu qəzetlər təkcə məzmununa, ideya-siyasi istiqamətlərinə görə deyil, həm də tərtibatına görə seçilirdi. Müstəqillik ərəfəsində Azərbaycan parlamentinə keçirilən seçkilərdə 40-dan artıq deputat mandatı əldə edən müxalifətin fəallığı, Dağlıq Qarabağda başlanan erməni separatizmi, döyüş bölgələrində vəziyyət o dövr qəzetlərinin əsas diqqət mərkəzində idi. Gərgin ictimai-siyasi vəziyyətin hökm sürdüyü bir vaxtda həqiqətləri açıq şəkildə xalqa çatdıran qəzetlər əsl "bum” dövrünü yaşayırdı. Demək olar ki, hər gün yeni qəzetlər köşklərdə görünürdü. Hərbi və siyasi senzuranın olmasına baxmayaraq, ölkənin ictimai-siyasi vəziyyəti, Ermənistanın Azərbaycana qarşı apardığı müharibənin geniş təfsilatı analitik yazılarla oxuculara çatdırılırdı. 1992-ci ildə "Kütləvi İnformasiya Vasitələri haqqında” qanun qəbul olundu. Rəsmi informasiya agentliyi "AzərTAC”a alternativ olaraq "Turan”, "Şərq”, "ASSA İradə” agentliyi yaradıldı. Mətbuatda peşəkarlığın yetərincə olmaması etik ölçülərin qorunmamasına gətirib çıxarırdı ki, bu da ictimaiyyət arasında müsbət qiymətləndirilmirdi. İşin peşəkar səviyyədə təşkilində problemlər yaşansa da, müstəqil Azərbaycan qəzetçiliyinin ən yaxşı nümunələri yarandı”.

Araşdırmaçı kitabında vurğulayıb ki, 1993-cü ildən başlayaraq ölkəmizin ictimai-siyasi həyatında sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizliyinin və qanunçuluğun təmin edilməsi, sosial-iqtisadi problemlərin həlli üzrə ciddi addımların atılması nəticəsində mətbuatın fəaliyyətində söz, fikir və məlumat azadlığının qorunması sahəsində əsaslı irəliləyişlər əldə edildi: 
"Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələr aradan qaldırıldı, qanunvericilik bazası təkmilləşdirildi. KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Vətəndaş cəmiyyəti quruculuğunu özünün çağdaş inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası, insan hüquqları, söz və mətbuat azadlığının mövcud olması ilə bağlı bir sıra konvensiya və sazişlərə qoşuldu. Müstəqil Kütləvi İnformasiya Vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün mükəmməl qanunvericilik bazası yaradıldı. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” avqust 1998-ci il tarixli fərmanı KİV-in sərbəst inkişafı, cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən gücə çevrilməsində mühüm addım oldu. Bu fərmanla Nazirlər Kabineti Yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirri İdarəsi ləğv edildi. Hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli prezident fərmanı və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş elan edildi. 1992-ci ildə qəbul edilən "Kütləvi İnformasiya Vasitələri haqqında” qanun yenidən işlənildi. Mətbuatın fəaliyyəti üçün əlverişli mühitin formalaşması istiqamətində mühüm addımlar atıldı. 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında” qanun qəbul edildi. Bu, KİV-in istehsal və yayımının bütün məsələlərini demokratik şəkildə tənzimləyən hüquqi sənəddir.

Keçid dövrünün tələblərindən doğan ciddi maliyyə böhranı keçirən mətbuata kömək məqsədilə bir sıra addımlar atıldı. 2000-ci il martın 6-da Azərbaycan Prezidentinin sərəncamı ilə "2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər proqramı” təsdiq olundu. Ölkəmizdə KİV sahəsində dövlət siyasəti xalqın maariflənməsində, vətəndaş cəmiyyətinin bilgiləndirilməsində, cəmiyyəti quruculuğunda KİV-in əsas vasitəyə çevrilməsinə, demokratiya, aşkarlıq və ədalətin təntənəsinə xidmət etməyə yönəldildi”.

 Müəllif bəyan edib ki, 2003-cü ildə Prezident seçilən İlham Əliyev də ənənələrə sadiq qalaraq medianın inkişafı ilə bağlı bütün məsələləri diqqətdə saxlayaraq, onun yeni inkişaf strategiyasını müəyyənləşdirdi: 

"2005-ci il iyun ayının 20-də Azərbaycan Milli Mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalandı. Sərəncama görə, bu yubiley ölkə miqyasında təntənə ilə qeyd edildi, mətbuat işçilərinin xidmətləri dövlət səviyyəsində qiymətləndirildi. Azərbaycan jurnalistlərinin 64 nəfəri "Tərəqqi” medalı ilə mükafatlandırıldı, 37 nəfər "Respublikanın Əməkdar jurnalisti”, 27 nəfər isə "Əməkdar mədəniyyət işçisi” adına layiq görüldü. Yubiley tədbirində çıxış edən Prezident İlham Əliyev Azərbaycan mətbuatının keçib-gəldiyi tarixi yola nəzər salaraq sovet dönəmində mətbuatın fəaliyyəti ilə bağlı fikirlərini açıqladı: "Təbii ki, dövrün ideoloji çərçivələri imkan vermirdi ki, sovet Azərbaycanında söz azadlığı tam bərqərar olsun. İdeoloji çərçivələr imkan vermirdi ki, mətbuat hərtərəfli inkişaf etsin. Totalitar dövlətin əlamətlərindən biri də söz azadlığının mövcud olmamasıdır. Amma buna baxmayaraq, o illər ərzində bizim jurnalistikamız və jurnalistlərimiz çox səmərəli işləyiblər. Bilirsiniz, hər bir ideoloji çərçivəni tətbiq etmək olar, əgər istedad varsa, o, özünü göstərəcək... 1970-ci illərdə Azərbaycan mətbuatında çox cəsarətli yazılar, məqalələr dərc olunurdu. Bəzi hallarda bu yazılar Sovet İttifaqı rəhbərliyi tərəfindən böyük tənqidlə qarşılanırdı”.

2003-cü ilin 15 martında Azərbaycan jurnalistləri könüllü prinsiplər əsasında özünü tənzimləmə mexanizmi olan Azərbaycan Mətbuat Şurasını yaratdılar. 
Gəlir əldə etməyi fəaliyyətinin əsas məqsədi kimi nəzərdə tutmayan qeyri-hökumət təşkilatı olan Mətbuat Şurası Azərbaycan mətbuatının keyfiyyətinin artırılması və söz azadlığının jurnalist standartlarına uyğun olaraq qorunmasını öz üzərinə götürdü. Əflatun Amaşov qurumun ilk sədri seçildi. Mətbuatın özünütənzimləmə mexanizmlərinin formalaşması media-hakimiyyət, media-cəmiyyət münasibətlərinin müsbət istiqamətdə formalaşmasına yardım etdi. Yeni internet-media sistemi formalaşdı, qəzetlərin elektron versiyaları hazırlandı. "Turan”, "Trend” və APA informasiya agentlikləri Azərbaycan həyatının müxtəlif sahələri ilə bağlı xəbəri beynəlxalq aləmə çıxardı. Onlarla jurnalist təşkilatları yaradıldı və bu proses indi də davam etdirilir. Bu gün Azərbaycan mətbuatı problemlərlə üz-üzə olsa da, özünün yeni inkişaf dövrünü yaşayır.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2017-11-22