2017-11-13 17:54:31   |   165 dəfə oxunub

Qarabağa gedən Türkiyə vətəndaşlarına cinayət işi açılıb



Bu ilin sentybarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Türkiyə vətəndaşlarına qarşı Türkiyədə cinayət işi qaldırılıb. Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, Türkiyə vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlunun işğalçı Ermənistanın nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etdiyinə görə cəzalandırılması istiqamətində qardaş ölkədə ilkin hüquqi addım atılıb.
Sayt qeyd edir ki, bu şəxslərin Azərbaycana qarşı həqarəti ölkəmizdə olduğu kimi, qardaş Türkiyədə də kəskin etirazlara səbəb olmuşdu. Ayri-ayrı ictimai, siyasi xadimlər Azərbaycanı üzən bu addımı lənətləmişdilər və bu davada Ermənistanın yanında yer alan 4 yazarın beynəlxalq hüquqa, Azərbaycan qanunlarına, həmçinin Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə zidd olan addımına qiymət verilməsini zəruri saymışdılar. Azərbaycanda da 4 xainin cəzalandırılması istiqamətində hüquqi prosedurların həyata keçirilməsi üçün çoxsaylı çağırışlar və etirazlar səslənmişdi, qardaş ölkə hakimiyyətinə müraciətlər edilmişdi. Hesab olunurdu ki, Türkiyə dövləti Azərbaycanın ərazi bütövlüyünü kobud şəkildə pozan vətəndaşlarını cəzalandırmasa, bu, ən azı anlaşılan olmaz. Çünki Türkiyə o dövlətdir ki, Azərbaycanın Kəlbəcər rayonu işğal olunandan sonrakı 24 il ərzində Ermənistanın üzünə sərhədlərini qapayıb. İndi 4 Türkiyə vətəndaşının Ermənistanı yolu ilə Qarabağa gəlməsi, qayıdandan sonra ermənilərin menyusuna uyğun açıqlamalarla çıxış edib özlərinə bəraət qazandırmaları cavabsız qalmamalı idi. Elə "Yeni Müsavat” son sayında Azərbaycanın müvafiq qurumlarının növbəti dəfə Türkiyə dövlətinə müraciət etməsi, xainlərin cəzalandırılmasını israrla tələb edən deputat və ziyalılarımızın fikirlərini ictimailəşdirmişdi. Görünür, qardaş Türkiyə dövləti Azərbaycanın ictimai rəyini də nəzərə alaraq, ölkədəki digər ermənipərəstlərə dərs olacaq addımı atıb.
Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Azərbaycanda hələ sentyabr ayında cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 22 sentyabr 2017-ci il tarixdə Türkiyə Respublikasının vətəndaşları Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Ermənistan Respublikasında və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə qabaqcadan əlbir olub Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə qanunsuz gəlmələrinə əsaslı şübhələr olduğundan 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb.
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Bildirilirdi ki, həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq mühafizə orqanlarına müraciət edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Türkiyədəki mənbəmizdən yeni məlumatlar əldə etdikcə, oxucularımızı məlumatlandıracağıq.






SON XƏBƏRLƏR

2017-11-22