2017-11-14 00:53:06   |   186 dəfə oxunub

“Enerjinin qiymətləri bahadır, vətəndaşlar əziyyət çəkir”

Millət vəkilləri hesab edir ki, ciddi islahatlar aparılmalıdır

Hikmət Babaoğlu KİV-ə ayrılan maliyyə vəsaitlərinin artırılmasını vurğulayıb


Ötən gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinə daxil olan qanun layihəsi müzakirə edilib.

Parlamentin vitse-spikeri, İnsan haqları komitəsinin sədri Bahar Muradova deyib ki, 2018-ci il büdcəsi hazırlanan zaman hər hansı qaranlıq məqamlara yer qoyulmayıb. Komitə sədrinin bildirdiyinə görə, 2018-ci ilin büdcə zərfi 2016-2017-ci ilin inkişaf istiqamətləri, beynəlxalq miqyasdakı risklər nəzərə alınaraq hazırlanıb: "Büdcə zərfi respublikanın regionlarının tarazlıq inkişafı və yerli potensialı nəzərə alanaraq hazırlanıb”.

Növbəti il 33 rayon büdcəsini öz gəlirləri hesabına formalaşdıracaq

Vitse-spiker deyib ki, növbəti ildə 33 rayonun büdcəsini öz gəlirləri hesabına formalaşdırması nəzərdə tutulur: "Bu da onu göstərir ki, iqtisadi sahədə qarşımıza qoyduğumuz hədəflərə addım-addım nail olmağa çalışırıq. Büdcə zərfi hazırlanarkən əsas prioritet kimi insan kapitalı götürülüb və bununla bağlı məsələlər büdcədə konkret göstərilib. Bu da 2018-ci il büdcəsinin sosialyönümlü olmasının göstəricisidir.

Xanım deputat həmçinin Bakı-Tbilisi-Qars layihəsinin istismara verilməsindən danışaraq, bunun ölkəmiz üçün böyük əhəmiyyəti olduğunu söyləyib: "Həmçinin bu layihəni ölkəmizin beynəlxalq aləmdə siyasi mövqeyinin möhkəmlənməsi kimi qiymətləndirirəm. Büdcə zərfində gəlirlərin və xərclərin 2017-ci illə müqayisədə artırılması da çox mühüm məqamlardandır. Bunu xüsusilə vurğulamaq istərdim”.

"Mətbuata ayrılan maliyyə yetərincə deyil”

İclasda Azərbaycan mətbuatına dövlət büdcəsindən maliyyənin artırılması təklif edilib. Millət vəkili Hikmət Babaoğlu deyib ki, informasiya təhlükəsizliyinin təminatında, kütləvi informasiya vasitələrinin rolu böyükdür: "Bu səbəbdən kütləvi informasiya vasitələrinə maliyyə vəsaitlərinin artırılmasına ehtiyac var. Azərbaycanda çap mediasının saxlanmasına, bu sahənin inkişaf etdirilməsinə görə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna dövlət tərəfindən maliyyə vəsaiti ayrılır. Hesab edirəm ki, gələn il üçün KİVDF-yə ayrılan vəsait yetərincə deyil. Ölkə mediasının daha da inkişaf etdirilməsi məqsədi ilə Fonda ayrılan vəsait artırılmalıdır. Hökumətdən bu məsələyə baxılmasını xahiş edirəm”.

Deputat həmçinin ali təhsil müəssisələrində təhsil alan fiziki qüsurlu şəxslərin övladlarının təhsil haqqından azad edilməsi və ya digər güzəştlərin tətbiqini də təklif edib. O bildirib ki, sosial evlərin tikintisinə maliyyə vəsaitlərinin ayrılması böyük təşəbbüsdür: "Azərbaycanda aztəminatlı ailələrin, müharibə veteranlarının və valideynləri sağ olan qaçqın uşaqların təhsil haqqından azad edilməsinə də böyük ehtiyac var. Onsuz da belə insanların sayı o qədər də çox deyil”.

"İdman obyektlərinin inşası yox, qəzalı evlərdə şəraitin yaxşılaşdırılması prioritet olmalıdır”

"Hazırda ölkədə 4,6 min qaçqın və məcburi köçkün ailəsi qəzalı evlərdə yaşayır. 2018-ci ilin büdcə layihəsində onlar üçün 200 milyon manat Dövlət Neft Fondundan vəsait ayrılması nəzərdə tutulub. Həmçinin 42 milyon manat xarici kreditlər hesabına ayrılacaq. 42 milyon manat xarici krediti kim götürəcək, bu necə götürüləcək? Bu haqda məlumat verilməlidir”.

Bu sözləri isə müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.

Deputat hesab edir ki, prioritet sahə yeni idman obyektləri olmalı deyil: "Yeni idman obyektlərinin tikintisi və yarımçıq qalanlarda tikintinin tamamlanması üçün gələn ilin büdcəsindən 244 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

İdman obyektlərinin tikintisi hökumət üçün prioritet olmamalıdır. Prioritet 25 ildən artıq bir müddətdə dözülməz şəraitdə yaşayanlar üçün şərait yaratmaq olmalıdır. Bu məsələyə baxmaq əvəzinə, idman obyektlərinin inşasına və təmirinə 244 milyon manat vəsaitin ayrılması absurddur”.

"Avropa ölkələrində dövlət hər ay uşağa 100 avro pul verir”

Millət vəkili bununla yanaşı, uşaqlar üçün müavinətlərin artırılmasının vacibliyinə toxunub: "Avropa ölkələrində dövlət hər ay uşağa 100 avro pul verir. Heç olmasa işsiz valideynlərin uşaqlarına müavinətlər artırılmalıdır. Hazırda ölkədə bir uşaq doğumu 500-1000 manata başa gəlir. Heç olmasa, onlar üçün birdəfəlik müavinət ayrılmasını nəzərə almalıyıq”.

Hakimlərin sayının 2 dəfə artırılmalı olduğunu deyən Q.Həsənquliyev vurğulayıb ki, hazırda ölkədə 555 hakim ştatı var ki, onlardan 49-u vakansiyadır: "Azərbaycanda min nəfərə düşən hakim sayı Avropa ölkələrindən çox geri qalır. Hakimlərin sayı 2 dəfə artırılmalıdır, bunun üçün də vəsait ayrılmalıdır. Başqa sahələrdən vəsaiti kəsmək olar. İdman obyektlərinin tikintisini təxirə salmaq olar. Həmçinin yeni səhiyyə və təhsil obyektlərinin tikintisinə büdcədən vəsait ayırmaq əvəzinə, bu obyektlərin özəlləşdirilməsi daha məqsədəuyğundur”.

"Ciddi islahatlar aparmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq”

"Azərişıq” ASC və "Azəristiliktəchizat” ASC-nin özəlləşdirilməsini təklif edən millət vəkili bildirib ki, bu qurumlar dərhal özəlləşdirilməsə, problemlər nəinki həll olunacaq, əksinə, dərinləşəcək: "Əhalisinin sayı Azərbaycanın yarısı qədər olan Norveçin büdcəsi 221 milyard dollardır. Bu ölkənin Neft Fondunun vəsaitləri 1 trilyon dollara çatıb. Yəni biz bu cür ölkələrdən nümunə götürməliyik. Bizim büdcənin həcminə baxanda, hər şey aydın olur. Bizdə qeyri-neft sektoru üzrə hüquqi şəxslərin mənfəət vergisi 1,5 milyard dollardır. Bu, bizim iqtisadiyyatımızın real gücü haqqında məlumat verir. Ciddi islahatlar aparmasaq, radikal addımlar atmasaq, vəziyyəti dəyişmək mümkün olmayacaq. İqtisadiyyatın həcmi azdır, ona görə də qeyri-neft sektorunda 2,4 faiz artım olanda, sevinirik. Axı bu rəqəm iqtisadiyyatın sürətli inkişafını təmin etmir”.

"Bizim hökumətimizin büdcə siyasəti nədən ibarətdir?

Mən neçə zamandır ki,bu suala cavab axtarıram”

Müzakirə zamanı deputat Tahir Kərimli deyib, ki, 2018-ci ildə büdcədə neftin qiymətinin 45 dollardan hesablanması, onun üçün qaranlıq qalıb: "Bizim hökumətimizin büdcə siyasəti nədən ibarətdir? Mən neçə zamandır ki, bu suala cavab axtarıram. Aydın olur ki, yığcamlaşdırma siyasətidir. Nəyin bahasına olursa olsun, büdcə yığcamlaşdırılsın. Heç vaxt büdcə kəsirlərindən qorxmaq lazım deyil. Nəyə görə bunu başqa dövlətlər etdiyi halda biz etmirik? Neftin qiyməti 65 dollar olduğu halda, niyə 45 dollardan hesablanmalıdır? Biz bundan qorxmamalıyıq. Beynəlxalq təşkilatların əksəriyyəti neftin qiymətini 50 dollardan hesablayırlarsa, niyə biz neftin qiymətini 45 dollardan götürürük?”.

Deputat bildirib ki, büdcə kəsirindən qorxmaq lazım deyil: "Bunu iqtisadçılar da deyirlər. Əgər biz büdcə kəsirindən qorxmasaq, bizim pulumuz olar. Hər il Neft Fondundan büdcəyə transfertlər azalır. Dövlət Neft Fondunun büdcəsi artırsa, büdcəyə transfertlər niyə azalır? Mən Dövlət Neft Fondunun büdcəsinin artımlarını onların tərtib etdiyi statistikaya əsasən deyirəm”.

T.Kərimli eyni zamanda siyasi təşkilatlara maliyyənin artırılmasını istəyib: "Hər il bir sıra sahələrə 10-20 faiz artım olur. Amma 10 ildən çoxdur ki, Azərbaycanda siyasi partiyalara ayrılan vəsait artırılmır. Milli Məclisdə təmsil olunan siyasi partiyaya il ərzində 100 minə yaxın vəsait ayrılır. Bu da aya, təxminən, 8 min manat edir. Respublikanın 80-dan çox rayonu varsa və həmin siyasi partiyaların bölgələrdə strukturları olmalıdırsa, onda 8 min pulla bunları necə saxlamaq olar? Hesab edirəm ki, bu məsələyə baxılmalıdır”.

"Rasim Balayev iki dərmandan birini alır, ikincisini ala bilmir”

"Mütəmadi olaraq hansısa bankın sağlamlaşdırılmasından söhbət gedir. Təbii ki, bu da olmalıdır, olsun. Bəs vətəndaşın sağlamlaşdırılması istiqamətində büdcədən nə qədər vəsait ayrılır? Məncə, rəqəm çox azdır” .

Bunu isə deputat Fazil Mustafa söyləyib. Millət vəkili vurğulayıb ki, bu gün Prezident təqaüdçüsü olan tanınmış aktyor Rasim Balayev iki dərmandan birini alır, ikincisini ala bilmir: "Bu artıq vətəndaşın sağlamlaşdırılması baxımından vəziyyəti izah edir. Kino pul gətirən sahədir. Kinoya ayrılan 1 milyon yarım vəsaitlə hansı büdcəyə gəlir gətirmək olar? Gürcüstan bu gün büdcəsini turizmdən və kinodan qazanır. Büdcənin gəlirləri aşağıdır. Xaricdə təhsil almaqla bağlı məsələni bağladılar. İstedadlı gənclərin xaricdə təhsil almasına kömək edilməlidir. Tanınmış dahilərin bir yerdə muzeyi yaradılmalıdır ki, onların əsərləri itib batmasın. Regionlar artıq dotasiyadan qurtarılmalıdır. Enerjinin qiymətləri bahadır, vətəndaş da bundan əziyyət çəkir. Onkoloji xəstələrin sayı çoxdur. Baxsanız, hamısı yoxsul ailələrdir. Onların müalicəsinə kömək edilməlidir. Problemlər demək olar ki, həddindən artıqdır. Bunlar isə həll edilməlidir”.

Millət vəkili icra hakimiyyətlərini qınadı: "Bələdiyyələrə imkan vermirlər”

Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə isə iclasda icra hakimiyyətlərini günahlandırıb. O deyib ki, yerli icra hakimiyyəti orqanları bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır, imkan vermirlər: "Bu il bələdiyyələrə subvensiya ayrılması məsələsi hələ də öz həllini tapmayıb. Təklif edirəm ki, bələdiyyələrə ayrılan vəsaitin bir hissəsi subvensiya şəklində olsun. Bunun mahiyyəti odur ki, bələdiyyə konkret müvafiq layihəni icra edir. Məsələn, gələn il bələdiyyələrə 5,2 milyon manat ayrılıb. Olmazdı ki, bu, subvensiya formasında ayrılsın?”.

Millət vəkili bildirib ki, 2016-cı ildə bələdiyyələr tərəfindən 30 layihə hazırlansa da, heç biri keçməyib: "2018-ci ildə isə ümumiyyətlə bələdiyyələrin layihəsi barədə heç nə əksini tapmayıb. Bu laqeydlikdirmi? Bu nə deməkdir?”.

Komitə sədri hökumət tərəfindən bu məsələlərə aydınlıq gətirilməsini tələb edib.

"Yazıçıların çoxlarının mənzili az qala başlarına uçur”

Xanım millət vəkili Elmira Axundova isə mədəniyyət sahəsi üçün büdcədə nəzərdə tutulan 304 milyonluq vəsaitin yetərli olmadığını vurğulayıb. Deputat deyib ki, düzdür, bu boşluğu Heydər Əliyev Fondunun təşkil etdiyi kulturoloji aksiyalar doldura bilir: "Bu Fond, Azərbaycanın birinci vitse-preidenti, hörmətli Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində mədəniyyət sahəsi ilə bağlı mühüm tədbirlər, aksiyalar keçirilir. Yəni, büdcədə mədəniyyət sahəsinə artırılan vəsait yetərli olmasa da, bu sahənin inkişafına diqqət göz önündədir. Amma bu gün 2500-dən artıq üzvü olan Azərbaycan Yazıçılar Birliyinin (AJB) üzvlərinin böyük əksəriyyətinin maddi durumu ürəkaçan deyil. Çoxlarının az qala yaşadığı mənzillər başlarına uçur, mənzil şəraitləri çox bərbaddır. Onu da nəzərə alaq ki, yazıçıların böyük əksəriyyəti işləmir, onlar yazıb-pozurlar, yaradıcı fəaliyyətlə məşğul olurlar. Ona görə də onların öz maddi-sosial durumlarını, mənzil şəraitlərini yaxşılaşdırması mümkün deyil. Bu baxımdan, büdcədə bu sahənin insanlarına ayrıca vəsait nəzərdə tutulmalıdır. Bu, elə də böyük vəsiat təşkil etmir. İnanın, ədəbiyyata, yaradıcı insanlara, yazıçı və şairlərə ayrılan, yönəldilən vəsait itmir, batmır, o, geri qayıdır, Azərbaycan dövlətinin mədəniyyətinin inkişafına, tanıdılması işinə xidmət edir. Odur ki, bu məqama daha ciddi diqqət yetirmək lazımdır”.

Gələn ilin büdcəsi parlamentdə 3 gün müzakirə olunacaq

Müzakirələrdə iştirak edən dövlət rəsmiləri deputatların bəzi təkliflərinə münasibət bildiriblər.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib ki, 2018-ci ilin dövlət büdcəsində proqnozlar müxtəlif variantlarda hazırlanıb və təhlil edilib: "Neftin bir barelinin qiyməti ilə bağlı pessimist, optimist və baza variantı hazırlanıb. Məsələn, neftin qiyməti ilə bağlı ən aşağı variant 30 dollar səviyyəsində götürülüb. Optimist variant kimi 1 barelinin 50 dollar ilə təhlilləri və proqnozları aparılıb. Makroiqtisadi çərçivənin hazırlanması üçün Nazirlər Kabineti tərəfindən bütün iqtisadi qurumların iştirakı ilə yaradılmış komissiyada bu variantları müzakirə etmişik və Azərbaycan üçün ən optimal variantı təqdim etmişik”.

Nazir müavini həmçinin qeyd edib ki, qeyri-neft sənayesi 2018-ci ildə 7,8 faiz artacaq: "Gələn il aqrar sektorun artımı 6,2 faiz olacaq. Bu sektor növbəti 3 ildə orta hesabla hər il 6 faiz artacaq”.

"Azərbaycanın turizm potensialı dünyanın tanınmış telekanallarında təbliğ ediləcək”. Bunu isə maliyyə nazirinin müavini Azər Bayramov deyib. Onun sözlərinə görə, bu məqsədlə 2018-ci il büdcəsində 3,5 milyon manat vəsait ayrılıb: "Bu vəsait hesabına dünyada tanınmış telekanallarda Azərbaycanın turizm potensialı təbliğ olunacaq. Növbəti ildə sosial mənzillərin tikintisinə vəsait 66,7 faiz artırılıb. Belə ki, 2018-ci ildə sosial mənzillərin tikintisinə 250 milyon manat ayrılması proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 100 milyon manat, faizlə müqayisədə isə 66,7 faiz çoxdur”.

Müzakirələrdən sonra 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələri parlamentin bütün komitələri tərəfindən qəbul olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub. Noyabrın 21, 22 və 23-də parlamentin plenar iclasında büdcə zərfi müzakirəyə çıxarılacaq.

Anar Bayramoğlu







SON XƏBƏRLƏR

2017-11-22