2017-11-22 13:31:31   |   644 dəfə oxunub

"Körpəsini küçəyə atan "ana" belə cəzalandırılmalıdır" - Deputatdan hiddət dolu açıqlama





"Hüquq-mühafizə orqanları körpəsini küçəyə atan ananı tapmalı, o qadın analıq hüququndan məhrum edilməlidir”.


Bunu "Sherg.az”a ötənlərdə yeni doğulan körpinin küçəyə atılmasından danışarkən millət vəkili Tahir Kərimli söyləyib. Deputatın sözlərinə görə, qadın öz övladına, insana qarşı amansız rəftarına görə, mühakimə olunmalıdır:

"O, cəzaçəkmə yerində işlədilməli, aldığı əməkhaqqıdan tutulub, 18 yaşına qədər həmin körpəyə yardım kəsilməlidir. Çünki bəziləri düşünür ki, alimenti ancaq ata verməlidir. Ana da aliment verir, bu, istisna deyil. Körpəsini küçəyə atan "ana" bu şəkildə cəzalandırılmalıdır.

Belə "ana”lar ictimaiyyət qarşısında haqlı olaraq, nüfuzdan düşməlidir. Bu cür hallarda effektiv cəza tətbiq etməyimiz başqalarına dərs olmalıdır. Analıq müqəddəsdir, lakin qadın bunu tapdalayırsa, o həddi keçirsə, başqasına ərə getmək, əxlaqsız həyatına davam etmək bəhanələri ilə insana qıymaq olmaz. Həmin atılan körpə tapılmaya bilərdi, ölərdi.

İctimai qınaq önəmlidir. Təəssüf ki, son zamanlar cəmiyyətdə maddi münasibətlər mənəvi münasibətlərdən önə keçib. İnsanlar kapitalizm dedikdə ancaq pul, pul qazanmaq yolu başa düşürlər. Ailələr təmiz, pak sevgi ilə, insanların qarşılıqlı hörməti, etimadı ilə qurulmur. İndi açıq şəkildə Avropasayağı evlənmək, nikahdan kənar yaşamaq, ürəyi istəyəndə nikah bağlamaq halları artıb. Bunlar Azərbaycanda ailə modelini dağıdır. Ailə cəmiyyətin ilk "kərpicidir”. Qarşılıqlı razılıqla övlad dünyaya gətirilməli, ailə möhkəmlənməlidir.

Başa düşmək lazımdır ki, qadınların əməllərinə görə, kişilər də məsuliyyət daşıyır. Kişilər rəhbər işlərdə daha çox təmsil olunur. Bu, yalnız Azərbaycana aid deyil. Məsələn, Yaponiya kimi inkişaf etmiş ölkədə rəhbər işçilərin cəmi 18 faizi qadındır. Belə statistikalar digər ölkələrdə də var. Qadına ikinci dərəcədə baxdıqda, alət, əyləncə vasitəsi kimi yanaşdıqda o analıqdan çıxır. Təəssüf ki, qadınlar tora düşür, özlərini qoruya bilmir. Müvəqqəti həvəs nəticəsində qeyri-qanuni yaşayanlar artır. Bu da cəmiyyətə parçalayıcı təsir göstərir, mənəvi şkalanı aşağı salır. Təhsil müəssisələri, valideynlər, tibb ocaqları, cəmiyyət və hüquq-mühafizə orqanları bu məsələdə yekdil olmalıdır”.

T.Kərimli onu da əlavə edib ki, islam xalqlarının başında duran, böyük mədəniyyət yaradan xalqımız indi mən arzu etdiyim səviyyədə deyil:

"Qadınların və kişilərin bərabər şəkildə təhsil almaq hüququ var. Lakin qadınlar çox zaman lazımi işlərlə təmin olunmurlar. Bunlar mənfi tendensiyalar yaradır. Nəticədə kapitalizm mənfi tərəflərini görürük.

Karl Marks deyirdi ki, kapitalizm əxlaqsız cəmiyyətdir. Çünki müstəsna dərəcədə əxlaqsız olan pula söykənir. Hər şeyi belə pula bağlayanda sözsüz ki, əxlaqsızlıq, mənəviyyatsızlıq tüğyan edəcək. Ona görə, özümüzün ənənələrimizdən irəli gələn dəyərləri unutmamalıyıq. Ailənin möhkəmliyi bunlardan asılıdır.

Bəzən qadınlara başqa cür münasibət bəslənilir. Onları daha çox təşviq etmək lazımdır ki, qadınlar rəhbər strukturlarda da təmsil olunsunlar. Qərarverici orqanlarda onlara yer ayrılmalıdır.

Mən Milli Azadlıq Hərəkatında müşahidə etdim ki, Azərbaycanda iki ünsür mühüm rol oynadı. Birincisi, sakit hesab etdiyimiz qadınlarımız, ikincisi gənclərimiz. İnqilabı da, Xalq Hərəkatını da onlar etdi. Mən buna şahidəm”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2017-12-17
2017-12-16