2017-11-22 14:25:51   |   578 dəfə oxunub

"Anası yataq xəstəsi olan 6-cı sinif şagirdi ailə dolandırır" - Ağrılıdır

Günel Səfərova:"Devalvasiyalardan sonra ailələrin vəziyyəti daha da pisləşdiyindən valideynlər uşaqlara baxmaq gücünü itirir. Uşaq isə məcburən hansısa işlə məşğul olur"

"Bəziləri isə ailəsindən gizlədir. Ailə övladını məktəbdə bilir, amma uşaq işləyir"






"Əmək Məcəlləsinə görə, 16 yaşına qədər uşaqlar peşə, iş fəaliyyəti ilə məşğul ola bilməzlər”.

Bu barədə "Sherg.az”a uşaq əməyinin istismarından danışarkən "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birlyinin icraçı direktoru Günel Səfərova bildirib. O qeyd edib ki, uşaqlar əl işləri, şəxsi istedadları hesabına başa gələn işlərlə məşğul ola bilər:

"Bu halda həmin məhsulların satışı uşağın şəxsi inkişafına sərf olunur. Bir də var ki, uşağın əməyi istismar olunur. Böyüklər uşağı işlədib, onun gəlirindən faydalanırlar. Bu, qanunla qadağandır.

Uşaq əməyi istismarı elədir ki, bunun qarşısını almaq mümkünsüz olur. Məsələn, dünyada 2 milyona yaxın uşağın əməyi istismar olunur. Bu, çox böyük rəqəmdir. Həmin uşaqlar arasında narkotiklərin satışına, qanunsuz işlərə cəlb edilən uşaqlar da var. Bəzi hallarda valideynlər deyir ki, öz ailə təsərrüfatımdır, uşağımı işlədirəm. Bu, uşağın əməyinin istismarı deyil. Ailə təsərrüfatında uşaq o halda işləyə bilər ki, onun təhsili, istirahəti, digər hüquqları pozulmasın.

Çox rastlaşırıq ki, küçədə uşaqlar çalışır, maşınlarının pəncərələrini silir, salfet və s. şeylər satır. Bu halları polisə bildirsək belə uşağın küçədən yığışdırılması üçün işlək mexanizm yoxdur. Dəfələrlə olub ki, mən özüm də fərdi şəkildə müraciət etmişəm. Nəticədə 1-2 gün uşaq uzaqlaşdırılıb, sonradan yenə eyni fəaliyyətlə məşğul olub”.

Adətən belə uşaqların "küçə uşaqları” olduğunu qeyd edən G.Səfərova ailəsi olan uşaqların da bəzən işləmək məcburiyyətində qaldığını söyləyib. Təşkilat sədri  rastlaşdığı bir hadisəni də ərz edib:

"Nərimanov metrosunun yaxınlığında salfet satan bir uşağa rast gəlmişdim. 6-cı sinifdə oxuyurdu. Ona yaxınlaşdım və məni evinə aparmasını istədim. Uşaq 28 mayda köhnə həyət evlərinin birində yaşayırdı. Anası yataq xəstəsi idi və uşaqlarına baxa bilmirdi. Həqiqətən uşaq qardaşı ilə birlikdə ailənin yükünü öz çiyninə almışdı. Biz ailəyə ünvanlı sosial yardımın verilməsi, köməklik göstərilməsi məsələsinə diqqət etdik.

Həmin hadisədən sonra da mənə məlum oldu ki, ehtiyac səbəbindən işləməyə məcbur uşaqlar da var. Amma əksərən uşaqların əməyi istismar olunur. Konkret fikir vermək lazımdır ki, uşağın işləməyi onun təhsil, istirahət hüququna mane olur, yoxsa yox.

Biz evdə qız uşaqlarının çox işlədilməsi halları ilə rastlaşırıq. Ev işləri, kiçik yaşlı uşağa baxılması və s. Bunu ailələrdə müəyyən etmək çətindir ki, uşaqların təhsilinə maneə olur, yoxsa yox. Məhz bu halların müəyyən edilməsində sosial işçilər önəmlidir. Hazırda isə təəssüf ki, Azərbaycanda bu mexanizm yoxdur. Əməyi istismar olunan uşaqların sayı da artır. Devalvasiyalardan sonra ailələrin vəziyyəti daha da pisləşdiyindən valideynlər uşaqlara baxmaq gücünü itirir. Uşaq isə məcburən hansısa işlə məşğul olur. Bəziləri isə ailəsindən gizlədir. Ailə övladını məktəbdə bilir, amma uşaq işləyir.

Bütün bu problemləri həll etmək üçün ya Ailə, qadın və uşaq problemləri komitəsinin tərkibində, ya da İcra Hakimiyyətlərinin tərkibində sosial işçilər fəaliyyət göstərəcək. Qanunda valideyn məsuliyyətinin sərtləşməsi vacibdir. Bu İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənməməlidir. Övladının təhsilinə, inkişafına mane olan valideyn məsuliyyətə cəlb olunmalıdır”.

Qeyd edək ki, daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov ailədaxili münaqişələrdən əziyyət çəkən, özünü tam ifadə edə bilməyən uşaqların böyük şəhərlərə miqrasiya etdiyini vurğulayıb. Nazir müavininin sözlərinə görə, özlərini dolandıra biləcəyini hesab edən bu uşaqların əməyindən ayrı – ayrı istifadə edirlər.

Aysel Aslan







SON XƏBƏRLƏR

2017-12-17
2017-12-16