2017-11-22 17:13:05   |   1259 dəfə oxunub

"Londondakı səfirliyimizin binası üçün ayda 700 min funt sterlinq kirayə haqqı ödənilir"



"Vaxtında neft gəlirləri düzgün istiqamətləndirilmədi”.

Bu barədə "Sherg.az”a bəzi ölkələrdə səfirliklərin ixtisara salınması ilə bağlı təklifə münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib. 

Təşkilat sədrinin qənaətincə, neft gəlirlərinin yüksək oldğu dönəmdə Azərbaycanla əlaqələri belə olmayan dövlətlərdə səfirliklər açılıb:

"Həmin dövrdə dövlət orqanları şişirdildi, yersiz, paralel vəzifələr, dublikat strukturlar yaradıldı. İndi isə neft gəlirləri tükənib, dövlət büdcəsi böyük problem qarşısındadır. Büdcənin doldurulması məsələsində kəsr gözlənilir. Ona görə, hökumətin iki yolu qalıb. Birincisi, mütəmadi milli valyutanın dəyərinin aşağı salınması – devalvasiyadır. İkincisi isə iş yerlərinin bağlanması, süni, paralel idarələrin fəaliyyətinə son qoyulmasıdır.

Səfirliklərdə çox insan işləməsə də, onların saxlanması böyük xərc tələb edir. Məsələn, Londondakı Azərbaycan səfirliyinə yer alınmayıb, səfirliyin yerləşdiyi bina üçün ayda 700 min funt sterlinq kirayə haqqı ödənilir. Bu, Azərbaycan manatı ilə təxmini 2 milyona yaxın xərc deməkdir.

Həmçinin mətbuatda da zaman-zaman xəbərlər yer alır ki, xaricdəki səfirliklərdə korrupsiya faktları mövcuddur. Bunları nəzərə aldıqda görünür ki, səfirliklər həm də dövlət büdcəsinin dağıdılmasına səbəb olur. Məhz ona görə də səfirlikləri ixtisar etmək istəyir. Bu fikirlər Azərbaycanda iqtisadi böhranın olması ilə bağlıdır”.

Qeyd edək ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı bəzi səfirliklərin ləğvini təklif edib. O deyib ki, aidiyyəti qurumalar bəzən Azərbaycanın lazım olmayan yerində səfirliklərin fəaliyyətinə şərait yaradırlar, bəzən də lazım olan yerdə səfirlik olmur.

Aysel Aslan







SON XƏBƏRLƏR

2017-12-17
2017-12-16