2017-11-22 18:29:18   |   195 dəfə oxunub

"Bu, Fransa-Azərbaycan münasibətlərinə zərbədir" - Şərh


"Fransada ermənipərəst qüvvələr çoxdur. Hətta keçmiş prezident Nikola Sarkozi Ermənistanı "Fransanın bacısı” adlandırmışdı”.

Bu barədə "Sherg.az”a Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri ilə bağlı danışarkən Qərb universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib.

O diqqətə çatdırıb ki, separatçı rejimin nümayəndələrinin rəsmi pasportu yoxdur:

"Qondarma Dağlıq Qarabağ heç kəs tərəfindən tanınan qurum deyil. Azərbaycanın isə ərazi bütövlüyü tanınır. Həmin şəxs də Ermənistanın pasportu ilə Fransaya gedib.

Yaxşı dərk edirlər ki, Bako Saakyan turistik məqsədlə, yaxud adi səyahət üçün Fransaya səfər etməyib. O erməni guya Laçınla Fransanın kiçik bir şəhərinin qardaş olması ilə bağlı saziş imzalayıb. Fransanın həmin şəhərinin hətta xəritədə adı belə yoxdur. Lakin ermənilər hansısa saziş imzalayır, tədbirlər keçirir. Bu, Fransa-Azərbaycan münasibətlərinə zərbədir. Bu, rəsmi Parisin siyasəti olmasa da , separatçı rejimin nümayəndəsini qəbul etmək, saziş imzalamaq halları ortaya çıxıb.

Bütün bunlar nə məntiqə, nə də beynəlxalq normalara uyğundur. Fransa ilə Azərbaycan arasındakı münasibətlərin normal inkişafına müsbət təsir göstərmir. Rəsmi Paris buna reaksiya verməli, Fransa XİN bəyanat yaymalıdır. Ciddi şəkildə bu hadisəyə qiymət vermək mütləqdir”.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya səfəri ilə əlaqədar kəskin etiraz edib.

XİN-in mətbuat xidmətinin məlumatına görə, Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən erməni lobbi dairələri və Ermənistan bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təşviq etməyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmağa çalışır.

Aysel Aslan







SON XƏBƏRLƏR

2017-12-17
2017-12-16