2017-12-16 22:48:26   |   601 dəfə oxunub

Penitensiar Xidmət qeyri-peşəkarların əlindədir

Novella Cəfəroğlu: “Çox ciddi narahatçılıq var, orada islahatlar aparılmalıdır”




Parlamentin dünənki iclasında Penitensiar Xidmətin fəaliyyətindən narazılıq ifadə olunub. Bu barədə çıxış edən deputat Fazil Mustafa bildirib ki, qurum qeyri-peşəkarlardan ibarət komanda ilə fəaliyyət göstərir.

Deputat qeyd edib ki, xidmət nəzarətdən kənarda qalıb: "Ədliyyə naziri özü də dəfələrlə Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib”.

Maraqlıdır, deputatın bu qənaətə gəlməsi ölkədə baş verən son kriminal hadisələrlə əlaqəlidir? Həqiqətən də Penitensiar Xidmətin fəaliyyətində çatışmazlıqlar varmı?

Məsələ ilə bağlı ekspertlər fikirlərini "Şərq”lə bölüşüb. Hüquq müdafiəçisi Novella Cəfəroğlu millət vəkili ilə razılaşdığını deyib. Onun sözlərinə görə, bu il ölkədə baş verən hadisələr - dustaqların həbsxanadan qaçması, kamerada özünü öldürməsi və s. Penitensiar Xidmətin fəaliyyətində nöqsanlar olduğunu göstərir: 

"Sual yaranır ki, bütün bunlar nədən qaynaqlanır? Deməli, Penitensiar sistemə yenidən baxılmalıdır, ordakı nəzarətə diqqət yetirilməlidir. Bəlkə hansısa dəyişikliklər lazımdır, yeni göstərişlər verilməlidir. Bunların hamısı, doğrudan da, narahatçılıq yaradır. Ədliyyə Nazirliyinin yanında Komitə yaradılıb. Həmin komitənin nümayəndələri tez-tez həbsxanaya gedirlər. Həmçinin həbsxanada xəstəliklər də çoxalıb. Məsələn, bizə gələn ərizələrdə çox adamın böyrəklərinin xəstə olduğu bildirilir. Sözsüz ki, bunların hamısına Penitensiar Xidmət nəzarət etməlidir. Bu sahədə ayrı bir qayda-qanun yaradılmalıdır ki, son yaşanan xoşagəlməz hallar bir daha olmasın”.

Hüquqşünas Əliməmməd Nuriyev isə düşünür ki, hər bir qurumun fəaliyyətində çatışmazlıqlar olduğu kimi Penitensiar Xidmətin də fəaliyyətində nöqsanların olması normal haldır: 

"Mən uzun müddətdir ki, Penitensiar Xidmətin İctimai Nəzarət Komitəsinin üzvüyəm və buradakı vəziyyətlə bağlı müəyyən məlumatlara malikəm. Çünki mütəmadi olaraq monitorinqlər həyata keçiririk. Əlbəttə ki, bu gün Penitensiar Xidmətdəki vəziyyət 90-cı illərdəki ilə eyni deyil. Tamamilə köklü surətdə dəyişilmiş vəziyyətdir. Hazırda Penitensiar Xidmətin özündə də islahatlar gedir. İlk növbədə məhkumların yaşayış şəraitinin yaxşılaşdırılması üzrə əhəmiyyətli addımlar atılıb. 
Yataqxanaların təmiri, istifadə avadanlıqları və digər məsələlərdə keyfiyyət dəyişikliyi. Eyni zamanda məhkumlar keyfiyyətli qida ilə təmin olunurlar. Hətta bəzi məhkumlar var ki, azadlığa çıxandan sonra iş tapa bilmirlər və onlar yenidən cəzaçəkmə müəssisəsinə qayıtmağı üstün tuturlar. Çünki orda həm yatmaq, həm də yemək üçün şərait var. 

Mütəmadi olaraq keyfiyyət dəyişikliklərinin daha da dərinləşməsi istiqamətində addımlar atılır. 1 il bundan qabaq çörəyin keyfiyyəti ilə bağlı müəyyən problemlər var idi. Bu məsələnin həlli istiqamətində əhəmiyyətli addımlar atıldı. Bütün yataqxanalarda maksimum dərəcədə istilik və ventilyasiya sistemi quraşdırılıb. Mütəmadi olaraq səhiyyə xidmətləri ilə bağlı dəyişikliklər baş verir. 90-cı illərə nisbətən vərəmlə bağlı ölüm halları yüz dəfə, bütövlükdə məhkumlar arasında ölüm hallarının azalması 60 dəfəyə qədər azalıb. Vərəmə qarşı mübarizə ən müasir üsullar tətbiq etməklə həyata keçirilir.

Penitensiar Xidmətin fəaliyyətində olduqca əhəmiyyətli dəyişikliklər var və müəyyən nöqsanların olması təbiidir. Əlbəttə, peşəsinin öhəsindən gəlməyənlər də var. Bu şəxslər aşkar edilir və kənarlaşdırılır. Lakin bu sahədə xeyli peşəkar insanların olduğu da danılmazdır. Millət vəkilinin bu istiqamətdə fikirlərini normal qarşılayıram. Təbii ki, deputatın hər zaman istənilən problemləri parlamentdə söyləməsi, birbaşa təkliflər verməsi onun mandatı çərçivəsindədir. Bu da normal qarşılanmalıdır”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-06-20
2018-06-19