2017-12-17 11:07:12   |   199 dəfə oxunub

Putin özünü demokrat kimi göstərməyə çalışır


Ancaq illik mətbuat konfransında anti-demokratik çıxışlar etdi
Rusiya Prezidenti Vladimir Putin 2018-ci il martın 18-də keçiriləcək prezident seçkilərində namizədliyini müstəqil olaraq irəli sürəcəyini deyib. Prezident bununla belə, siyasi qüvvə və ictimai təşkilatların dəstəyinə inandığını ifadə edib. Kreml rəhbəri seçki qərargahının rəhbəri olacaq şəxsin hələ müəyyənləşmədiyini bildirib:

"Seçki platforması hazırdır, amma bunu indidən açıqlamaq düzgün olmaz”. Məlumat üçün deyək ki, seçkidə iştirak qərarını Rusiya Prezidenti dekabrın 6-da açıqlayıb. Onun bu seçkidə rəqibləri Kseniya Sobçak, Yekaterina Qordon, Sergey Polonskiy və Boris Titovdur. Ekspertlər indiki Prezident Putinin qarşısında ciddi rəqib görmədiklərini deyirlər. Onların fikrincə, müstəqil namizədlik məsələsi Putin tərəfindən hazırlanmış taktiki gedişdir.

Rusiya rəhbərinin açıqlaması ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, Putin seçkiyə demokratik görüntü vermək üçün müstəqil namizədlik məsələsini ortaya atıb. Onun sözlərinə görə, bütün demokratik ölkələrdə prezident seçkiyə müstəqil qatılır, yəni heç bir siyasi partiyanın üzvü olmur:

"Əgər hansısa siyasətçi seçkiyə qatılmaq barədə qərar verirsə, dərhal təmsil etdiyi partiyanı tərk etməlidir. Ancaq Putin bunu hüquqi prosedur olduğu üçün etmir. Kreml rəhbəri yaxşı bilir ki, dördüncü dəfə prezident seçildiyi üçün Qərb dairələrinin güclü təzyiq və tənqidləri ilə üzləşəcək. Anlayır ki, seçkidən sonra nəticələr Qərb mətbuatında şübhə altına alınacaq. Ona görə də bəri başdan özünü sığortalamaq üçün seçkiyə müstəqil namizəd kimi qatılacağını bəyan edib. Putin bu addımı atmaqla sübut etmək istəyir ki, o, heç bir siyasi qüvvənin dəstəyi olmadan növbəti dəfə xalq tərəfindən seçilə bilər”. 

Ekspert bildirib ki, Putin ictimai təşkilatların köməyini onların öz öhdəsinə buraxır və əslində QHT-lərə mesaj göndərir: "Putin özünü demokratik göstərməyə çalışsa da, illik mətbuat konfransında anti-demokratik çıxışlar etdi. Məsələn, o, müxalifətin nümayəndəsi olan Aleksandr Navalnının seçkiyə buraxılmayacağının anonsunu verdi. Fikrini də belə ifadə etdi ki, Rusiya küçələrində qarışıqlıq yaratmağa çalışacaq "ikinci Saakaşvili”nin seçkilərdə iştirakını istəmir. Ümumiyyətlə, Rusiyada seçkilər həmişə saxtalaşdırılıb. Putin partiya mənsubiyyətini gizlətməyə çalışsa da, gözə kül üfürsə də, onun partiyası yenə də lehinə işləyəcək. Putinin namizədliyini irəli sürəcəyi də gözlənilən idi. Amma namizədliyi ətrafında nə qədər demokratik görkəm yaratmağa çalışsa da, zənnimcə, ona nail ola bilməyəcək”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-01-16