2017-12-17 12:15:24   |   386 dəfə oxunub

ABŞ İranı “boğmağa” çalışacaq

Yeni koalisiya strategiyası dünyada qarşısıalınmaz proseslərə rəvac verə bilər



ABŞ İrana qarşı koalisiya yaratmaq niyyətindədir. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli danışıb. Onun sözlərinə görə, bu yolla Amerika İranın dünyada törədə biləcək təhlükələrinə son qoya bilər: "İran hökumətinin etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmaq lazımdır. Hazırda bu istiqamətdə çalışırıq. Yaxın vaxtlarda özünüz bunun şahidi olacaqsınız”. N.Xeyli əlavə edib ki, İran nüvə silahı istehsal etməkdə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozmaqda, terrorçuluğu təbliğ etməkdə və region, eləcə də, bütün dünya üçün təhlükə törətməkdə davam edir.

Uzun illərdir, ABŞ başda olmaqla əksər Qərb ölkələri İrana qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edirlər. Bəs, İrana qarşı koalisiya deyiləndə nə nəzərdə tutulur, burada hərbi, yoxsa siyasi və iqtisadi koalisiyadan söhbət gedir. Ümumiyyətlə, Yaxın Şərqdəki proseslərdən, İran-Rusiya-Türkiyə əməkdaşlığından sonra İrana qarşı təzyiqlər nəticə verəcəkmi?

Prosesləri "Şərq”ə şərh edən siyasi ekspert Zaur İbrahimli deyib ki, ABŞ-ın bu mövqedən çıxış etməsi gözlənilməz olmadı. Onun sözlərinə görə, Donald Tramp ABŞ prezidentliyinə namizəd olduqdan sonra İranla imzalanmış "Nüvə sazişi”nin ləğv olunmasına çalışacağını deməsi seçkiqabağı vədlərindən biri idi: 

"Avropa İttifaqı ölkələri, Rusiya və Türkiyənin mövqeyi, eyni zamanda Demokrat liderlərinin müqaviməti Tramp administrasiyasını hərəkət etməyə məcbur etdi. Yəni, Trampın komandası Vaşinqtonun ənənəvi strategiyasına əl atır, ilk növbədə hədəf ölkə təcrid olunur, sanksiyalar sistemi işə düşür, ölkədaxili siyasi proseslərə fəal müdaxilə olunur, sonda isə hərbi müdaxilə baş verir. ABŞ İraq və Əfqanıstanda bu strategiyanı tətbiq etdi. Rusiyaya münasibətdə oxşar ssenari üzrə siyasət aparılır. Məqsəd hədəf ölkənin beynəlxalq birlikdən, ticarətdən təcrid olunması, daim təzyiq altında saxlanılmasıdır. İrana münasibətdə Tramp komandasının ilkin mərhələdə bu ssenari ilə hərəkət edəcəyini güman etmək olar. Bundan əvvəl İranın bölgədə əsas rəqibi Səudiyyə Ərəbistan Tehrana qarşı koalisiya yaradılmasına cəhd göstərdi. Hətta İsrailin də bu koalisiyada yer alacağı açıqlandı. Lakin sonradan regionda baş verən hadisələr, xüsusən Rusiya və Türkiyənin atdığı addımlar, İraqda İranın nəzarətində olan hərbi qüvvələrin İŞİD-ə qarşı uğurlu hərbi əməliyyatları və Avropa İttifaqının mənfi münasibəti bu planları yarımçıq qoydu. Yəni ABŞ-ın yaratmaq istədiyi koalisiyanın özəyini Səudiyyə Ərəbistanı və onun təsirində olan ölkələr - İsrail, Böyük Britaniya və Kanada təşkil edəcək. İlk mərhələdə əlbəttə ki, siyasi koalisiyadan söhbət gedir. ABŞ ilk mərhələdə İranla imzalanmış nüvə sazişinin ləğv olunması və Tehrana qarşı sanksiyaların daha da sərtləşdirilməsinə çalışacaq. Daha çox bunu BMT səviyyəsində etməyə səy göstərəcək. 

Artıq bunu İranın Yəməndə üsyançılara raketlər verməsi ilə əsaslandırmağa başlayıblar”.

 Ekspertin sözlərinə görə, ABŞ BMT müstəvisində hərəkət etməklə öz addımlarının legitimlik qazanmasına çalışır: 

"Eyni zamanda Avropa İttifaqı ölkələrinin də İranla "Nüvə sazişi”nin ləğv olunmasına razı salmaq üçün təzyiq mexanizmi formalaşdırılır. Çünki Avropa İttifaqı İrana qarşı sanksiyaları götürüb və Tehran üçün yeni imkanlar açılıb. Avropa İttifaqının bu mövqedə qalması Vaşinqton üçün ciddi əngəl yaradır və onun Tehrana qarşı siyasətinin effektivliyini aşağı salır. Rusiya-İran-Türkiyə əməkdaşlığı ciddi sınağa məruz qalacaq. Bu, ABŞ-ın düşünülmüş siyasətidir və strategiyanın əsas məqsədlərindən biri də Rusiya və xüsusilə Türkiyəni seçim qarşısında qoymaqdır. Əgər İrana qarşı planları dəstəklənməsə, Rusiya və Türkiyə Vaşinqton tərəfindən terroru himayə edən ölkənin müdafiəçisi kimi təqdim ediləcək”. 

Analitik bəyan edib ki, Vaşinqton Suriyada onu geri çəkilməyə, Yaxın Şərqdə təsir imkanlarını azaltmağa məcbur etmiş Rusiya-İran-Türkiyə üçlüyündə ən zəif həlqəni hədəf seçib:

"Bu ittifaqın sona çatması Suriyada və bölgədə Rusiyanın səylərini puça çıxara və Türkiyəni yenidən Vaşinqtonun iradəsindən asılı vəziyyətə sala bilər. Türkiyə üçün qərar vermək olduqca çətin olacaq, Ankara üçün böyük risklər yarana bilər. Ümumiyyətlə, Yaxın Şərqdə qarşıdurma daha da güclənəcək. Şübhəsiz ki, İran adekvat cavab tədbirləri görməyə çalışacaq. İraq, Yəmən, Livan və Suriyada öz mövqelərini gücləndirməyə çalışacaq. İsrailə qarşı fəaliyyət güclənəcək. Bütün bunlar isə qlobal miqyasda riskləri daha da gücləndirəcək. Qlobal səviyyədə təhlükəsizliyə təhdidləri artıracaq və mövcud təhlükəsizlik sistemlərinin dağılmasını sürətləndirəcək. ABŞ-ın İrana qarşı yeni qarşıdurma strategiyası bütün dünyada qarşısıalınmaz proseslərə rəvac verə bilər”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-01-16