2017-12-17 12:17:56   |   1012 dəfə oxunub

Mediada iqtisadi mövzuların təqdimatında problemlər var

Seymur Verdizadə: “Bu gün ölkənin adlı-sanlı iqtisadçılarının əksəriyyəti mətbuatın “şinel”indən çıxıblar”

Elman Cəfərli: “İqtisadiyyat üzrə formalaşmış QHT-lər bu barədə düşünməlidirlər”





Pərviz Heydərov:"İqtisadi sahədən yazan jurnalistlərin öz üzərlərində daim işləmələri, əsas terminləri bilmələri və ən əsası, girişdiyi mövzuda müəyyən dərəcədə məlumatlı olması vacibdir”

(Əvvəli ötən sayda)

Elə bir gün yoxdur ki, media orqanlarında iqtisadi xəbərlər, informasiyalar, təhlillər öz əksini tapmasın. Hətta sırf iqtisadi sahədə fəaliyyət göstərən saytlar da var. Məlum səbəblərdən digər sahələrlə müqayisədə iqtisadi yazılar ictimaiyyətin daha çox diqqətini cəlb edir. Çünki bütün vətəndaşların bu və ya digər formada sosial, iqtisadi məsuliyyəti var. Məsələ ondadır ki, media vasitəsi ilə çıxış edən bir sıra iqtisadçılar zaman-zaman iqtisadi mövzularda yazan jurnalistləri tənqid edirlər.

Onların müəyyən iqtisadi prosesləri və ya terminləri yaxşı bilmədikləri üçün səhvlərə, qüsurlara yol verdiklərini iddia edirlər. Ekspertlərə görə, iqtisadiyyat spesifik sahədir, ona görə də bu haqda yazan jurnalistlərin ən azından elementar iqtisadi biliklərə sahib olması çox vacibdir. İqtisadiyyat böyük xəbərlərə həssas reaksiya verir. Məsələn, açıqlama verilir ki, Amerika iqtisadiyyatı yüksək nəticələr əldə edib. Həmin gün dollar bahalaşır. Yəni bir xəbərlə bazarı oynatmaq mümkündür. Azərbaycanda da bəzən bir açıqlama panika yarada və panikanı yatıra bilir. İqtisadi jurnalistikanı 3 istiqamətdə araşdırmaq mümkündür. 

Mövcud vəziyyət, effektivlik və qüsurlar. Mütəxəssislərin fikrincə, Azərbaycan mediasında iqtisadi xəbərlər heç də ürəkaçan deyil. Çünki əksər KİV-lərdə iqtisadi xəbərləri hazırlayan jurnalistlərin iqtisadi savadı ya azdır, ya da heç yoxdur. Bu, iqtisadi jurnalistikanın keyfiyyətini aşağı salmaqla yanaşı, ictimaiyyətdə çaşqınlıq yaradır. 

Çox vaxt jurnalistlər xəbərin standartlarını gözləməklə mənasını, mahiyyətini özləri belə bilmədən iqtisadi xəbərləri hazırlayıb tirajlayırlar. Hətta bəzi KİV-lər də həmin xəbərləri redaktə belə etmədən yayımlayırlar. Bu da çox vaxt yanlış, qeyri-dəqiq və təhrif edilmiş iqtisadi informasiyaların ortaya çıxması ilə nəticələnir. Bütün bunlar iqtisadi araşdırmaların üzə çıxmamasına, təhlillərin aparılmamasına gətirib çıxarır. Vəziyyət o yerə gəlib çıxır ki, bəzən ciddi iqtisadi yazılar belə bu səpkidə yayılmış materialların güdazına gedir. İqtisadi biliyi olmayan jurnalistlərin iqtisadi materialları istənilən nəticəni vermir. Auditoriya dəqiq, qərəzsiz, obyektiv prinsiplərinə əməl edilən xəbərlər istəyir. 

Auditoriya "dollar ucuzlaşdı”, "avro bahalaşdı”, "neft ucuzlaşacaq” tipli başlıqlar altında gizlənən və mətndə önəmli məsələ əks etdirməyən xəbərləri istəmir. Problemi gündəmə gətirən ekspertlər jurnalistikanın ixtisaslaşma məsələsini də vurğulayırlar. Məlumdur ki, dünya iqtisadiyyatının sürətlə inkişafı jurnalistikanın qarşısına şərtlər qoydu. Onlardan biri də jurnalistikada ixtisaslaşma məsələsidir. Jurnalist mütləq konkret sahə, peşə üzrə ixtisaslaşmalıdır. Hətta yaxşı olar ki, müxbir iqtisadiyyatın içində belə fərqli sahələrdən biri ilə məşğul olsun. Onu da nəzərə alaq ki, iqtisadiyyatda rəqəm və terminlərdən çox istifadə olunur. İxtisaslaşmış jurnalist rəqəmləri uyğun şəkildə sadələşdirməyi, terminləri təhrifə yol vermədən publika dilinə çevirməyi bacarmalıdır. Dünyada və ölkəmizdə fəaliyyət göstərən iqtisadi jurnalistlərin fəaliyyətini izləməli, onlarla əlaqə yaratmalı, təcrübə toplamaqla yanaşı, təcrübəsini paylaşması məqsədəuyğundur. Azərbaycanda və dünyada bir sıra şirkət və təşkilatların iqtisadiyyat jurnalistikası ilə bağlı keçirdiyi təlim və seminarlarında iştirak etməklə mütəxəssislərin təcrübə və fikirlərini dinləyir, iqtisadi proseslər barədə, necə deyərlər, pərdənin qapalı tərəflərini görür, ona kömək edə biləcək dostlar qazanmış olur. Jurnalist iqtisadiyyatı tənzimləyən orqanların vəzifələrini yetərincə bilməlidir ki, kimə və necə müraciət edəcəyini bilsin. Materialın dolğun və faktiki olmasından dolayı rəsmi-statistik məlumatlardan yararlanmaq, habelə iqtisadi qurumların, ekspertlərin rəylərindən istifadə etmək olar. İqtisadi terminlər gündən-günə yenilənir, yeni iqtisadi anlayışlar ortaya çıxır, lakin bəzi jurnalistlər bu tepmlə uyğunlaşa bilmirlər. Nəticədə iqtisadçıların fikirləri təhrif olunur, iqtisadi terminlərin yazılışında və ya səslənişində səhvlərə yol verilir. 

Ekspertlərə görə, bu gün iqtisadi mövzuda yaza biləcək peşəkar jurnalistlərə böyük ehtiyac var. Vaxtilə bu sahədə çalışan jurnalistlər ya mətbuatı tərk edib, ya da ekspert qismində çalışmağa başlayıblar. Onların yerini dolduran yeni nəslin isə iqtisadi savadı özünü doğrultmayıb. Bu baxımdan jurnalistlərin iqtisadi biliklərinin artırılması üçün zəruri təlimlərin təşkilinə, müvafiq iqtisadi bələdçilərə, izahlı lüğətlərə ehtiyac var. Xüsusən, vətəndaş cəmiyyəti bu sahəyə diqqəti artırmalıdır. Dövlət qurumları öz sahəsində jurnalistlərə metodoloji dəstək verməlidir. İqtisadçı ekspertlərin üzərinə də çox böyük yük düşür.

Məsələ ilə bağlı "Şərq”ə fikirlərini bölüşən Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib ki, Azərbaycan mətbuatında ixtisaslaşma zəif gedir. Buna görə də zaman-zaman jurnalistlərlə ekspertlər arasında gərginliyin şahidi oluruq: 

"Neft sənayesi üzrə mütəxəssislər hesab edirlər ki, jurnalistlər yazdıqları mövzunun mahiyyətinə tam bələd deyillər. Dini mövzuda yazan jurnalistlər də tez-tez tənqid hədəfinə çevrilir. Din xadimlərimiz onları dini məhfumları qarışdırmaqda günahlandırırlar. Amma əminliklə demək olar ki, iqtisadi mövzuda yazan jurnalistlərimiz öz sahələri ilə bağlı bir çox vacib bilgiləri əxz ediblər. Azərbaycan jurnalistikasında iqtisadi blok güclüdür. İqtisadi mövzuda yazan jurnalistlərimizin əksəriyyəti problemin mahiyyətini bilirlər, mövzuya yaxından bələddirlər. Hesab edirəm ki, onlarla əməkdaşlıq etmək iqtisadçılarımız üçün xüsusi çətinlik yaratmır. Diqqəti başqa bir məqama çəkmək istəyirəm. Bu gün ölkənin adlı-sanlı iqtisadçılarının əksəriyyəti mətbuatın "şinel”indən çıxıblar. Qəzetin, informasiya resursunun nə olduğunu anlayırlar. Məntiqlə, bu adamlar mətbuatla əməkdaşlıqda daha maraqlı olmalı, jurnalistlərə lazımi dəstək verməlidirlər”.

JAM rəhbəri bildirib ki, iqtisadi mövzuda yazan jurnalistlər üçün təkmilləşdirmə kursları təşkil olunmalıdır: 

"Jurnalistlər bu kurslarda müvafiq sahəyə dair bilik və bacarıqlarını artırmalıdırlar. İqtisadçı dostlarımız bu işləri təmənnasız görməlidirlər. Azərbaycan mətbuatında iqtisadi blokun güclü olmasında ilk növbədə iqtisadçılar özləri maraqlı olmalıdırlar. Başqa bir təklifim də var. Məlum olduğu kimi, ölkəmizdə fəaliyyət göstərən, iqtisadi sferada baş verən yeniliklərə operativ münasibət bildirən iqtisadçı-ekspertlərin əksəriyyəti aktiv sosial şəbəkə iştirakçılarıdır. Yaxşı olar ki, onlar mürəkkəb iqtisadi proseslərlə bağlı fikirlərini sosial şəbəkələrdə bölüşsünlər. Yəni, yazmağın əziyyətinə qatlaşıb, düşüncələrini cəmiyyətə dolğun şəkildə təqdim etsinlər. Bu zaman xırda narazılıq, lazımsız söz-söhbət üçün əsas qalmayacaq”.

Mövzu ilə bağlı "Şərq”ə danışan "Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli də bildirib ki, iqtisadçıların iradları yerindədir: 
"Doğrudan da bəzən jurnalistlər iqtisadi prosesləri və terminləri doğru yazmırlar. Bunun bir günahı ixtisaslaşma aparmayan redaksiyalardadırsa, bir günahı da iqtisadçılarda, iqtisadiyyat üzrə formalaşmış qeyri-hökumət təşkilatlarındadır. İdmanla bağlı təşkilatlar, futbol klubları jurnalistlərlə sıx işləyir, onları informasiyasız qoymurlar. Müdafiə Nazirliyi vaxtaşırı hərbidən yazan reportyorlar üçün təlimlər, treninqlər keçirir. İqtisadiyyat üzrə formalaşmış QHT-lər bu barədə düşünməlidirlər. İldə o qədər qrantlar ayrılır. Niyə iqtisadi terminlər sözlüyü, izahlı lüğətlər çap olunmur? Balaca kitabçalar nəşr edib redaksiyalara hədiyyə eləmək olar. Bunun təkcə çap yox, elektron variantını da yaratmaq olar. Tanınmış iqtisadçıların rəhbərlik etdiyi QHT-lər iqtisadiyyatdan yazan jurnalistlər üçün təlimlər keçirsələr yaxşı olar. Redaksiyalar ixtisaslaşma aparmalıdırlar. Necə ki idmandan, şoudan, siyasətdən hər kəs yazmır, eləcə də iqtisadi məsələlər üzrə xəbər və məqalələri, açıqlama və müsahibələri bu sahədən məlumatı olan jurnalist hazırlamalıdır. "Cümhuriyyət” qəzetində neft sənayesi, kənd təsərrüfatı, bank, maliyyə və digər iqtisadiyyat sahələrindən yazan 2 jurnalist ayrılıb. Bunlar Yeganə Oqtayqızı və Vilayət Muxtardır. Hələ onlarla işləyən iqtisadçıların hansısa yanlışlıqla bağlı ciddi bir iradına rast gəlməmişik”.

Məsələni "Şərq”ə şərh edən tanınmış iqtisadçı-jurnalist Pərviz Heydərov da bildirib ki, iqtisadi mövzuda yazan və yaxud hansısa məlumatı işləyən, bu və ya digər iqtisadçı ekspertdən açıqlama və ya müsahibə alan jurnalistlərin mükəmməl iqtisadi biliklərə malik olması əsas şərt deyil: 

"Heç kim məcbur edə bilməz ki, jurnalistlər mütləq təmiz iqtisadçı olmalıdır. Lakin işlənilən mövzuya və araşdırma aparılan məsələnin məğzinə ötəri bələd olmaq olduqca vacibdir. Jurnalistin sorğusuna və ya müraciətinə hər dəfə yazılı şəkildə cavab vermək imkanı olmur. Odur ki, məcbursan, telefonla danışasan. Bu zaman sənin danışdıqların diktofondan yazıya köçürülür ki, bu zaman da hansısa problemlər, qüsurlar ortaya çıxa bilir. Ancaq əsas bu deyil. Söylədiyin fikir, məna olduğu kimi qalmalıdır. Bu isə jurnalistdən xüsusi fərasət tələb edir. Ola bilsin ki, jurnalistin gözəl yazmaq bacarığı olsun, amma müvafiq sahəyə heç bir bələdçiliyi olmadığından, həmin sahənin mütəxəssisi tərəfindən danışıq vasitəsi ilə bildirilən fikri düzgün qələmə ala bilməsin. Bax, bu cür problemlər çoxluq təşkil edir. Ona görə də iqtisadi sahədən yazan jurnalistlərin öz üzərlərində daim işləmələri, əsas terminləri bilmələri və ən əsası, girişdiyi mövzuda müəyyən dərəcədə məlumatlı olması vacibdir. Bunu da müvafiq mətbu orqanın və yaxud KİV vasitəsinin rəhbərləri nəzərə almalıdırlar”.
(davamı var)

İsmayıl Qocayev







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25