2017-12-17 12:22:30   |   608 dəfə oxunub

Suqovuşan ərazisini müasir turizm məkanına çevirmək olar

İqtisadçı deyib ki, burada kifayət qədər tarixi abidələr var ki, ora gələn turistləri cəlb eləmək mümkündür




Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edib. Qəbul zamanı vətəndaşlar Sabirabadda Suqovuşan ərazisinin müasir turizm məkanına çevrilməsi ilə bağlı təkliflər səsləndiriblər.
Eyni zamanda vətəndaşların mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı müraciətləri də səslənib.

Həqiqətən də Suqovuşan ərazisinin turizm məkanına çevrilməsi mümkündürmü?

Vətəndaşlar tərəfindən verilmiş təklifin kifayət qədər zəruri olduğunu deyən iqtisadçı-ekspert Razi Abbasbəyli belə bir ideyanın çoxdan olduğunu və bu barədə təkliflərin irəli sürüldüyünü bildirib. İqtisadçının sözlərinə görə, Suqovuşan ərazisi turizm baxımından əlverişli bir zonada yerləşir və bu ərazi ilə Bakı şəhəri arasındakı məsafə cəmi 165 kilometrdir: 

"Son illərdə paytaxtdan Suqovuşan istiqamətinə gedən yollar əsaslı şəkildə təmir olunub və kifayət qədər mükəmməl bir yol infrastrukturu yaradılıb. Bu da turizm inkişafının mühüm amillərindən biridir. Digər tərəfdən burada kifayət qədər tarixi abidələr var ki, ora gələn turistləri cəlb eləmək mümkündür. Kür-Araz çayının qovşağında yerləşən Zəngənə kəndində böyük bir yeraltı şəhər aşkar olunub. Məlum olub ki, bu ərazi çox qədim yaşayış məskənlərindən biridir. Eyni zamanda həmin ərazidə tariximizlə bağlı zəngin qaynaqlar mövcuddur. Bunları bir muzey halında formaya salıb turistlərə təqdim etmək turizmin inkişafı üçün ciddi nailiyyətlər hesab oluna bilər. Həmçinin həmin ərazi yaz və payız aylarında turistlərin cəlb edilməsi üçün kifayət qədər əlverişlidir. Baxmayaraq ki, yay ayları Kür və Araz ovalığında havanın temperaturu yüksək olur. Amma bu gün dünyanın inkişaf etmiş turizm ölkələri Dubay və Səudiyyə Ərəbistandır. Bu ərazilərdə isti hava şəraiti olsa da, turistlər yenə həmin əraziyə gedirlər. Yəni turistləri cəlb etmək üçün iqlim əsas deyil. Əsas orda turistlər üçün maraqlı ola biləcək səbəbləri təqdim etməyi bacarmaqdır”.

İqtisadçı həmçinin bildirib ki, Suqovuşan ərazisi zəngin balıq məskənidir. Burda müxtəlif növ balıqlar var ki, turistlər üçün onu təqdim etmək olar: 

"Məsələn, Türkiyədə, Gürcüstanda sırf gələn turistlər üçün balıqçılıqla bağlı restoranlar fəaliyyət göstərir. Türkiyənin Rizə şəhərində yerləşən əraziləri göstərə bilərik ki, turistlər ora balıq yeməyə gəlirlər.

Sabirabadda Kür və Araz çayının qovuşduğu ərazinin ortalığında bir ovalıq var. Bildiyim qədər bura Ekologiya Nazirliyi tərəfindən qorunan ərazilər siyahısındadır və həmin ərazi sanki bir yarımadanı xatırladır. Yarımadanın tam ucunda böyük bir muzey inşa etmək olar. Burda qayıq sürmə, avar çəkmə, gəmiçiliklə bağlı böyük imkanlar var ki, turistlər orda gəzintiyə çıxa bilərlər və onlara maraqlı bir proqram hazırlamaq olar.

Hər il Azərbaycanın tanınmış ziyalıları Novruz bayramı ərəfəsində adətən həmin əraziyə səfərlər edir və tədbirlərdə iştirak edirlər. Oranın tarixi barədə ətraflı məlumatlar verilir. Biz hər il mütəmadi olaraq o tədbirləri həyata keçiririk. Düşünürəm ki, sözügedən təkliflər yerinə yetirilsə, bu, ölkəmizdə turizmin inkişafı üçün çox uğurlu layihə olar”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-01-16