2017-12-17 12:25:55   |   298 dəfə oxunub

Sumqayıtda əhali zəhmətkeşdir, ona görə təhsil yüksəkdir

“Bir sinifdə olan 26 şagirdin 25-i tibb universitetinə daxil olmuşdu”




Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda təhsil işçiləri, müəllim və valideynlərlə yeni qəbul qaydaları ilə bağlı görüş keçirib.

O, müxtəlif parametrlərə görə, Sumqayıtın nəticələrinin həmişə Bakının nəticələrindən yaxşı olduğunu deyib: "Bu il də Sumqayıtda XI sinfin buraxılış imtahanlarının nəticələri yüksəkdir, nəinki Bakının. Baxmayaraq ki, Sumqayıtda 3000-ə yaxın, Bakıda isə 20 minə yaxın məzun var”.

Bəs, Sumqayıt məktəblərində təhsilin səviyyəsinin digər rayonlara nisbətən yüksək olmasının səbəbi nədir?

Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı Sumqayıtda yaşayan və vaxtı ilə Neft-Kimya İnstitutunun Sumqayıt filialında (indiki Sumqayıt Dövlət Universiteti) 10 il işləyən bir adam kimi bu suala cavab verməyi özünə borc bildiyini deyib: 

"Sumqayıt” kiçik Azərbaycan”dır. Orada Azərbaycanın bütün bölgələrindən olan adamlar yaşayır”.

M.Zülfüqarlının sözlərinə görə, təhsil göstəricilərinə görə Sumqayıtın digər rayonlardan seçilməsi əhalinin zəhmətkeş olması ilə bağlıdır: 

"1949-cu ildə Sumqayıt şəhər statusu alanda çoxlu zavod və fabriklər tikilməyə başladı. Əhalinin səyləri nəticəsində zavodlar sürətlə ucaldı, ölkənin hər yanından orada işləməyə gələn insanların sayı artmağa başladı. Bununla Sumqayıt sənaye şəhərinə dönməklə yanaşı, həm də ölkədə ən çox etnik və mədəni müxtəlifliyin var olduğu mərkəzə çevrildi. Sumqayıtlıların müxtəlif mədəniyyətlərdən formalaşması onları həm də kütləvilikdən daha çox fərdi düşüncəyə meyilli edib. Əksəriyyəti fəhlə sinfinə aid olan ailələrdə böyüyən uşaqları da öz diqqətini ancaq təhsilə yönəldib. Həm də ki, ta əvvəlcədən Sumqayıtda çox gözəl təhsil ənənəsi olub və bir çox məktəblərdə həmin ənənələr davam etdirilir. Mərhum Minarə Tahirovanın rəhbərliyi dönəmində 17-ci mikrorayondakı məktəb Azərbaycanın bir nömrəli təhsil ocağı hesab olunurdu. Mənim övladlarım da həmin məktəbdə oxuyub.

 Böyük övladım məzun olan ili bir sinifdə olan 26 şagirdin 25-i tibb universitetinə daxil olmuşdu. Kiçik oğlum məzun olan ili də sinif yoldaşlarının əksəriyyəti yüksək nəticə toplayaraq ölkənin aparıcı universitetlərinə qəbul olmuşdu. 

Deməli, şagirdin yüksək nəticə göstərməsində müəllimin və məktəb direktorunun rolu danılmazdır. Əgər məktəbin müəllim kollektivi peşəkarlardan ibarət olarsa, təbii ki, orada təhsil alan şagirdlər də öz bilik və nəticələrinə görə digərlərindən seçiləcək. Hesab edirəm ki, Bakı və digər rayonlar Sumqayıtın təhsil təcrübəsini öyrənməlidir”.

Şəymən







SON XƏBƏRLƏR

2018-06-24
2018-06-23