2018-01-12 11:45:59   |   312 dəfə oxunub

İtaliya Qarabağa öz töhfəsini verə bilməyəcək

“Çünki əsl söz sahibi onlar deyil”




2018-ci ildən ATƏT-ə müvəqqəti sədrlik İtaliyaya keçib. İtaliya rəsmiləri regiondakı münaqişələrə, xüsusən Dağlıq Qarabağ probleminə diqqət ayıracaqlarını, aktivlik nümayiş etdirəcəklərini deyiblər. Ölkənin xarici işlər naziri Ancelino Alfano isə bəyan edib ki, İtaliya sədrlik müddətində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Minsk Qrupunun fəaliyyətinə dəstək verəcək. Ekspertlərə görə, İtaliya həmsədr ölkələrdən fərqli olaraq nisbətən ədalətli çözüm tərəfdarı ola bilər.

Lakin ikitərəfli əlaqələrə və xoş niyyətlərə baxmayaraq, nazirin "Minsk Qrupuna dəstək verəcəyik” açıqlaması İtaliyanın da fəaliyyətinin nəticəsiz qalacağını göstərir. 

Mövzu ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Sədrəddin Soltan deyib ki, oxşar bəyanatlarla fəaliyyətdə olan əvvəlki sədrlər də çıxış edib. Nəticə isə göz qabağındadır: 

"Onların fəaliyyəti nəticəsində Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqları azad edilməyib. Əksinə, İrəvanın Dağlıq Qarabağla bağlı iştahası böyüyüb. Sədrlik edən dövlətlər Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsini istəsələr belə, buna nail ola bilməzlər. Çünki əsl söz sahibi onlar deyil. İşğalın dinc yolla başa çatmasına ən çox üç dövlət - ABŞ, Fransa və Rusiya yardım edə bilər. Ancaq üç dövlət öz aralarında razılığa gələ bilmədiklərindən vəziyyətin belə qalması bunlar üçün də sərfəlidir. Həmsədrlər isə hələ də atəşkəs rejiminin pozulmamasından danışır, daha çox bunu izləyirlər. 

Diqqət etsəniz görərsiz ki, hələ indiyədək həmin dövlətlərin heç biri Azərbaycan torpaqlarının işğal edildiyini söyləməyib. Odur ki, İtaliyanın sədrliyi altında Dağlıq Qarabağın işğaldan azad ediləcəyi istiqamətində mühüm addımın atılacağı ehtimalı da inandırıcı deyil. Ola bilsin, o biriləri kimi İtaliya da prezidentlərin görüşünü təşkil edəcək. Məsələyə onların verəcəyi töhfə bundan artıq çətin olsun”.


İsmayıl







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25