2018-01-12 11:50:40   |   487 dəfə oxunub

“Cümhuriyyət ili” alqışlanır

Fazil Mustafa, Əflatun Amaşov və ekspert Kamran Əsədov Prezidentə təşəkkür edib




Ötən gün Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı cari il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini söyləyib. Ölkə rəhbərinin AXC ilə bağlı qərarı ictimaiyyət nümayəndələri, xüsusən tarixçi-alimlər tərəfindən çox yüksək dəyərləndirilib.

Onların fikrincə, verilən qərar dövlət başçısının Cümhuriyyət tarixinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Millət vəkili Fazil Mustafa da bildirib ki, Prezidentin qərarı ölkənin müstəqilliyinə verdiyi dəyərdir: 

"Ermənistan və Gürcüstanla müqayisədə bu məsələnin həllinə xüsusi diqqətlə yanaşmalıyıq. Onların da yüzilliyidir və yubileyə ciddi şəkildə hazırlaşacaqlar. Cümhuriyyət məsələsində onlardan daha həssas olduğumuzu göstərməliyik. Prezident İlham Əliyevin bu qərarı bizim arzularımıza uyğun qərar oldu. Ölkə Prezidentinin bu addımını çox yüksək qiymətləndiririk. Bu, cümhuriyyətə verilən dəyərdir. Düşünürəm ki, mətbuat bu məsələni qırmızı hərflə yuxarı köşədə yerləşdirməlidir ki, bəzi məmurlar görsün. Bütün bunlar cümhuriyyətə olan laqeydliyin, etinasızlığın ortadan qalxması baxımından vacibdir. Görsünlər ki, ölkə Prezidenti cümhuriyyət ilinə necə dəyər verir. Bu qərardan dolayı Prezidentə təşəkkür edirəm!

Cümhuriyyətimizin yubileyini yüksək səviyyədə qeyd etmək üçün bu sahədə müəyyən addımlar atmaq lazımdır. Bu yaxınlarda M.Ə Rəsulzadənin ata evinin uşaq bağçası olması məsələsini qaldırmışam. Həmin evi muzeyə çevirmək lazımdır. Səlahiyyətli şəxslər Prezidentin bu qərarına uyğun ciddi işlər görməlidirlər”. 

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da deyib ki, Prezident İlham Əliyevin məlum Sərəncamı bu dəyərə ehtiramın bariz nümunəsi, dövlətçilik ənənələrimizə sadiqlik ruhunun mühüm əlamətidir: 

"Azərbaycan Xalq Cümhuriyyəti yaşadığımız coğrafiyada azərbaycanlı varlığının təntənəsi, əbədiyyat simvolu, tariximizi bu günümüzlə birləşdirən, gələcəyimizə körpü salan son dərəcə böyük dəyərdir. Bu Sərəncam birlik, bütövlük və həmrəylik çağırışımızdır. Uca Tanrı Cümhuriyyət ilimizi xalqımız və dövlətimiz üçün düşərli eləsin. Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız hər zaman var olsun!”.

Tarixçi-alim Kamran Əsədov da "Şərq”ə açıqlamasında qərarı çox yüksək qiymətləndirib. Tarixçi bildirib ki, 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması yalnız Azərbaycana yox, eyni zamanda bütün Şərqə böyük təsir göstərib: 

"AXC zaman baxımından qısa dövr yaşasa da, onun həyata keçirdiyi tədbirlər tarixi əhəmiyyətini itirmədi. Məlum olduğu kimi, ilk respublikanın ömrü uzun olmadı və 23 aydan sonra süqut etdi. AXC Türk və İslam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən, o cümlədən milli ordu, pul, demokratikləşmə, bank, azad seçkilər, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahatların aparılması və bu kimi addımlar 100 il bundan öncə qazanılmış çox böyük uğurlardır. 

Prezident 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməklə tariximizə, keçmişimizə yüksək səviyyədə dəyər verdiyini, sahib çıxdığını bəyan etdi. Bu, Azərbaycan dövlətinin tarixi uğurudur. Bu il ərzində AXC ilə bağlı silsilə tədbirlər keçiriləcək ki, bu da gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, tarixini yaxından bilməsinə geniş imkanlar yaradacaq. 

Azərbaycan Xalq Cümhuriyyətinə ölkə başçısının xüsusi diqqət yetirməsi həm də dünyaya mesajdır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, tarixi ərazilərə sahib çıxacaq”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25