2018-01-12 11:53:03   |   305 dəfə oxunub

“Trampın zəif yerləri çoxdur”

“O, hakimiyyətdə özünün son günlərini yaşayır”



ABŞ-ın nüfuzlu "The İndependent” nəşri prezident Donald Trampın vəzifədən gedəcəyi vaxtı açıqlayıb. Nəşr iddia edib ki, Ağ Ev rəsmiləri Trampın Rusiya ilə mümkün sövdələşməyə başladığına inanmasalar da, onun maliyyə sahəsindəki nöqsanlarının çox təhlükəli olduğunu, onun sonunu gətirə biləcəyini etiraf edirlər.

Rəsmilərin fikrincə, xüsusi prokuror Trampın maliyyə məsələlərini araşdırmağa başlayan gün onun prezidentliyinə son qoyulacaq. Xatırladaq ki, tanınmış jurnalist Maykl Volfun Trampı rüsvay edən "Atəş və qəzəb” kitabında da prezidentlə bağlı mühüm faktlar yer almaqdadır. Məlumdur ki, Donald Tramp hələ indiyədək ailə biznesinin üzərindəki məxfiliyin üstünü açmayıb və vergi sənədlərini göstərməyib. Həmçinin, Tramp 2016-cı il ABŞ seçkisi zamanı ruslarla hər hansı sövdələşməyə girdiyi barədə iddiaları dəfələrlə rədd edib və bunu "əcinə ovu” adlandırıb.

Prosesləri "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, həm siyasi, həm də maliyyə cəhətdən Trampın zəif yerləri həddindən artıq çoxdur: 

"Trampın maliyyə məsələlərində nöqsanları, qanunsuzluqları çoxdur. Onun seçki qərargahına rəhbərlik edən şəxs də etiraf edib ki, maliyyə məsələlərində xeyli pozğunluqlar olub. Hətta Rusiyadan Amerikaya müəyyən maliyyə axınının olması da iddia edilib. Yeni çıxan kitabda isə Trampın əleyhinə daha ciddi məqamlar yer alıb. Bunların hamısı mühüm faktlar hesab olunur. Araşdırma göstərir ki, Trampın yaxınları Rusiyada biznes fəaliyyəti ilə məşğul olur”. 

Ekspert bildirib ki, Donald Trampın prezident seçilməsi ilə ABŞ-ın imicinə dəyən ziyanı pulla ölçmək mümkün deyil: 

"Amerikadakı dərin dövlət yaxşı başa düşür ki, Tramp hakimiyyət başında olduğu müddətcə bu ölkənin xarici siyasətini təyin etmək mümkün olmayacaq. Ona görə də Trampa qarşı kampaniyalar artmaqdadır. Vəziyyət belə davam edərsə, Trampın hakimiyyətdən uzaqlaşdırılması məsələsi kifayət qədər real olacaq. Artıq bir çox dairələrdə hesab edirlər ki, Tramp hakimiyyətdə özünün son günlərini yaşayır”.

İsmayıl








SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25