2018-01-12 13:19:44   |   391 dəfə oxunub

Avakov problemi həll etmək istəmir

Ukraynada azərbaycanlılara qarşı cinayətlərin üstü açılmır

Ukrayna Prezidentinin diqqətini bu hadisəyə cəlb etmək lazımdır



Ukraynada yaşayan azərbaycanlılar Ukrayna Daxili İşlər Nazirliyi (DİN) qarşısında etiraz aksiyası keçiriblər. Soydaşlarımız 2017-ci il dekabrın 11-də Azərbaycan diasporunun üzvü, iş adamı Hikmət Abdullayevin axşam işdən dönərkən yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən oğurlanması və bu cinayətin üstünün açılmamasına etiraz ediblər.

Aksiya iştirakçıları daxili işlər naziri Arsen Avakovdan son 4 ildə azərbaycanlı iş adamlarının və onların övladlarının oğurlanmasına, tanınmış azərbaycanlılara qarşı sui-qəsdlərin üstünün açılmamasına aydınlıq gətirməsini, cinayətkarların həbs olunmasını tələb ediblər. Aksiyada diaspor fəalları çıxış edərək son illər Ukraynada azərbaycanlı iş adamlarının, tələbələrin və Azərbaycan şirkətlərinə məxsus yük avtomobillərinin oğurlanma faktlarının kütləvi hal almasından və bu cinayətlərlə bağlı dəfələrlə Ukraynanın müvafiq güc strukturlarına, xüsusən də daxili işlər naziri A.Avakova müraciət olunmasına baxmayaraq, bu cinayət hadisələrinə biganə münasibət bəsləməsinin kökündə milli faktorun durduğunu bildiriblər.

Qeyd edək ki, A.Avakov daxili işlər naziri təyin olunduqdan sonra 20-dən çox azərbaycanlı iş adamı və onların övladları oğurlanıb. Buna baxmayaraq baş vermiş cinayət işlərindən heç birinin üstü açılmayıb. Məsələ də elə burdan başlayır. Soydaşlarımız cinayətlərin ört-basdır edilməsini Avakovun erməni əsilli olması ilə əlaqələndirirlər. Görəsən, səslənən iddialar həqiqəti əks etdirirmi?

Vətəndaşlarımızın iddialarının əsassız olmadığını deyən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Şərq”ə bildirib ki, həqiqətən də Ukraynada azərbaycanlılara qarşı törədilən cinayətlərin üstü açılmır. Politoloqun qənaətincə, Ukrayna dövlətinin törədilən cinayətlərlə maraqlanmaması siyasi amillərlə əlaqəlidir: 

"Təəssüf ki, Avakov Ukraynanın daxili işlər naziri vəzifəsində olduğu müddətdə azərbaycanlı iş adamlarının bu cür sıxışdırılması davam edəcək. Ukraynada və Kiyevdə yaşayan ermənilərin sayı azərbaycanlılar qədərdir. Amma hansısa erməni iş adamının oğurlandığı xəbərini eşitmirik. Hər zaman azərbaycanlı iş adamlarının oğurlandığını, sıxışdırıldığını görürük. Avakov özünküləri müdafiə edir. Unutmayaq ki, bir zamanlar erməni soyqırımı məsələsini Ukrayna parlamentinə gətirmək istəyənlərdən biri məhz Avakov idi. Ona görə də soydaşlarımızın keçirdiyi aksiyanı doğru və yerində hesab edirəm”.

E.Şahinoğlu bildirib ki, Avakov məsələni həll etmirsə, Ukrayna Prezidentinin diqqətini bu hadisəyə cəlb etmək lazımdır: 

"Düzdür, Poroşenkonun Avakov ilə münasibətləri normal deyil, hətta deyə bilərəm ki, gələcəkdə prezident seçkilərində Avakov Poroşenkonu dəstəkləməyəcək. Sadəcə, Poroşenko Avakovu indi işindən uzaqlaşdıra bilmir, çünki Avakov xalq cəbhəsi qruplaşmasının üzvüdür və onlar da parlamentdə müəyyən səsə malikdir. Buna baxmayaraq Poroşenkonun da Avakova elə bir rəğbəti yoxdur. Poroşenko Avakovu işindən uzaqlaşdıra bilməsə belə, onu tənbeh etməli və bu məsələlərə diqqət yetirməsini tələb etməlidir.

Ukraynada yaşayan azərbaycanlıların böyük əksəriyyətinin Ukrayna vətəndaşlığı var. Ukrayna hakimiyyəti öz vətəndaşlarının taleyinə diqqət ayırmalı, problemlərini həll etməlidir. Bununla belə Azərbaycan səfirliyinin də bu məsələdə həssas münasibətinə ehtiyac var. 

Düşünürəm ki, Azərbaycan səfirliyi bu kimi hallardan sonra daim Ukrayna Daxili İşlər Nazirliyi və rəsmi orqanlara xüsusi müraciətlər etməlidir. Niyə bu hallar tez-tez təkrarlanır və azərbaycanlı iş adamları daim oğurlanır? Nə üçün onlarla bağlı cinayət işlərinin biri də açılmır? Bunlar çox ciddi suallardır və bu suallar mütləq Azərbaycanın Ukraynadakı səfirliyinə və rəsmi orqanlarına verilməlidir. Verilmədiyi halda belə hallar yenə təkrarlanacaq”.

Yeganə Bayramova








SON XƏBƏRLƏR

2018-01-16