2018-01-12 14:26:01   |   1008 dəfə oxunub

Ekstremal vəziyyətlərdə yalnız medianı qınamaq doğru deyil

Jurnalistlər hesab edir ki, belə hallarda cavabdeh qurumlar davamlı xəbərlər verməlidir ki, ajiotaja yer qalmasın







(Əvvəli ötən sayımızda)

"Gilavar” hava-ekstrim idman klubunun 3 üzvünün itkin düşməsi fövqəladə hallarda medianın davranış qaydalarını gündəmə gətirib. Günlərdir kütləvi informasiya vasitələrinin baş xəbərini itkin düşmüş alpinistlərlə bağlı məlumatlar təşkil edir. Hazırda hansı informasiya saytına nəzər yetirsən, qarşıya ilk çıxan hər kəsin taleləri ilə bağlı böyük intizarla sevindirici bir xəbər gözlədiyi bu 3 alpinistin fotosu olacaq. Demək olar bütün ölkə alpinistlərdən xəbər gözləyir. Məhz bunu nəzərə alan media da xəbər sarıdan qıtlıq çəkilməməsinə çalışır. Lakin bu çalışmalarda istəyərəkmi, istəmədənmi, yanlışlıqlara da yol verilir.

Mövzu bununla bağlıdır; jurnalistlərin fövqəladə hallarda davranış bacarığı və peşəkarlığın qorunub saxlanması. Təəssüf ki, son günlər media, daha çox da məhz internet mediası tənqid hədəfi oldu. Xəbər saytlarının məlumat yaymaq yarışında birincilik qazanmaq ehtirası alpinistlərin ailələrinin də, dostlarının da sərt təpkisi, tənqidi ilə üzləşdi. Hətta sosial şəbəkələr və xəbər saytlarında aparılan yazışmaları, paylaşımları ağır sözlərlə təhqir edənlər də oldu. Efir yayımında bu sözlər, heç şübhəsiz, siqnallarla əvəz olunardı. İctimaiyyət onları eşitməsin deyə. Bu da bir çox xəbər saytlarının qeyri-peşəkarlığından xəbər verirdi. 

Yenə də xəbəri, hətta yalan, şayiə olsa da, birinci yaymaq uğrunda mübarizə gedirdi. İnformasiya saytlarının xəbər "yarışı”na dözməyən "Gilavar” hava-ekstrim idman klubu bəyanat yaydı və yalan xəbər yayanları sərt sözlərlə tənqid edib və bu məsələ ilə bağlı yanlış informasiyalar verildiyini qeyd edib. İtkin düşmüş alpinistlərin axtarışları ilə bağlı yaradılmış Əməliyyat Qərargahı da xəbər saytları və sosial şəbəkələrdən narazılıq edib. Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial şəbəkələrin istifadəçilərinə müraciət edərək nazirliyin fəaliyyəti, xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və anlayışla yanaşmağı tövsiyə edib. Əməliyyat Qərargahı informasiyalar verilərkən FHN-in rəsmi xəbər saytına istinad edilməsinin zərurət olduğu deyilib. Alpinistlərlə bağlı paylaşımlar o vəziyyətə çatdı ki, "Gilavar” hava və ekstrim idman klubu artıq məlumatların verilməyəcəyini bəyan etmək məcburiyyətində qalıb. Qeyd edək ki, oxşar hallar tez-tez təkrarlanır. 

Gündəlik həyatda rastlaşdığımız hadisələr zamanı sosial şəbəkələrdə, informasiya saytlarında bəzən etik çərçivələrə sığmayan, qarşı tərəfi incidə biləcək, həmçinin xəbərçilik baxımından da zərərli məlumat yayımı halları baş verir. Belədə istər-istəməz düşünürsən; insan taleyi xəbər yayımından bu qədərmi önəmsizdir? Digər tərəfdən jurnalistlərin də haqlı iddiaları var. Onlar ekstrim vəziyyətlərdə jurnalistin peşəkarlığını itirməməsini vacib şərt sayır və qarşı tərəfin də onların informasiya əldə etmək haqqını tanımasını tələb edir. Jurnalistlər gerçək hadisələr barədə ictimaiyyəti operativ qaydada necə məlumatlandırmalıdır? Media cəmiyyətdə yüksək həddə çatan təşvişin, gərginliyin qarşısını almaq üçün hər hansı maarifçilik işini görə bilərmi? Media ekspertləri və jurnalistlər Azərbaycan reportyorlarının ekstremal şəraitdə iş aparmaları qaydalarının təkmilləşdirilməsinə ciddi ehtiyac olduğunu deyirlər. Bəzi ekspertlər hesab edirlər ki, ekstremal şərait üçün jurnalistlər xüsusi olaraq yetişdirilməli və təlimlərdən keçməlidirlər. Amma bunun əksini söyləyənlər də var. Onların fikrincə, jurnalist təlatümlü meydanlarda iştirak edə-edə vəziyyətdən çıxmağın yolunu öyrənməlidir.

"Azadinform”un baş redaktoru Niyaz Niftiyev irəli sürülən iradlarla qismən razılaşıb. Təəssüflə deyib ki, internet media bir çox hallarda cavabdeh qurumların rəsmi məlumatlarını gözləmədən baş verən hadisə ilə bağlı təsdiq olunmamış informasiyalar yayırlar. Lakin burda da problemi bütövlükdə mediada deyil, elə cavabdeh qurumlarda da axtarmaq lazımdır. Yalan informasiya nə zaman meydana çıxır? Əlbəttə ki, dəqiq informasiya olmayanda və yaxud da gecikəndə...
N.Niftiyev hesab edir ki, cavabdeh qurumlar itkin düşən alpinistlərlə bağlı davamlı informasiyalar yaymalı idilər. Belə olan halda internet media və sosial platformalarda subyektiv fikirlərə çox az rast gəlinərdi: "Amma biz isə konkret cavabdeh qurumların biri-birlərini təkzib edən ziddiyyətli açıqlamalarının şahidi olduq. Digər tərəfdən, üç gəncin, həm də kifayət qədər aktiv gəncin həyatı mövzu olunca, həm sosial platformalarda, həm də internet mediada onların taleyi ilə bağlı davamlı xəbərlər istehsal olundu. Jurnalistlər bu kimi hadisələrin işıqlandırılmasında soyuqqanlı olmalıdırlar. Qıcıq yaradan, tərəfləri narahat edən xəbərlərin tirajlanması nəticəyə müsbət təsir göstərmir. Əksinə, prosesi ləngidir, maraqlı tərəflərdə təşviş yaradır”.

"Türküstan.info”nun baş redaktoru Aqil Camal isə hesab edir ki, bu məsələ bir qədər fərqli yanaşma tələb edir: "İnformasiya axtarışı, mövzuya müxtəlif yönlərdən yanaşma, müqayisələr bir qədər arxa planda olmalıdır. 

Çünki ortada 3 insanın taleyi və onların yolunu gözləyən ailə üzvləri, bütövlükdə xalqımız var. Ona görə də həmkarlarımız oxucu xatirinə ciddi əsası olmayan başlıqlardan, materiallardan maksimum yayınmalıdırlar. Hər birimiz özümüzü alpinistlərin ailə üzvlərinin, yaxınlarının yerinə qoymalıyıq. Sözügedən qurumların media ilə bağlı iradlarını bölüşmürəm. Hər kəs, hər bir qurum öz işi və missiyası ilə məşğul olmalıdır. Eyni zamanda, həmkarlarımızı da konkret bu situasiyada insani və vətəndaşlıq amillərini önə çəkməyə dəvət edirəm”.
"Milli.az” saytının baş redaktoru Anar İmanov isə iradları tamamilə doğru hesab edir: "Heç bir reytinq, "aypi” xətrinə yoxlanılmamış, yalan, dezinformasiya xarakterli məlumat yayımlanmamalıdır. Əsas da cəmiyyət üçün həssas olan mövzularda heç bir yoxlanılmamış məlumat yayımlanmamalıdır. Alpinistlərin axtarışı ilə bağlı kifayət qədər xəbərlər verilir, "Gilavar” ekstrim və idman klubu məlumat yayır, suallara cavab verir, jurnalistlərin hadisə yerinə səfəri təşkil olunub. Yəni müəyyən işlər görülür. Bununla bağlı hər hansı dezinformasiya yayanlar, məncə, cəzalanmalıdır. "Hazırda bu kimi hallarla kəskin mübarizə apara bilmirik” - tamamilə düz deyilir. Bilinmir, insanlar "dezo” ilə mübarizə aparsın, yoxsa öz işi ilə məşğul olsun, itən alpinistləri axtarsın. Bir də diqqətçəkən məqam odur ki, sosial şəbəkələrdə də qeyri-peşəkarlar elə paylaşımlar edirlər ki, cəmiyyəti çaşqınlıq içində qoyurlar. Biri yazır ki, itənlər niyə mobil telefonların siqnalları ilə axtarılmır? Və aidiyyəti orqanları fəaliyyətsizlikdə günahlandırır. Halbuki rəsmi açıqlama verilir və bəlli olur ki, mobil telefon vasitəsi ilə kimisə tapmaq üçün hadisə yerində mütləq ötürücü stansiya mövcud olmalıdır. Nəticədə həm onlar, həm diletant jurnalistlər ümumi işin gedişatına böyük zərər vurur”.

"Azadinform”un baş redaktorunun müavini Elçin Bayramlı daha sərt reaksiya verib:

"Bu nə təfəkkürdür? Necə yəni mətbuat niyə məlumat yayır? Mətbuatın vəzifəsi elə budur. Demək istəyirlər ki, hər şey cəmiyyətdən gizlədilməlidir? Yox əgər yayılan məlumat onları qane etmirsə, onda zəhmət çəkib mətbuatı operativ və dolğun məlumatla təmin etməlidirlər. Belə hallar var və həmişə olur. Lakin bu da elə onunla bağlıdır ki, qaneedici rəsmi məlumat yoxdur, ya da çox azdır. Belə şəraiti yaratmaq lazım deyil. Əgər hər gün operativ və dolğun rəsmi məlumat yayılsa, səhv məlumat yayılması mümkün olmayacaq. Məlumatsızlıq şəraiti belə halın yaranmasını stimullaşdırır”.
Oxşar hadisələrin dünyanın bir çox ölkələrində mövcud olduğunu qeyd edən "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli alpinistliyin son dərəcə təhlükəli bir sənət olduğunu deyib: "Əvvəla onu deyim ki, bu sahəni seçən hər kəs bütün təhlükələri öncədən göz önünə almalıdır. Medianın tənqid olunmasına gəldikdə isə onu deyim ki, dəvət olunan beynəlxalq mütəxəssislərin də yanaşması sübuta yetirdi ki, baş verən faciənin əsasında sözügedən klubun məsuliyyətsizliyi dayanır. Əgər alpinistlər lazımi cihazlarla təmin edilsəydilər, bu gün Azərbaycan cəmiyyəti belə bir hadisə ilə rastlaşmayacaqdı. Görünür, onlar öz məsuliyyətsizliklərindən diqqəti yayındırmaq üçün medianı ittiham edir.

Bəzi mətbuat orqanlarının özlərinin "ənənəvi” prinsiplərinə uyğun olaraq yanlış fon yaratma cəhdləri istisna deyil. Ümumiyyətlə, son illər medianın spektri o qədər biri-birinə qarışıb ki, peşəkar qurumla qeyri- peşəkarları seçmək çətinləşib. Bir media nümayəndəsi olaraq biz kim hansı işlə məşğul olur bilirik, amma sadə vətəndaşlar üçün bunu ayırd etmək zaman tələb edir. Bu nöqteyi-nəzərdən yanaşsaq, "Gilavar”ın gündəmə gətirdiyi məsələdə həqiqət payı var. Lakin bu həqiqət adıçəkilən qurumu məsuliyyətdən azad eləmir”.

E.Mirzəbəylinin sözlərinə görə, hadisə ətrafında ajiotaj yaradacaq xəbərlər mediadan daha çox sosial şəbəkələrdə gedir: 

"Təbii ki, jurnalistlər də insandır və biz hər birimiz hər üç gəncin ailəsinin ağrı-acısını paylaşırıq. Bir peşəkar olaraq bizim borcumuz yazdığımız xəbərə hisslərimizi daxil etməməyimizdir. Xəbərin xəbər yükü olmalıdır, heç bir halda emosiyalarımız özünü göstərməməlidir. Ancaq "psevdo” qəhrəmanlar get-gedə artır. Gənclərin intihar xəbərlərində belə öz "mən”lərini qabartmağa çalışırlar. Yenə deyirəm, media sahəsində mövcud olan bu problemlər "Gilavar”ın günahlarını sığortalamır”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlinin sözlərinə görə, bir sıra təşkilatların, şəxslərin medianı haqlı-haqsız tənqid etməsi, nəyi necə yazmağı öyrətmək məsələsi çox pis bir ənənəyə çevrilib: "Medianın işi baş verən hər hansı bir hadisəyə dair ictimaiyyəti məlumatlandırmaqdır. Bu kimi həssas situasiyalarda isə gərəkdir ki, aidiyyəti qurumlar vaxtaşırı mediaya məlumat versinlər, görülən işləri mətbuata açıqlasınlar. Əgər son dərəcə həssas, 3 insanın həyatı ilə bağlı məsələdə media rəsmi xəbər ala bilmirsə, bu halda qeyri-rəsmi məlumatları dərc etməkdən başqa əlacı qalmayacaq. Təbii, başa düşürük ki, olduqca ağrılı, həssas bir məsələdir. O ərazidəki şaxta və qarlı günlərdə axtarışlar aparmaq, itkin düşən alpinistləri tapmaq asan iş deyil, əziyyət çəkirlər. Amma bu kimi situasiyalarda şayiələrin mediaya ayaq açmaması üçün aidiyyəti qurumlar daim mətbuatı məlumatlandırmalıdırlar, ekstremal şəraitdə çalışmaq təcrübəsi olan jurnalistləri də axtarışlar aparılan yerlərə aparmaqla onlar vasitəsi ilə operativ məlumatlar çatdırmaq düzgün variant olardı. Təbii ki, istənilən bir məsələ ilə bağlı qeyri-peşəkar media və jurnalistlərin fəaliyyəti də tənqid olunmalıdır. Təəssüf ki, hələ də belə hallar da var. Amma bütün qınaqları bütövlükdə medianın üzərinə qoymaq özünü məsuliyyətdən uzaqlaşdırmaq cəhdidir. Ümid edək ki, axtarışlar qısa müddətdə nəticə verəcək. Hamımızın arzusu, istəyi də budur”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb







SON XƏBƏRLƏR

2018-06-19
2018-06-18