2018-01-12 14:32:35   |   599 dəfə oxunub

“Məhkəmə göstərdi ki, ədalət gec-tez yerini tutur”

Əjdər Zeynalov: “İftixar Piriyev kimiləri elə düşünür ki, Azərbaycanın qanunları yoxdur, varsa da hamısı bunun lehinə işləyəcək, hər şeyi pulla ala, sata bilər”



Teatr direktoru ilə aktyor arasında məhkəmə çəkişməsi bitdi. Aktyor Əjdər Zeynalov Məhkəmədə İftixar Piriyevi haqsız çıxardı. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yenidən işinə bərpa edilən İrəvan Dövlət Teatrının aktyoru Əjdər Zeynalov teatrın direktorunu haqsız çıxardı. Bu barədə "Şərq”ə danışan aktyor "Nə yalan deyim, məhkəmənin mənim xeyrimə qərar çıxaracağına ümidli deyildim.

Məhkəmə prosesinin necə sonuclanacağını təxmin etmək çətindir. Mən bir həqiqətimə inanırdım, bir də Allah qorxusu ilə yaşayan insanam, kimsəyə haqsızlıq etmərəm. İbadət etməsəm də, Allahıma inanan insanam. Mən məsələnin məhkəməyə qədər gəlməsinin də marağında olmamışm. Amma İftixar Piriyevin hərəkətləri, haqsızlıqları məni məhkəmə qapısına qədər gəlməyə məcbur etdi. O elə düşünürdü ki, imkanı, dostları var deyə məhkəməyə təsir edə bilər. 

Yalançı şahidlərlə, saxta təqdimatlarla kimisə işdən çıxarıb, evini yıxırsansa, həmin işlər sonda öz başına gələcək. İftixar Piriyev kimiləri elə düşünür ki, Azərbaycanın qanunları yoxdur, varsa da hamısı bunun lehinə işləyəcək, hər şeyi pulla ala, sata bilər. Ancaq üç ay davam edən məhkəmə prosesi göstərdi ki, ədalət gec-tez yerini tutur. Prosesə Hakim Almaz Süleymanova rəhbərlik edirdi. Ədalətli qərarı ilə İftixar Piriyevin haqsız olduğunu sübut etdi”.

Əjdər Zeynalov yalançı şahidlərlə bağlı da açıqlama verərkən bildirdi ki, direktorun təsiri ilə bəzi teatrdakı iş yoldaşları ona qarşı ifadə vermişdilər: 

"İftixar Piriyev bəzi işçilərə təsir etmişdi. Mənə qarşı yalan ifadələr vermişdilər. Onlar da əməllərindən peşman olduqlarını dilə gətirərək üzr istədilər. Əslində onları başa düşürəm və heç birindən incimirəm. Sənətləri bir şey olmasa da, səs-küy salan bəzi aktyorlar oldu ki, onları da qınamıram. Bilirdilər ki, direktorun tərəfini saxladıqlarına görə bunlar üçün hər bir şərait yaradılacaq, istədikləri vaxt işə gəlib gedəcəklər. Hətta eşitdiyimə görə, bəzilərinə ikinci maaş da verib. Onun məhkəməyə təqdim etdiyi əmrdən tutmuş, digər sənədlərə qədər hamısı saxta idi. Bu da məhkəmədə sübutunu tapdı”.


"Əjdər Zeynalov bu qədər intriqa, çəkişmələrdən sonra teatra bərpa edilib. Bundan sonra sizə həmin teatrda və həmin insanlarla işləmək necə, çətin olmayacaq” sualına əməkdar artist belə cavab verdi: 

"Düşünürəm ki, çətin olmayacaq. Mənim yenə də heç kimlə işim yoxdu. Professional aktyoram. Mənə həvalə olunan rol nə olacaqsa, onu hazırlayacam, məşqlərimə gəlib rolumu oynayacam, səhnəyə çıxıb tamaşaçı qarşısında çıxış edəcəm. Mənim istedadımı əlimdən almağa heç kimin gücü yetməz. Qaldı konkret İftixar Piriyevlə münasibətimə, mən yenə də işə gələndə Allah salamını verəcəm. O salamı alar, ya yox, bu da onun şəxsi işi və mədəniyyəti qədər olacaq. Mən mədəni şəkildə işimə davam edəcəm. Onun reaksiyası necə olacaq, onu deyə bilmərəm. Mən haqsızlıq etməmişəm, yalan danışmamışam. Öz haqqımı tələb etmişəm. Ona görə də kimsədən utanacaq, çəkinəcək bir tərəfim yoxdu”.

Tahirə







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25