2018-01-14 12:05:55   |   254 dəfə oxunub

“Mövcud ənənələri mümkün qədər saxlamaq lazımdır”

Professor Nizami Cəfərov dilimizin orfoqrafiya qaydaları ilə bağlı çoxlu dəyişikliklərin tərəfdarı deyil



Azərbaycan dilinin orfoqrafiya lüğətinə dəyişikliklər edilib. Yeni layihə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanıb.
Layihədə qeyd olunub ki, saitlə bitən feillərdən sonra gələn köməkçi sözlərin ilk saiti buraxılaraq y bitişdiricisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəlməliydi və s.

Bundan başqa w samitli alınma sözlər Azərbaycan dilində v ilə yazılır: veb-sayt, Vilyam, vindos, vörd və s. Eyni zamanda qeyd olunur ki, tərkibində anti, audio, avia, avto, makro, mikro, mini, mono, multi, nano, neo, post, super, ultra hissəcikləri olan mürəkkəb sözlər bitişik yazılmalıdır: antivirus, multikulturalizm, superdövlət, supermarket və.s
Təklif olunan yeni dəyişikliklərlə bağlı fikirlərini "Şərq”lə bölüşən millət vəkili, filologiya elmləri doktoru, professor Nizami Cəfərov dilimizin orfoqrafiya qaydaları ilə bağlı çoxlu dəyişikliklərin tərəfdarı olmadığını deyib. Professorun sözlərinə görə, yazılış qaydasındakı mövcud ənənələr mümkün qədər saxlanılmalıdır. Dilçilik İnstitutunda mütəmadi olaraq müzakirələrin getdiyini vurğulayan millət vəkili hazırda bir sıra mübahisəli məsələlərin olduğunu deyib: "Əsas məsələ orfoqrafiya qaydalarını sistemə salmaqdır. Əvvəlki orfoqrafiya qaydaları da kifayət qədər mükəmməl idi, amma bir sıra məsələlər var. Bu yalnız 1-2 faktla bağlı deyil. Əsas odur ki, Dilçilik İnstitutu və AMEA tərəfindən hazırlanmış orfoqrafiya qaydaları müzakirəyə veriləcək. Hər hansı bir sözün konkret olaraq necə yazılmalı olduğunu deyə bilmərəm. Çünki bunlar bir prinsip və sistem halında qaydalarda əks olunub. İşin gedişi zamanı bütövlükdə bu prinsipləri müzakirə edəcəyik. Məsələn, bizim üçün fərqi yoxdur ki, w samitli alınma sözlər w, yoxsa v ilə yazılır. Sadəcə belə ənənə var ki, həmin alınma sözlər v ilə verilir”.
N.Cəfərov həmçinin orfoqrafiya qaydalarına təklif olunan son dəyişiklikləri də diqqətə çatdırıb. O bildirib ki, hazırda "iyyat” və "iyyət” şəkilçilərinin bir "y” ilə yazılması müzakirə olunur: "Bizdə "anti”, "qeyri” hissəciyi ilə başlanan mürəkkəb sözlər var ki, gah bir yerdə, gah ayrı, gah da defislə yazılır. Bunlar stabilləşdirilməli, necə yazılması əsaslandırılmalıdır. Fikrimcə, "anti” və "qeyri” ilə başlanan mürəkkəb sözlər defislə yazılmalıdır. Amma işin gedişində, müzakirələrdə daha çox arqumentləşdirmə nəyə əsaslanacaqsa, son qərar elə deyiləcək. Yoxsa hər kəsin bilib-bilmədən özündən nəzəriyyə irəli sürməsi və təklif verməsi düzgün deyil. Çalışmalıyıq ki, orfoqrafiya qaydalarında həm mövcud olan ənənəni saxlayaq, həm də mövcud olan ənənədə variantlılıq varsa, onu aradan qaldıraq”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-06-19
2018-06-18