2018-01-14 12:08:29   |   321 dəfə oxunub

Axı, onlar da ailəsini dolandırmalıdır

Əvvəllər məhkum olan şəxslərin sürücü kimi işləməsinə məhdudiyyət qoymaq doğru deyil

Qanun, əslində avtoxuliqanların da işə qəbuluna qadağa qoymur



"Avtobus xətlərində həm sürücülər, həm də nəzarətçilərə nəzarət gücləndirilməlidir. Bəlkə də 175 saylı avtobusda sürücü sükanı öz qardaşına verməsəydi, o qəza olmazdı. Burada da daşıyıcı məsuliyyətsizliyi var”.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov marşrut daşıyıcıları ilə görüş zamanı bildirib. M.Abbasovun sözlərinə görə, BNA daşıyıcılarla aparılan birgə iş nəticəsində 3008 sürücü ilə bağlı araşdırma aparılması üçün DİN, Səhiyyə Nazirliyi və digər qurumlara sorğu ünvanlayıb:

 "Artıq Daxili İşlər Nazirliyindən cavablar gəlib. Göndərilən arayışlar nəticəsində 461 sürücünün məhkumluğunun olduğu müəyyənləşib”.

Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, qanunvericilikdə əvvəllər məhkum olunan şəxslərin sürücü kimi işləməsinə heç bir məhdudiyyət yoxdur.

"Əgər məhkum olunan şəxs dəfələrlə törətdiyi avtoqəzalar səbəbindən yox, tamam fərqli cinayət əməlinə görə məhkumluq həyatı yaşayıbsa, onun sürücü kimi işə qəbul olunmasına heç bir məhdudiyyət yoxdur. Əslinə qalsa heç avtoxuliqanlıq edən şəxsin işə qəbuluna da qanun qadağa qoymur, ancaq işəgötürən şəxslərin onların müraciətlərini geri çevirməsi başadüşüləndir.

S.Məmmədov hesab edir ki, törətdiyi cinayət əməlinə görə, cəzasını çəkib azadlığa çıxan insanlara qarşı cəmiyyətin qərəzli yanaşması və onu təcrid etməsi doğru yanaşma deyil. Heç bir ölkənin qanunvericiliyində belə bir qeyd yoxdur. 

Əksinə, normal cəmiyyətlərdə əvvəllər məhkum olunan şəxslərin reabilitasiyası üçün xüsusi proqramlar həyata keçirirlər. Bununla bağlı Azərbaycanda da müvafiq qanunvericilik var. Hansısa sürücü əvvəllər məhkum olunub deyə BNA-nın onları işdən azad etmək kimi bir hüququ yoxdur.

 Əgər sürücülərin psixoloji durumu və səhhətində ciddi problem varsa, onlar vəzifədən kənarlaşdırılmalıdır. Əvvəllər oğurluq edən şəxsin psixoloji vəziyyəti normaldırsa, onun sürücü kimi fəaliyyət göstərməsində heç bir problem yoxdur. Adam var ki, ehtiyatsızlıqdan kiməsə xətər yetirir və həbs olunur. Əvvəllər məhkum olunub deyə bu şəxsin işlə təminatına məhdudiyət qoyulmamalıdır. Əvvəl-axır haradasa, işləməli, ailəsini dolandırmalıdır axı. Əks halda digər qurumlar, şirkətlər də bəhanə gətirə bilər ki, bu adam həbsxana həyatı görüb və bizim iş mühitini pozmasın deyə işə qəbul etmirik”.

Liqa sədrinin sözlərinə görə, qanunvericiliyin əksinə olaraq cəmiyyətdə cəzaçəkmə müddətini başa vuran şəxslərin iş yerləri ilə təmin olunması zəif təşkil olunub. 

"Bu məsələyə individual yanaşılmalıdır, ucdantutma keçmiş məhbusları təcrid etmək insan haqlarına ziddir. Cəmiyyət də bu məsələlərdə anlayışlı davranmalıdır. Bu gün məhkumluq həyatı yaşayan insanların sürücü işləməsinə etiraz edən insanlar başqa vaxt cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərə iş verməyən sahibkarları tənqid edir, müvafiq Konvensiyalardan qeydlər gətirirlər”.

Şəymən







SON XƏBƏRLƏR

2018-09-25