2018-01-14 12:12:41   |   306 dəfə oxunub

İnsanların immuniteti zəifləyib, ona görə bala qaçır

Ötən il 5 min ton bal yemişik, heç belə olmamışdı

Doktor əhali arasında bala tələbatın artmasının səbəblərini izah edib




Bal tutan barmaq yalayar... Doşab almışam, bal çıxıb... Sözünü balla kəsim. Balla bağlı nə qədər belə atalar sözləri, zərb-məsəllər var. Balın min-bir dərdin dərmanı olduğunu təsdiqə ehtiyac da yoxdur. Maraqlı burasıdır ki, ötən il Azərbaycanda bal istehsalı özünün ən yüksək həddinə çatıb. Bundan da maraqlısı, istehlak edilən qidalar arasında da məhz balın birinci sırada yer almasıdır.

Balın bahalı qida olduğu da məlumdur. Hər kəsin cibinə görə deyil, baldan gündəlik istifadə etmək. Özü də təmiz, xalis bal. Belə olduğu təqdirdə əhalini bala çəkən nədir? Xəstəliklərdən sığortalanmaq cəhdimi? Mütəxəssis rəyini soruşmazdan öncə balı diqqət mərkəzinə gətirən məlumatlara nəzər yetirək.

İl ərzində 5000 ton bal yeyilib

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov Trend-ə açıqlamasında deyib ki, 2017-ci ildə ölkədə 3000 ton bal istehsal edilib. Amma istehlak olunan bal 5000 tondur. Qısaca, ötən il ərzində hamılıqla "ballı” olmuşuq. Böyüklü-kiçikli birlikdə nə az, nə çox, 5000 ton bal yemişik. Bunun 60 faizi yerli istehsalın payına düşüb. 40 faiz isə idxal məhsuludur.
B.Həsrətovun sözlərinə görə, hazırda ölkədə 300 min arı ailəsi var.
O bildirib ki, 2017-ci ildə Azərbaycanda arı ailəsinin sayı 2016-cı illə müqayisədə 50 min artıb: "Biz ötən ili 250 min arı ailəsi ilə başlamışdıq. Qış mövsümündən sonra 80 minə yaxın ailə itirdik, amma il ərzində həmin sayı bərpa etdik və arı ailələrinin sayını artırdıq. Ölkənin potensialını nəzərə alaraq, biz arı ailələrinin sayını 700 minə çatdırmağı planlaşdırırıq. Bu, bizə bal idxalından asılılığı tamamilə aradan qaldırmağa və ixrac coğrafiyasını artırmağa imkan verəcək”.

Hamı bal istəyir

Arıçılıq məhsullarının ixrac potensialı və bu sahədəki imkanlarla bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin icmallaşdırma və statistik təhlil şöbəsindən bildirilib ki, BMT-nin Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, 2014-cü ildə dünya üzrə 1.510,566 ton məhsul istehsal olunub. Bunun da 795 min tondan çoxu Çin, Türkiyə, ABŞ, İran və Rusiyanın payına düşüb. Bu beşlikdə ən böyük pay sahibi isə Çindir. Belə ki, Çin 2014-cü ildə 462 min ton bal istehsal edib ki, bu da dünya üzrə istehsalın 30,6 faizinə bərabərdir.

"Global Industry Alalists, Inc” konsaltinq şirkətinin proqnozuna əsasən, 2022-ci ildə satış məqsədli bal istehsalının həcmi 2,4 milyon tona çatacaq. Buna səbəb kimi bala olan tələbatın ərzaq, kosmetika və dərman sahələrində artması göstərilir. GİA-nın məlumatına əsasən, ümumi təbii bal istehlakının 48,1 faizi Asiya-Sakit okean regionunun payına düşür. Bu regiona 58 ölkə, o cümlədən Rusiya, Çin, ABŞ, Yaponiya, Kanada daxildir. 2016-cı ildə Ukrayna 97,3 milyon dollar dəyərində 56,9 min ton bal ixrac edərək, Çindən sonra ən iri bal ixracatçısı olub. Bu, 2015-ci il göstəricisindən 58,5 faiz çoxdur. Ukrayna məhsulun 33 faizini Almaniyaya, 18,6 faizini Polşaya, 17,7 faizini ABŞ-a ixrac edib. İxrac olunan məhsulun bir tonunun qiyməti isə 1700-1900 dollar təşkil edib.

Dünya üzrə bal idxalının 21 faizi, yəni 166 min tonu ABŞ-ın payına düşür.
Azərbaycana gəldikdə, son illər arıçılığa artan maraq bu sahədə ixrac ənənəsinin yaranmasına təkan verib. Ötən il Azərbaycandan ixrac olunan 1 ton balın orta qiyməti 8 min ABŞ dolları təşkil edib ki, bu da dünya üzrə orta idxal qiymətindən 2,5 dəfə çoxdur.
Çində daha yüksək idxal qiyməti Yeni Zelandiya, Avstraliya, ABŞ, Kanada, Yaponiya, Türkiyə və Avropa ölkələrinin məhsullarına məxsusdur. 2016-cı ildən etibarən Çin hökuməti idxal olunan bal məhsulları üzrə nəzarəti gücləndirərək, ilkin olaraq 15 Avropa ölkəsinə Çinə maneəsiz təbii bal və arıçılıq məhsullarının idxalı hüququ verib. Sonradan bu siyahı genişləndirilib. Əgər Azərbaycan da həmin siyahıya düşə bilsə, böyük və sərfəli ixrac bazarı əldə etmiş olar.

"Bazarda təmiz bal yoxdur”

Bunu isə "Şərq”ə açıqlamasında pediatr Vaqif Qarayev söylədi. Doktor əhali arasında bala tələbatın artmasının səbəblərini belə izah etdi:


- Hamımız bilirik ki, dədə-babadan bal ən qüvvətli qida hesab olunur. Həmişə deyərlər ki, səhər bir qaşıq bal ye, canın sağlam olsun. Bunu elə-belə, səbəbsiz demirlər. Bal, amma təbii ki, təmiz, təbii bal immuniteti gücləndirən çox faydalı qidadır. Hazırda hamını narahat edən də məhz immunitet zəifliyidir. Çünki xəstəliklərin yaranma səbəbi buna bağlıdır. Bal, immuniteti gücləndirir, xəstəlik törədicilərə qarşı (bakteriyalar, viruslar) "döyüşür”, tərkibindəki fruktoza səbəbindən diabet xəstələri üçün də əlverişlidir, ürək-damar, qan azlığı (tərkibindəki dəmirə görə), mədə-bağırsaq xəstəliklərində müalicəvi xüsusiyyətə malikdir. Tərkibindəki kalium sümüklərin, dişlərin möhkəmliyini təmin edir. Balın bir çox müsbət xüsusiyyətləri var. Eyni zamanda bəzi mənfi təsirləri də ola bilər, çünki həm də allergik təsirə malikdir. Allergik problemi olanlar və qan təzyiqindən əziyyət çəkənlər gərək balla ehtiyatlı davransınlar. Uşaqların fiziki inkişafında bal əvəzsizdir. Bayaq dediyim kimi, sümükləri, dişləri bərkidir. Səhər bal yemək beyin yorğunluğunun qarşısını alır. Bunu xüsusilə, saatlarla kompüter qarşısında əyləşənlər nəzərə almalıdır. Xalq təbabətində də həmişə geniş istifadə olunub.

 Yaralara, çapıqlara bal qoyub üzərini sarıyıblar. Bal antibakterial olduğu üçün yaranı çirklənməkdən - bakteriyalardan qoruyur. Balı belə möcüzəvi edən onun təbii materialdan hazırlanmasıdır. Buna görə bal əvəzsizdir. Amma düzünü deyim ki, mən bazarda satışa çıxarılan məhsulların keyfiyyətinə inanmıram. Bazarda təmiz bal yoxdur. Firma mağazalarında satılanlara da inanmıram. Bəlkə kimsə qapısında, bağçasında bal yetişdirir, halal arının işinə haram qatmır, onda təmiz bal olar. 

Başqa harda nə satırlar-satsınlar, o, təmiz, xalis bal deyil. Ümumiyyətlə, indi əksər məhsulların tərkibi konservantlarla doludur. Pasiyent mədə-bağırsaq pozğunluğu ilə müraciət edir, ona müəyyən qidaları məsləhət görürsən, amma bir müddət sonra baxırsan ki, müsbət təsiri yoxdur. Çünki qida məhsullarının tərkibində konservant var. Azərbaycan kimi münbit torpağı olan bir ölkədə qışda da, yayda da parnik pomidoru satılır. Belə olan halda, nədən danışaq?!

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-06-19
2018-06-18