2018-01-14 12:16:47   |   188 dəfə oxunub

Alpinistlərin xilası üçün təkliflər çoxalır

Türkiyədən 2593 nəfəri xilas etmiş AKUT çağırılsın




"Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı itkin düşən alpinistlərlə bağlı açıqlama verib. Onun sözlərinə görə, Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bünyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları çətinləşib.

Z.Qasımlı deyib ki, alpinistlərin axtarışları bu gün zəif aparılıb: "Buna səbəb hava şəraitinin pis olmasıdır. Həmçinin ötən axşam Qubaya qar da yağıb. Hələlik axtarışlar nəticə vermir”.
Alpinist Camal Qaşqay isə alpinist dostları ilə sonuncu əlaqəsinin onların dağa çıxmazdan əvvəlki gün gecə dağ ətəyində düşərgə saldıqları zaman olduğunu deyib. C.Qaşqay vurğulayıb ki, bu, itkin düşmüş alpinistlərdən alınan sonuncu mesaj oldu: "Həmin gecə güclü külək və qar müşahidə olunurdu. Ehtimal ki, onlar sonra dağa çıxan zaman problemlə üzləşiblər, lakin xilasetmə komandası və helikopterlər əsas düşərgədən yuxarıda onlardan heç bir iz tapa bilməyib”.

O qeyd edib ki, itkin düşən alpinistlər səfərə getməzdən əvvəl lazımi sənədləşdirmə və yoxlama işlərini həyata keçirmişdilər, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən və digər müvafiq qurumlardan lazımi icazə almışdılar.

Alpinistin sözlərinə görə, qrup yaxşı təchizatlanmışdı və onlardan ikisi kifayət qədər təcrübəyə malik idi (trend.az).
Bir qrup alpinist dostları itkin düşmüş alpinistlərin axtarışları üçün əlavə tədbirlərin görülməsi ilə bağlı təkliflər hazırlayıblar.

Onlar qeyd ediblər ki, axtarışların daha səmərəli olması üçün müvafiq qurumların atacaqları əlavə addımlar, ərazidə istifadə edilə biləcək əlavə avadanlıqlar mövcuddur. Alpinistlərin dostları itkin düşən gənclərin yerlərinin müəyyənləşdirilməsi üçün onların istifadəsində olan mobil telefonlardan alınan son siqnallarla hərəkət trayektoriyasının müəyyənləşdirilməsi, abunəçiləri olduqları mobil rabitə operatorlarından və alpinistlərdən birinin üzərində olan telefonun istehsalçısı "Apple” şirkətindən ən son siqnalların, antenn məlumatlarının alındığı koordinatların müəyyənləşdirilməsini istəyirlər. Bundan başqa, dünyanın müxtəlif ölkələrində xilasetmə işlərində istifadə edilən "Ground Penetrating System” əsasında çalışan müasir texnikaların alınaraq ölkəmizə gətirilməsini təklif edirlər.

Belə avadanlıqlar sırasında 15-20 metr dərinlikdəki qar və buz altında axtarışların aparılması, qar uçqunu altında qalan qurbanların yerlərinin müəyyənləşdirilməsi üçün istifadə edilən, Kanadanın "Sensors&Software” şirkətinin istehsalı olan "SnowScan Rescue” Radar, İsrailin "Camero-Tech” şirkətinin istehsalı olan və "Sense-through-the-wall” təsvir texnologiyası ilə çalışan avadanlıq, 70 metr dərinliyə kimi metal əşyaları təyin edən detektor - MF 9700 QUINARY, NASA-nın istifadə etdiyi ‘FINDER’ (FINDER Search and Rescue Technology) cihazı , -20 (mənfi iyirmi) dərəcəyə qədər termo həssaslıqla göstərən Termographic kameralar və digər avadanlıqlardan istifadə olunması təklif olunur. Alpinistlərin dostları müvafiq dövlət qurumlarının açıqlamalarında, Quba rayonunda keçirilmiş mətbuat konfransında, yaxud KİV-də yayılan məlumatlar arasında bu avadanlıqlardan hansılardan istifadə edilməsi, hansıların istifadə edilməməsi ilə bağlı məlumatın olmamasını qeyd edirlər.

Eyni zamanda, itkin düşən alpinistlərin dostları bu sahədə peşəkar təcrübəsi olan, qardaş Türkiyədə ixtisaslaşmış TDF (Türkiye Dağcılık Federasyonu) və 2668 əməliyyat keçirərək 2593 nəfəri xilas edən AKUT (Arama Kurtarm Derneği) təmsilçilərinin Azərbaycana gəlmək üçün hazır olduqlarını, lakin hələ də müvafiq rəsmi icazəni gözlədiklərini bildirir və dövlət qurumlarından TDF və AKUT xilasedicilərinin də axtarış-xilasetmə prosesinə cəlb olunmasını təklif edirlər.

Şəymən








SON XƏBƏRLƏR

2018-01-16