2018-01-14 12:19:55   |   219 dəfə oxunub

Alimentdən yayınan kişilər artır

Problemi aradan qaldırmaq üçün cinayət məsuliyyəti nəzərdə tutulsa da, bu, kifayət qədər effekt vermir




Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova aliment barədə məhkəmə qərarlarının vaxtında icra edilməməsi ilə bağlı Komitəyə çoxsaylı müraciətlərin daxil olduğunu deyib.

Şöbə müdirinin sözlərinə görə, alimentin ödənilməsi ilə bağlı problemlər var: "Bəzən elə olur ki, valideyn öz gəlirlərini gizlədir və məhkəməyə səhv məlumatlar verir. Komitəyə qadınlardan daha çox şikayətlər gəlir. Təbii ki, bu situasiyada ilk növbədə uşağın hüququ pozulur. Çünki boşanmış ailənin övladı daim maddi təminat almalıdır”.

T.İbrahimova bildirib ki, aliment probleminin həlli üçün Komitə bir çox xarici ölkələrin təcrübəsi ilə maraqlanıb: "Bu sahədə bəzi ölkələrdə qanunvericilik daha da sərtləşdirilib. Bir çox ölkələrdə alimenti ala bilməyən uşaqlara dövlət tərəfindən xüsusi müavinətlər təyin edilir və alimentin vaxtında ödənilməsini ayrıca yaradılmış aliment fondu öz üzərinə götürür. Qarşı tərəf borcunu fonda ödəməli olur.
Azərbaycanda da alimentlə bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı təkliflər irəli sürülmüşdü ki, məhkəmənin qərarlarını icra etməyənlər üçün cəza tədbirləri daha da sərtləşdirilsin. Qanuna dəyişiklik edildi. Məhkəmə alimentlərlə bağlı qərarlarının dərhal icra edilməsi qərarı verir. Buna baxmayaraq, bu sahədə boşluqlarımız var. Ola bilsin, gələcəkdə ölkəmizdə aliment fondunun yaradılması məsələsi yenidən gündəmə gəlsin”.

Məlumdur ki, ölkəmizdə adətən boşanma hallarında uşaqlar ananın himayəsinə verilir. Məhkəmə alimentin ödənilməsi barədə qərar qəbul etsə də, qarşı tərəf öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Əsas problem də elə bu zaman başlayır. Görəsən, ölkəmizdə aliment fondunun yaradılması baş tutarsa, bəzi neqativ hallar aradan qalxa bilərmi?

Zaman-zaman aliment fondunun yaradılması ilə bağlı müzakirələr getdiyini deyən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə bildirib ki, ölkədə aliment probleminin həlli istiqamətini axtarmaq və məsələni gündəmdə saxlamaq üzrə cəhdlər edilir. Birlik sədrinin sözlərinə görə, hazırda alimentdən yayınan kifayət qədər şəxslər var. Baxmayaraq ki, cinayət məsuliyyəti nəzərdə tutuldu, amma problem yenə də qalmaqdadır: 

"Əvvəllər bu məsələ ilə bağlı cinayət məsuliyyəti yox idi. Problemi aradan qaldırmaq üçün cinayət məsuliyyəti nəzərdə tutulsa da, bu, kifayət qədər effekt vermir. Aliment fondunun yaradılması, dövlət büdcəsindən qadınların və uşaqların problemlərinin həllinə yönəlmiş bu ideya əslində çox gözəldir. Lakin burda mexanizm məsələsini düşünmək lazımdır. 

Dövlət uzun müddət bu vəsaiti ödəyə bilməyəcək, büdcəyə kifayət qədər pul ayrılmalıdır və vəsaitlər geri qayıtmasa, bu bir gün iflasa gətirib çıxara bilər. Əgər cinayət məsuliyyəti kifayət qədər təsir göstərmədisə, onda alimentin ödənilməsi qarşılığında pulun şəxsdən alınıb geri qaytarılması hansı metodlarla həyata keçiriləcək? Əvvəlcə bunu düşünüb, sonra ideyanın təsdiqinə nail olmaq lazımdır. Əks təqdirdə, bu, dövlət büdcəsinə kifayət qədər zərər gətirə bilər”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-06-19
2018-06-18