2018-01-16 13:30:21   |   518 dəfə oxunub

Minlərlə ailə sevinəcək

Ola bilsin ki, “qızıl amnistiya” bahar aylarında imzalansın

Əliməmməd Nuriyev: “Amnistiya Cümhuriyyətin 100 illiyini nəzərə alaraq, daha geniş şəkildə həyata keçirilə bilər”




Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı deyib ki, 2018-ci ildə Azərbaycan Prezidenti tərəfindən ən yüksək əfv fərmanının imzalanması gözlənilir. M.İbrahimqızı deyib ki, bu il imzalanacaq əfv fərmanı ilə daha çox məhbusun azadlığa qovuşacağı nəzərdə tutulur.

2017-ci ilin fevralında ölkə Prezidenti tərəfindən cəzaların hümanistləşməsi ilə bağlı çox mühüm qərar qəbul edildiyini xatırladan deputat deyib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bütün maddələri də dövlət başçısının qəbul etdiyi qərara uyğun olaraq təkmilləşdirilir. Təbii ki, bütün bunlar əfv olunan insanlara şamil edilir. Yəqin ki, bu il də cənab Prezident tərəfindən növbəti əfv fərmanının imzalanması gözlənilir. İnşallah, bu il daha çox məhbus Prezidentin imzaladığı qərardan faydalanacaq.


İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı da "Şərq”ə açıqlamasında "Qızıl amnistiya” barəsində məlumatlı olduğunu deyib. Onun sözlərinə görə, çox sayda məhbusların azadlığa buraxılması üçün əhatəli əfv sərəncamının olması arzuolunandır. Bu o deməkdir ki, yüzlərlə məhbusun məhkum həyatına son veriləcək və minlərlə ailə sevinəcək.


"Qızıl amnistiya”nın hansı tarixdə imzalanacağına gəldikdə isə hüquq müdafiəçisi bahar ayları üçün gözlənilən olduğunu deyib: "Ola bilsin ki, ənənəyə uyğun olaraq Novruz bayramı ərəfəsində ölkə başçısı tərəfindən belə bir Sərəncam imzalansın. Məhkumların bu cür əziz bayramı öz yaxınlarının, doğmalarının arasında keçirməsi gözəl olardı. Ancaq əfv sərəncamının 28 May -da imzalanacağını daha real hesab edirəm. Bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə 2018-ci il prezident sərəncamı ilə "AXC ili” elan olunub. Bu nöqteyi-nəzərdən Əfv sərəncamının da məhz bu ərəfədə imzalanacağını güman edirəm”.

Adətən əfvin yüngül cəza ilə məhkum olunan şəxsləri əhatə etdiyini qeyd edən Səadət Bənənyarlı deyib ki, əvvəlcədən "Qızıl amnistiya” ilə bağlı məlumatların yayılması o anlama gəlir ki, bir çox maddələr üzrə həbs olunan şəxslər azadlığa çıxa bilər.

Humanitar Tədqiqatlar Mərkəzi İB-nin sədri Əvəz Həsənov isə bu barədə ciddi xəbər eşitmədiyini deyib: "Yalnız qəzetdən oxumuşam. Daha ətraflı Əliməmməd Nuriyev deyə bilər. Bircə bildiyim odur ki, bu ilin fevral ayından Prezidentin sərəncamına əsasən cəzaların humanistləşdirilməsi ilə bağlı qaydalar qüvvəyə minib. Deməli, bu il minlərlə məhkumun cəzası şərti cəza ilə əvəzlənəcək və yaxud onlara xüsusi qolbaqlar tətbiq etməklə azadlığa buraxacaqlar”.

Şəymən







SON XƏBƏRLƏR

2018-05-25