2018-01-16 13:32:47   |   188 dəfə oxunub

O dərman yuxu, tormozlanma, depressiya gətirir

Əhalinin həkim təyinatı olmadan apteklərə üz tutması təhlükəlidir

“Qısa müddətə ağrısı keçir, sonra da həkimə müraciət etmək, müayinə olunmaq yaddan çıxır. Bu isə sonradan çox ağır fəsadların yaranmasına səbəb olur”



Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Fransa və Danimarka alimləri tərəfindən insanda sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsi kimi xəstəliklərə yol açdığı deyilən dərman - "İbuprofen”lə bağlı açıqlama verib.

Mərkəzdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycana bu adda dərmanların gətirilməsinə icazə verilir.
Azərbaycana gətirilən "İbuprofen” dərmanları Belarusun Borisov Dərman Preparatları Müəssisəsi tərəfindən istehsal edilir.

Bu dərman Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2014-cü il noyabrın 4-də qeydiyyata alınıb. Qeydiyyatın bitmə tarixi 2019-cu ilin noyabrın 4-dədir.
Nazirlik bildirir ki, ibuprofen dərmanları Azərbaycana örtülü tabletlər (10 ədəd) formasında gətirilir:
"İndiyədək bu dərman vasitəsinin əks təsirləri, əlavə təsirləri ilə bağlı mərkəzə şikayət daxil olmayıb”.
"İbuprofen”lə bağlı Fransa və Danimarka alimlərinin apardığı araşdırmaya görə, tərkibindəki əsas maddə ibuprofen olan dərman yüksək dozada qəbul edildiyi zaman sonsuzluq, diqqətsizlik, depressiya, əzələ əriməsinə səbəb ola bilər.

Dərmanın içlik (təlimat) vərəqində qeyd edilir ki, İbuprofen ağrıkəsici və iltihabəleyhinə vasitə kimi revmatoid artritin (o cümlədən, yuvenil revmatoid artrit və still xəstəliyinin), ankilozlaşdırıcı spondilit, osteoartroz və digər qeyri-revmatoid (seroneqativ) artropatiyaların müalicəsində istifadə olunur.
Doza həddinin aşılması zamanı qarında ağrı, ürəkbulanma, qusma, başgicəllənmə, tormozlanma, yuxululuq, depressiya, baş ağrısı, hipotoniya, qıcolmalar, ürək ritminin pozulması, tənəffüsün zəifləməsi kimi hallar baş verir.

Dərmanın əlavə təsirləri-bağırsaq qanaxması, ürəkbulanma, qusma, ishal, meteorizm, qəbizlik, dispepsiya, qarında ağrı, melena, qanlı qusma, xoralı stomatit, kolitin kəskinləşməsi və kron xəstəliyi, çox nadir halda pankreatit, anafilaksiya, astma, bronxospazm və ya təngnəfəslik, ürək çatışmazlığının əlamətləri, yuxusuzluq, həyəcan, depressiya, huşun pozulması, hallüsinasiyalar, görmə sinirinin nevriti, baş ağrısı, paresteziyalar, başgicəllənmə, yuxululuq və s.-dir.

Məsələ ilə bağlı "Şərq”ə danışan Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov qeyd etdi ki, "İbuprofen” dünyada qəbul olunan dərman preparatıdır:

- "İbuprofen” 3-lü təsir göstərən dərmandır. 3-lü təsir nədir - yəni, həm ağrıkəsici, həm iltihab əleyhinə, həm də hərarətsalıcıdır. "İbuprofen”in siropları da apteklərdə satılır. Qızdırması olan uşağa bu siropdan bir çay qaşığı içirən kimi qızdırması düşür. Bu dərman dünyada qəbul olunur və zərəri barədə heç bir xəbərdarlıq edilməyib. Farmokologiya üzrə beynəlxalq institut var, bu dərman zərərli olsaydı, onlardan bir açıqlama verilərdi. Amma belə bir açıqlama, xəbərdarlıq yoxdur.

Ş.Məmmədov əhalinin həkim təyinatı olmadan apteklərdən dərman preparatları almasının doğru olmadığını da bildirdi:

- Mən hər zaman pasiyentlərimə də, əhaliyə də məsləhət görürəm ki, həkimin təyinatı olmadan dərman almasınlar. Aptekdəkilər özlərini az qala "professor” hesab edir, alıcıları ələ alırlar. Əhalidə də son illər belə yanlış bir təfəkkür formalaşıb ki, aptekdəkilər, guya həkimdən çox bilir. Başı, dişi ağrıyan, müəyyən bir yerində sancısı olan gedir aptekə, bir ağrıkəsici alır, qəbul edir. Qısa müddətə ağrısı keçir, sonra da həkimə müraciət etmək, müayinə olunmaq yaddan çıxır. Bu isə sonradan çox ağır fəsadların yaranmasına səbəb olur.

Bəzən əhali həkim müayinəsinə pul sərf etməkdənsə, aptekdən, özbaşına, ya da aptekçinin məsləhəti ilə dərman alıb qəbul etməyi üstün tutur. Həkim müayinəsinə bəlkə 5-10 manat pul xərcləyəcək, amma əvəzində sağlamlığı haqqında doğru məlumat əldə edəcək, amma 5-10 manatı özünə qıymır, sonrasa aylarla müalicə olunmaq lazım gəlir.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-02-22
2018-02-21