2018-01-16 13:40:25   |   467 dəfə oxunub

“Kristal” qrupuna rəqib yoxdur”

Mədinə Məlik iddialı açıqlamalar verdi

“Qismət” qrupunun rəhbəri Tural Qismət isə fərqli düşünür




Şou-biznesdə, səhnədə müğənnilər arasında rəqabət tez-tez özünü göstərir. Onlar səhnədə fərqlənmək, toy bazarında seçilmək üçün bəzən ən riskli ideyalara can atırlar. Bəs şou-biznesdə olan qruplar arasında necə, rəqabət varmı? Onlar istər səhnədə, istər toyda seçilmək üçün niyə iddialı deyillər? Son illər niyə qrupların hitlərinə, kliplərə rast gələ bilmirik? Onlar konsert proqramları ilə çıxış etməyə niyə iddialı deyillər?

Suallarımızla qrup rəhbərlərinə üz tutduq. Şou-biznesdə 18 ildi qrup rəhbəri kimi tanınan, bir çox hallarda iddiaları ilə şou əhlinə meydan oxuyan prodüser Mədinə Məlik "Şərq”ə maraqlı açıqlamalar verdi. "Kristal” qrupunun rəhbəri kimi tanınan Mədinə Məlik "Artıq 14 ildir "Kristal” qrupuna rəhbərlik edirəm. Başqaları haqqında danışa bilmərəm. 

Amma "Kristal” qrupu hər zaman tələbatlı olub. İstər təbdirlərə, istər toylara dəvət alırıq, maraqlı olmağı bacarmışıq. Bunun üçün illərin zəhməti var. Qrup idarə etmək asan deyil. Heç bir sponsor olmadan, dəstək gəlmədən qrupu idarə etmək, tələbatlı qalmaq ciddi əməyin nəticəsidir. Mən bəziləri kimi disk aparıb gətirməmişəm. Mən qrupun fəaliyyəti üçün çalışmışam. Bilirsiz ki, radiolar, efirlər maddiyata bağlıdır. 

"Kristal” qrupu mənim gücümə uğur qazanıb. Öz vəsaitim hesabına mahnılar almışam, kliplər çəkdirmişəm, layihələr həyata keçirmişəm. Paralel olaraq hazırda yeni bir qrup da açmışam. "Stop” qrupu səhnəyə gəlişi ilə maraqlı ola bildi. Bir oğlan, bir qızdan ibarət qrup yaratdım. Azərbaycanda bir qız, bir oğlandan ibarət qrup yox idi. Belə qrup yaratmağı uzun illərdi düşünürdüm. Hətta "Kristal” qrupunda dəyişiklik edirəm. Artıq "Kristal” qrupu 3 qızla səhnəyə çıxacaq. Əvvəllər də 3-lük şəklində fəaliyyət göstərib. 

Sonradan 2 nəfərdən ibarət oldu. Düşünürəm ki, yenidən 3 musiqi təhsili olan yeni bir nəfəslə "Kristal” səhnədə partlayış edəcək. Son bir ayda məşqlərə başlamışıq. Yeniliklərimiz çox olacaq. Musiqi təhsili olan qızlarla işləyəcəm. Bu, qəti fikrimdi. Maraqlı layihələrimizin olacağına əminəm”. Mədinə Məlik "qruplar arasında rəqabət varmı” sualına belə cavab verdi: 

"Mən deməzdim ki, qruplar arasında rəqabət var. Mən şəxsən hiss etmirəm. Çünki səhnədə heç kim böyük iddia nümayiş etdirmir. 

Elə toya gəlib oxumaq üçün çalışırlar. Mənim yaratdığım qrup isə təkcə toy bazarı üçün səhnəyə gəlməyib. Bir fikir bildirəcəm. Bəlkə bu sözdən sonra bəzi qrupları yerindən tərpədə bilərəm. "Kristal”a rəqib olmayıb. Bəlkə bundan sonra olmaq istəsinlər. Biz də meydanda bu rəqabətə hazırıq. Çünki "Kristal” yeni heyətlə çox güclü performans nümayiş etdirəcək. "Kristal”a ancaq öz yeni yaratdığım "Stop” rəqib olmağa iddialıdır. Maraqlıdır ki, ikisi də mənimdi, ancaq aralarında rəqabət hiss olunur. 

Bu mənim xoşuma gəlir. Deməli, onlar iddialı ola bilirlər. Sağlam rəqabət var aralarında. Yeni nəfəs verdiyim "Kristal” "Stop”a rəqib ola bilər. Amma köhnə "Kristal” "Stop”a rəqib ola bilməzdi. İndiki qızlarım çox istedadlı, musiqi təhsili olan gənclərdi. Mənə onlarla çalışmaq ləzzət edir”. Artıq Mədinə Məlik ancaq musiqi təhsili olanlarla çalışmağa qərar verib. Qrupu idarə etməyin çətin olduğunu nəzərə alsaq, Mədinə Məlik rəhbər olaraq bunun bacara bilib. Qrup rəhbəri açıqlamasında bu məsələlərə də aydınlıq gətirdi. Eyni zamanda qrupların niyə konsert vermədiyini də belə izah etdi: "Konsert vermək böyük məsuliyyət tələb edir. Bunun üçün böyük vəsait və maraqlı repertuar vacibdi. Repertuarımız genişdi. Bu baxımdan sıxıntı çəkmirik. Amma konsert üçün böyük vəsait lazımdı deyə bunu reallaşdırmaq çətindi. Düzdü, Heydər Əliyev adına Saraydan təklif gəlib. İnşallah, bir gün qrup olaraq konsert təqdim etməyi də nəzərdə tutmuşam. Mənə elə gəlir ki, maddi imkanlarımız yaxşı olsa, konsert verə bilərik”.

"Qismət” qrupunun rəhbəri Tural Qismət də mövzu ilə bağlı fikirlərini bölüşdü. Qruplar arasında ciddi rəqabətin olmamasının izahını verdi: 

"Qrupda hamı öz iddiasını və eqosunu sübut etməyə çalışır. Hamı istəyir ki, sözü keçərli olsun, ən çox pul onun payına düşsün. Ona görə də birgəlik olmur. Bu baxımdan qruplar ya dağılır, ya da heyəti dəyişir. Mən "Qismət” qrupunu yaratmışam. Eyni zamanda məclislərdə, toylarda aparıcılıq da edirəm. Qazancı eyni necə bölə bilərəm ki? Axı mənim zəhmətim daha böyükdü. Mənim şəxsi münasibətlərim sayəsində toylardan dəvətlər gəlir. Amma pul məsələsinə gələndə, hamı çalışır ortaq olsun. Ona görə də qruplarda rəqabət hiss olunmur. Qaldı konsert proqramlarının, kliplərin olmamasına, klipə tələbat qalmayıb. Klipin çəkilişinə xərclənən pulu radiolara ödəmək daha sərfəlidir. Çünki radiolarda reklam toy bazarımıza təsirini göstərir. Kliplərə isə baxan yoxdu artıq. Konsert proqramları üçün də vəsait lazımdı. 

Qrupda heç kim reklam, piar üçün bir manatından keçmək istəmir. Belə olanda konsert etmək mümkün olarmı? Adicə maqazin proqramlarına çıxmaq üçün ödəniş tələb olunur. Heç kim pul vermir, amma kamera qarşısına çıxanda hamı çalışır ki, onun dedikləri daha çox təqdim edilsin. Qruplar arasında rəqabətə ehtiyac yoxdu, qrupun içində olanlar biri-biri ilə rəqabət aparırsa, az qala paxıllıqdan söz-söhbətlərə səbəb olursa, birgə konsert vermək sizcə mümkün ola bilər? Axı konsert vermək üçün birgə əmək sərf olunmalı, birgə vəsait xərclənməlidir. Qrupda olanlar isə nə əmək sərf etmək istəyirlər, nə pul xərcləməyə ürəkləri var. Ona görə də hələ ki qruplardan böyük konsert proqramları gözləməyə dəyməz”.

Tahirə Məmmədqızı







SON XƏBƏRLƏR

2018-02-22
2018-02-21