2018-01-23 19:17:01   |   2904 dəfə oxunub

Aparıcı efirdə deyir: "Zooparka gələn zəvvarların sayı artıb” - Dilçi-alimdən etiraz

Adil Babayev: "O dərk etmir ki, zəvvar peyğəmbəri ziyarət edənlərə deyilir. Ayı və meymuna tamaşaya gələnə necə zəvvar demək olar axı ? Bu, çox kobud səhvdir"




Tanınmış dilçi-alim, professor Adil Babayevin "Sherg.az"a müsahibəsini təqdim edirik:

-Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində -iyyat,- iyyət və -iyyə şə¬kil¬çisi olan sözlər qoşa "yy" samiti ilə yazılıb. Fonetik prinsipə əsaslanaraq yeni lüğətdə tərkibində həmin şəkilçilər olan sözlər bir "y" ilə yazılır. Bu dəyişikliyi necə dəyərləndirirsiniz ?

-Sözün kökündə qoşa "yy" samiti varsa, olduğu kimi yazılır. Məsələn, "təyyarə”, "səyyarə” kimi sözlər qoşa "yy" ilə yazılmalıdır. Amma şəkilçilərdə qoşa "yy" samiti varsa, sözə - iyyat, - iyyət, -iyyə şəkilçiləri əlavə edilibsə, bu, bir "y" ilə yazılmalıdır. Buna ədəbiyyat (ədəbiyat), riyaziyyat (riyaziyat) sözlərini misal gətirmək olar. Əvvəllər apastrof var idi. Düşünürdülər ki, apastrof olmasa, tələffüzdə çətinlik yaranacaq. Amma apastrof götürüləndən sonra heç bir problem yaranmadı. Ümumiyyətlə, dili nə qədər asanlaşdırsan, o qədər yaxşıdır.

-Əsgər (əskər), İsgəndər (İskəndər), işgəncə (işkəncə)və s. tipli sözlərin g samiti ilə deyil, k ilə yazılmasına nə ehtiyac var idi?

-"G" samiti ilə yazıldığı zaman g-dan öncəki hərf kar samit olduğundan onu da karlaşdırır. Cümlə daxilində [əskərliyə gedirəm] – şəklində tələffüz edilir və hesab edirəm ki, bu, dəyişiklik düzgündür.

- "Alqı-satqı”nı "alğı-satqı” formasına salıblar. Sizcə bu doğrudurmu ?

-Əslində bu sözün özü xoşagələn ifadə deyil. Ümumiyyətlə, həmin ifadəni "alış-veriş” şəklində əvəzləsələr, daha yaxşı olar. Leksikonumuzda "alqı-satqı” sözü olmasa yaxşıdır.

-Kompyuter sözü kompüterlə əvəzləndi...

-Bunu müsbət qiymətləndirirəm. "Kompüter” sözünün bu şəkildə yazılışı daha düzgündür. Digər sözlərdə də müvafiq qaydalara riayət etmək müsbət nəticə verər.

-Son zamanlar televiziya aparıcılarının dil normlarını kobud şəkildə pozması sərt tənqid hədəfinə çevrilib. Nə baş verir ?

- Teleparıcıların nitqi çox bərbaddır. Onların dilini məqbul saymaq olmaz. Nə tələffüzləri düzgündür, nə də işlətdikləri ifadələr yerli - yataqlıdır. Aparıcı efirdə deyir ki, "zooparka gələn zəvvarların sayı artıb”. Həmin aparıcı dərk etmir ki, zəvvar peyğəmbəri ziyarət edənlərə deyilir. Ayı və meymuna tamaşaya gələnə necə zəvvar demək olar axı ? Bu, çox kobud səhvdir. Onlarla belə misallar çəkə bilərik.

-Problemin həlli üçün təklifləriniz varmı ?

-Aparıcılar tələffüzlərini ədəbi dil normalarına uyğunlaşdırmalıdırlar.

-Paytaxtdakı əksər şadlıq saraylarının, kafelərin, mağazaların və digər obyektlərin adında əcnəbi sözlərə çox rast gəlirik...

-Ən pis vəziyyət məhz bu sahədədir. Obyekt açarkən adında yalnız əcnəbi dildən, xarici sözlərdən istifadə edirlər. Başa düşmək olmur, bura Bakıdır, yoxsa İtaliya. Halbuki ulu öndər Heydər Əliyevin fərmanında qeyd edilmişdi ki, elan və reklam lövhələrindəki yazılar, obyektlərin adları Azərbaycan dilində yazılmalı, ehtiyac olduğu təqdirdə xarici dildə tərcümələri kiçik yazılarla əlavə qeyd edilməlidir. Təəssüf ki, hazırda buna əməl edilmir, reklam lövhələri birbaşa ingilis, fransız, rus və s. dillərdə yazılır.

-Xalq şairi Sabir Rüstəmxanlı bir neçə il əvvəl aparıcıların ədəbi dil qüsurlarının və dillə bağlı digər problemlərin aradan qaldırılması üçün "Dil polisi"nin yaradılmasını təklif etmişdi. Bu mexanizm Azərbaycanda tətbiq edilə bilərmi  ?

-Bir fakt deyim. İllər əvvəl xalq şairi Xəlil Rza Ulutürk yanında rusca ifadə işlətdim və Ulutürk dərhal məni 5 qəpik çərimələdi və dedi ki, 5 qəpiyimi verərsən. Bu, adi yumor xətrinə deyilmişdi. Amma məsələn, Türkiyədə, xüsusilə paytaxtda hansı ərazidə reklamların hamısı türkcədirsə, həmin ərazinin bələdiyyəsinə mükafat verilir. Bu cür addımlarla dil normalarını tənzimləmək olar. "Dil polisi" nə edə bilər ki?

Budəfəki dil komissiyasının tərkibinə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov, Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşov da daxil edilib. Müzakirələrdə bütün üzvlərin fikirləri nəzərə alınacaq.

Söhbətləşdi: Ayyət ƏHMƏD







SON XƏBƏRLƏR

2018-11-21