2018-01-24 11:30:12   |   2740 dəfə oxunub

AŞ PA prezidenti həqiqəti deyib

Sərdar Cəlaloğlu: “Nikoletti bəşəriyyətin xilas yolunu göstərib. Onun sözlərini adi qarşılamaq lazım deyil”

“Niyə insanlıq bu gündədir? Hər yerdə aclıq və səfalət hökm sürür. Səbəbi odur ki, ümumi insan həmrəyliyini pozmuşuq”




Yanvarın 22-də italiyalı deputat Mikele Nikoletti AŞ PA-nın yeni prezidenti vəzifəsinə təsdiq olunub. Nikoletti prezidentliyinə yeganə namizəd olduğundan səsvermə keçirilməyib və avtomatik təsdiqlənib. Yeni sədr 1956-cı ildə İtaliyada anadan olub. O, Trento, İnnsburck və Boloniya universitetlərində elmi tədqiqat işləri aparıb. Elmi işləri siyasətin nəzəriyyəsi və etikasına həsr edilib. Yeni sədr Mikele Nikolettinin assambleyada sədr kimi çıxışı dünya ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.

Çünki o, reallığı əks etdirən səmimi etiraflar edib. Nikoletti Avropa Şurası məkanında münaqişələrin sayının artdığını və bunun narahatlıq doğurduğunu bildirib. AŞ PA sədri deyib ki, "biz bu münaqişələrin həllinə nail olmadığımıza görə vətəndaşların siyasətçilərə inamı itib”. Nikolettinin sözlərinə görə, avropalı siyasətçilər bu məsələdə daha diqqətli olmalı, siyasətçilərə olan inamı bərpa etməyə çalışmalıdırlar: "Biz Parlament Assambleyasının nüfuzunun qalxması üçün birlikdə səylər göstərməliyik. Ayrılıqda milli maraqlara yox, ümumi maraqlara xidmət etməliyik”.

Qurumun yeni rəhbərinin yanaşması Azərbaycan siyasətçiləri tərəfindən müsbət qarşılanıb. Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, fəlsəfədə tam və hissə anlayışı var. Əgər bir şeydə tamlıq yoxdursa, onda hissələr nəzarətdən çıxır: 

"Nikoletti bəşəriyyətin xilas yolunu göstərib. Onun sözlərini adi qarşılamaq lazım deyil. Beynəlxalq hüquq bütün dövlət və xalqlara nəzarət etməlidir. Əgər beynəlxalq hüquq işləmirsə, dünya xalqlarının tamlığı itir, o zaman hissələr də nəzarətdən çıxır. Nəzarətsiz qalmağın da nəticəsində insan hüquq və azadlıqlarının pozulması, milyonlarla insanın aclıq və zülmdən məhv olması, qaçqın və məcburi köçkün həyatı yaşaması baş verir. Yeni sədrin dedikləri tam həqiqətdir. 

Əgər hər siyasətçi sadəcə öz dövlətinin maraqlarını müdafiə edərsə, avtomatik olaraq ümumi maraqlara zərbə vurmuş olur. Çünki tamın nəzarət etmədiyi hissələr müstəqilləşir və xaos əmələ gətirir. Bu baxımdan kim olursa-olsun, hansısa ad altında beynəlxalq hüquqa zidd addım atırsa, dünyanı uçuruma sürükləyir. Nikoletti də demək istəyir ki, Avropa dövlətləri öz milli maraqlarını qorumaq üçün beynəlxalq hüquqa müdaxilə edirlər, onun icrasına mane olurlar. Nəticədə dünya yaşanmaz bir yerə çevrilir və avropalılar öz siyasətçilərindən narazı qalırlar”.

Partiya sədri vurğulayıb ki, əgər siyasətçilər insanların onlardan razı qalmasını istəyirlərsə, ilk növbədə insanlıq naminə ümumi maraqları müdafiə etməli, beynəlxalq hüquq normalarına uyğun davranmalıdırlar: 

"Niyə insanlıq bu gündədir? Hər yerdə aclıq və səfalət hökm sürür. Səbəbi odur ki, ümumi insan həmrəyliyini pozmuşuq. Amerikalılar Afrikada, Yaxın Şərqdə milyonlarla insanın məhvinə səbəb olan siyasət yeridirlər. Amma bir də görürsən ki, meymunun ağacda ilişib qalması və onun xilasını gündəmə daşıyırlar. Hələ üstəlik o meymuna xüsusi xəstəxana da açırlar. Adını da qoyurlar "heyvansevərlik”. Amerikalılar insan əvəzinə heyvanı sevirlər. İnsana nifrət, heyvana məhəbbət isə onları heyvan səviyyəsinə endirir. Buna görə də hər kəslə vəhşi kimi davranırlar”.

Partiya rəhbəri bildirib ki, Avropanın yaratdığı xaosdan sadəcə Yaxın Şərq ölkələri, yaxud müsəlman xalqlar əziyyət çəkmir. Ən ciddi problemlər elə Avropanın özündə meydana gəlir: "Yaxın Şərqdən və dünyanın bir çox yerindən milyonlarla insan Avropaya, ABŞ-a axın edir. Bu da yerli avropalılar üçün problem yaradır. Suriyadan baş götürüb qaçan ərəblər öz problemlərini Avropaya daşıyır. Həmçinin, sosial haqların təmin edilməməsi, işsizlik və cinayətkarlıq problemləri üzə çıxır. İlk baxışdan Avropa siyasətçilərinin "düzgün” addım atdığı görünsə də, son nəticədə nə qədər yanlış siyasət yeritdikləri bəlli olur. Əvvəlcə özləri üçün başqalarını əzirlər, sonda əzilən özləri olurlar. Avropalıların bizim kimi əraziləri işğal altında olmasa da, qaçqın düşməsələr də, dolayı yolla onlara gəlib çatan problemlər səbəbindən rəhbərlərdən narazı qalırlar”.

S.Cəlaloğlunun fikrincə, ümumi maraqlara xidmət etməklə dünyada nizam yaratmaq mümkündür: 
"ABŞ açıq şəkildə yəhudiləri müdafiə edir. Ancaq Çini, Koreyanı özünün düşməni adlandırır. Bu fakt onu göstərir ki, Amerika sadəcə öz maraqları naminə kimlərisə müdafiə edir, ümumi insanlıq adına heç bir addım atmır. Vaşinqtonun indiyədək atdığı addımların hamısı BMT-nin tələblərinə ziddir. Eləcə də, Rusiyanın Dağlıq Qarabağ, Ukrayna və Gürcüstanla bağlı beynəlxalq hüquqa zidd siyasət yeritməsi birbaşa xüsusi maraqlar naminə edilir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17