2018-01-25 11:58:23   |   6142 dəfə oxunub

“Qurban getməkdən yayındıq...” - Çöhrəqanlı Amerikadan "Şərq"ə danışdı

Mahmudəli Çöhrəqanlı: “İrandakı etirazların qısa müddətdə yatırılacağını öncədən bilirdik”

“Əgər qatılsaydıq, içəridə olan dostlarımız istihbarat tərəfindən həbs olunacaqdılar”




Yeni il ərəfəsində qonşu İranda qiymət artımına etiraz olaraq kütləvi iğtişaşlar baş verdi. Minlərlə insan küçələrə axışaraq hökumət əleyhinə şüarlar səsləndirdi, prezidentin istefasını tələb etdi. Lakin Amerika Birləşmiş Ştatları və onun müttəfiqlərinin böyük ümid bəslədikləri antihökumət qiyamı reallaşmadı. Düzdür, 2018-ci ilin əvvəlində yaşanan bu hadisə İran hakimiyyət orqanları üçün gözlənilməz və sarsıdıcı oldu. Etirazlara səbəb qiymətlərin artımından irəli gələn narazılıq olsa da, sonradan iqtisadi tələblər siyasi xarakter almağa başladı.

Nümayişçilər hərbi və polis obyektlərini ələ keçirdilər. Vəziyyət getdikcə pik həddə çatsa da, daha sonra söngiməyə başladı. Etiraz aksiyalarını "normal” qəbul edən İran hökuməti vəziyyətin gərginləşməsində Qərbi suçladı. Liderlərin çağırışına qulaq verən Cənubi Azərbaycan türkləri isə aksiyalara qoşulmadılar. Əgər ölkə əhalisinin 40 faizini təşkil edən azərbaycanlılar etirazlara qoşulsaydı, Tehran rəhbərliyi bunun qarşısında aciz qalardı. Azərbaycanlıların üstünlük təşkil etdiyi ərazilərdə həyat şəraitinin aşağı olmasına, sosial problemlərin, xüsusən də işsizliyin yüksək həddə olmasına baxmayaraq, soydaşlarımız Qərbyönlü təxribata getməməyə üstünlük verdilər. 

Ancaq bu, o anlama gəlmir ki, Cənubi Azərbaycan türkləri fars rejiminin zülmünə bəraət qazandırırlar, yaxud da öz milli azadlıq mübarizələrindən geri dururlar. İranda baş tutmayan etirazlar və soydaşlarımızın nümayişlərdə iştirak etməməsi ilə bağlı "Şərq”in budəfəki müsahibi Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) lideri, publisist, filologiya elmləri doktoru, professor Mahmudəli Çöhrəqanlıdır. Hazırda Amerikada yaşayan GAMOH lideri qəzetimizə müsahibəsində Güney Azərbaycan türklərinin məram və məqsədlərindən, gələcək planlarından danışıb.

- Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı hazırda nə işlə məşğuldur? Öz fəaliyyətini qənaətbəxş hesab edirmi?

- Bildiyiniz kimi, 2006-cı ildən bu yana Türkiyə və Azərbaycana səfərim yasaq edilib. O səbəbdən hazırda Amerika Birləşmiş Ştatlarında, yəni qürbətdə ailəmlə birgə yaşayıram. Amma bütün təzyiqlərə baxmayaraq, ayaqdayıq. İmkan daxilində heç bir əhəmiyyət vermədən, güzəştə getmədən daxildə və xaricdə olan dostlarımızla əlaqədə olaraq GAMOH təşkilatının damı altında millətimizin istənilən sahədə mənfəətlərini müdafiə etməkdəyik. Biz ona inanırıq ki, hər zaman millətimizə borcluyuq. Ona görə də mücadiləmiz uğrunda hər keçən gün daha da fədakarlıq və inancla fəaliyyət göstəririk. Əsas prinsipimiz zaman, məkan və mövcud şərtlərə dayanaraq, hər cür aktivitə, fəaliyyət göstərmək, lazımi addımlar atmaqdır. Bunları etdiyimiz üçün ruhən, fikrən və vicdanən rahatıq.

- Güney Azərbaycanla bağlı ətraflı məlumatlar əldə edə bilirsizmi, yoxsa müəyyən maneələrlə üzləşirsiz?

- Dünya çox dəyişilib, daha doğrusu, kiçilib. Nə qədər çalışsalar da, əlaqə və ünsiyyət saxlamağın qarşısını ala bilmirlər. Bizim təşkilatımız da millətin içində doğulub. GAMOH-un ana təşkilat olması səbəbi ilə bütün şəhər və qəsəbələrdə aktivistlərimiz var. Onlar vasitəsi ilə lazımi məlumatları əldə edə bilirik.

- Yeni il ərəfəsində İranda baş vermiş etiraz aksiyaları günlərlə müzakirə olundu. İran hakimiyyəti etirazlarda xarici güclərin əli olduğunu desə də, əksəriyyətin fikrincə, xalqın etirazı əsasən sosial qayğılarla bağlı idi. Şəxsən siz İranda yaşanan olayları necə şərh edərdiz?

- İran rejimi qaz və neftdən qazandığı milyard dollarları İraq, Suriya, Lübnan və Yəməndə xərclədiyi üçün İranın içində dərin və ağır iqtisadi və sosial problemlər yaranıb. Hazırda millət həqiqətən ağır günlər yaşayır, çətinliklə özünün və ailəsinin ilkin və zəruri ehtiyaclarını qarşılaya bilir. Bu baxımdan İranda baş vermiş etirazlar yerində və təbiidir. Əlbəttə, bu etirazların davamında qeyri-türk bölgələrdə yaşayan toplumlar da etirazlara qoşuldu. Məlumdur ki, etirazlar ilkin dövrdə islahatçı və mühafizəkarların arasında olan müxaliflərin mübarizəsindən qaynaqlanmışdı. Biz 2 səbəbə görə İrandakı etirazlara sadəcə, mənəvi dəstək verdik. Birinci səbəb odur ki, Güney Azərbaycanın 2006-da milli qiyamı və Urmu gölünün qurudulması ilə bağlı etirazlar zamanı Güney Azərbaycan türkləri yalnız buraxıldı. İkinci səbəb isə bu etirazların ən qısa zamanda nəticə əldə etmədən yatırılacağını öncədən hiss və dərk etməyimizlə bağlıdır. Ələlxüsus, hər kəs anlamalıdır ki, bizim milli hərəkətimizin dostları inanılmaz səviyyədə az, düşmənləri isə çoxdur. Hərəkat təşkilatlanma və kadrlaşma baxımından hələ gənc və təcrübəsizdir. Əgər qatılsaydıq, içəridə olan dostlarımız İran rejiminin istihbaratı tərəfindən həbs olunacaqdılar. Bütün bunları nəzərə alaraq, təşkilatımızı nəticə verməyəcək bir protesto və etiraz hərəkətlərinə fəda etməkdən və qurban verməkdən yayındıq.

- Əvvəlcə, məlumatlar yayıldı ki, Güney Azərbaycan türkləri də etirazlara qoşulub, lakin qısa zaman sonra onların dəstək vermədiyi bəlli oldu. Əhməd Obalı da sizin kimi düşünərək azərbaycanlılara proseslərə qoşulmamağı məsləhət gördülər. Amma görünən odur ki, güneyli soydaşlarımızdan istifadə etməyə çalışanlar da oldu. Bu barədə düşüncəniz nədir?

- 1996-cı ildən bu yana formalaşan Hərəkatımız sahibsiz deyil. Qətiyyən imkan vermərik ki, kimlərsə milli mənfəətlərimizə uyğun olmayan addımlar ataraq, hərəkatımızı öz arzu və istəklərinə qurban versinlər. Zamanı gəlincə, millətimizi bütün gücümüzlə milli qurtuluş savaşını başlaması üçün meydanlara çağıracağıq. Hələlik zaman yetişməyib. Güney Azərbaycanın və İranın indiki şəraiti, özəlliklə qonşu və qardaş dövlətlərin durumları, mövqeləri və münasibətləri bizim üçün, gələcəkdə edəcəyimiz çağırış üçün çox önəm daşıyır. Daxili və xarici şərtlər uyğun olunca, biz də fars işğalında olan Vətənimizi və əsir düşən millətimizə lazımlı anonsu verəcəyik.

- 2006-cı il Təbriz hadisələrindən sonra Güney Azərbaycanda bir susqunluq müşahidə olunduğu deyilir. Hətta çoxları milli oyanışın bir qədər səngidiyini iddia edir. İddianı qəbul edirsizmi, soydaşlarımızın azadlıq və dirəniş ruhunda zəiflik yaranıbmı?

- Milli Oyanış Hərəkatı bütün gücü və sürəti ilə 35 milyonluq Azərbaycan türkləri, o cümlədən İran adlanan yerdə yaşayan başqa türk toplumlarının içində davam etməkdədir. Bu hərəkat günü-gündən millətimizin bütün qatları və təbəqələrində dərinləşməkdə, güclənməkdə və sürətlənməkdədir. Hətta iddia edirəm ki, bu gün Güney Azərbaycan Türkləri bütün Türk Dünyasında ən yüksək milli və siyasi şüura sahib olan toplumdur.

- Hesab edilir ki, İrandakı rejimlə mübarizə apardığını deyən, sanksiyalar tətbiq edən beynəlxalq güclər səmimi deyillər. Çünki onlar da bütöv və güclü Azərbaycanın var olmasını, ən əsası isə Türkiyənin yanında başqa bir türk dövlətinin meydana çıxmasını istəmirlər. Bunu necə dəyərləndirirsiz?

- Bu cür düşünənlərlə tamamilə razıyam. Ola bilər ki, vurğuladığınız güclər Azərbaycanı sevirlər, amma əlli milyon türk nüfuzu olan və ən zəngin yeraltı sərvətlərə malik olan bütöv və güclü Azərbaycanı istəmirlər. Tarixi Azərbaycan ərazilərinin dörddə bir hissəsində qurulmuş Azərbaycanı daha çox "sevirlər”. Zənnimcə, millətimizin və ərazimizin birlik və bütövlüyü bizə çox baha başa gələcək. Lakin bizlər nəyin bahasına olursa-olsun, yaxın gələcəkdə milləti birləşdirərək, Vətəni bütünləşdirərək 50 milyonluq xalqa və yarım milyon kvadrat kilometr əraziyə malik olan bütöv Azərbaycanımızı quracağıq. Biz buna inanırıq.

- İslam ölkəsi olduğunu deyən İranın müsəlman Azərbaycanı yox, xristian və düşmən Ermənistanı dəstəkləməsinin səbəbləri nədir?

- Əsas səbəb fars irqçiliyi və aşırı, radikal Şiə məzhəbçiliyinin qarışığından ortaya çıxan bir fəlsəfədir. Hazırda İranda başda gedən bu fəlsəfi görüşdür. Bütöv Azərbaycanın qurulması və bunun nəticəsi olaraq İranın parçalanması qorxusu İranın düşmən Ermənistana yardım göstərməsini şərtləndirən amillərdəndir.

- Bir müddət əvvəl İran parlamentində türk fraksiyası yaradılsa da, əhəmiyyətsiz olduğu vurğulandı. İranda hansısa vəzifəyə gətirilən, müəyyən post tutan azərbaycanlılar fərqində olmadan, ya da məcburi farslaşırlar, rejimin təsiri altına düşürlər. Bu iddiaya münasibətiniz necədir?

- Parlamentdə türk fraksiyası qurulan zaman müsahibələrimin birində dedim ki, bu fraksiyanı quran sözdə türk millət vəkillərinin istisnasız hamısı yaxın keçmişin yüksək vəzifəli Ettelaat və SEPAH komandanlarıdır. "Ağa Məşdəli”nin əmrində olan həmin deputatlar üçün məzlum millətin milli mənfəətlərinin dəyər və önəmi yoxdur. Qurulduğu zaman da bu fraksiyanın nə qədər boş və xasiyyətsiz olduğunu açıqlamışdım.

- Güney Azərbaycan türklərinin çoxsaylı problemlərindən biri də türk dilinin tədrisinə icazə verilməməsi, radio və televiziyaların fəaliyyətinə imkan yaradılmamasıdır. İndiki halda bu cür haqq və hüquqlara nail olmaq mümkündürmü?

- Bir milləti yox etmək üçün onu fiziki cəhətdən məhv etmək lazım deyil. Xalqın dilini və mədəniyyətini əlindən almaq kifayətdir ki, o millət sənin quluna, kölənə çevrilsin. Belə halda millət millət olmaqdan çıxar və kimliksiz bir topluma çevrilər. İran rejimi bu qaydaya bütün varlığı və gücü ilə əməl etməkdədir. Ona görə də hazırda hansısa azadlığın, haqq və hüququn bərpa olunması mümkün deyil.

- Türkiyənin hazırkı gücünü və mövqeyini necə dəyərləndirirsiz? Qardaş ölkə türk dünyasına rəhbərliyə hazırdırmı?

- Qardaş Türkiyə dövlətinin mövqeyi 15 iyulda baş verən darbə cəhdindən sonra əsaslı dəyişib. Bu müsbət dəyişimə əsasən, Türkiyə dövləti böyük türk millətinin və bölgəmizdə olan türk toplumlarının mənfəətlərinə böyük ölçüdə dəyər və önəm verir. Biz də Güney Azərbaycan Milli Oyanış Hərəkatı olaraq Türkiyə hakimiyyəti və iqtidarının bu müsbət islahatlarına yüksək səviyyədə dəyər veririk. Türkiyə iqtidarının dəyişən mövqeyində Milliyətçi Hərəkat Partiyasının və onun ziyalı lideri Dövlət Baxçalının təsirli rolu inkaredilməzdir. Bu vəsilə ilə MHP və onun hörmətli rəhbərliyinə səmimi qəlbdən təşəkkür edirəm.

- Türkiyəyə buraxılmamağınız konkret nəylə bağlıdır? Üzərinizdən bu embarqolar nə vaxt götürüləcək?

- İran rejiminin israrlı təkidi nəticəsində mən Türkiyədən 2006-cı ildə deportasiya olundum. Qardaş ölkəyə girişim 12 ildir yasaqlanmış durumdadır. Amma görülən və hiss edilən bariz dəlillərə dayanaraq deyə bilərəm ki, bu qadağa qaldırılacaq və qardaş ölkənin üzümə bağlanan qapıları yenidən açılacaq.


İsmayıl Qocayev







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17