2018-02-02 12:16:50   |   2857 dəfə oxunub

“Cümhuriyyət dövrünü tarixçilər daha dəqiq bilir”

Cəbi Bəhramov: “Bəzən elə məqamlar olur ki, dediyimiz fakt kiminsə xoşuna gəlmir, etiraz doğurur”





Ötən gün Milli Elmlər Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş "AXC - milli dövlətçiliyin ideya əsasları və müasirlik” adlı elmi konfrans keçirilib. Konfransı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq Prezidentin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamını xatırladıb.

Akademik, həmçinin ölkə başçısı tərəfindən 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu və bu istiqamətdə AMEA-nın Tədbirlər Planının hazırlandığını bildirib. İ.Həbibbəyli artıq Tarix və İqtisadiyyat institutlarının təşkilatçılıqları ilə AXC-nin 100 illiyinə həsr olunmuş konfransların keçirildiyini söyləyib. Cari ildə Gürcüstan, Türkiyə və Fransada tədbirlərin planlaşdırıldığını deyib. Akademik AXC-nin 100 illiyi ilə əlaqədar Astanada yerləşən Beynəlxalq Türk Akademiyası tərəfindən məqalələr toplusunun dərc olunacağını diqqətə çatdırıb. Vitse-prezident Cümhuriyyətin 100 illiyinin qeyd olunmasının ölkəmizdə azərbaycançılıq təfəkkürünün möhkəmlənməsinə, gələcək nəsillərin müstəqil dövlətçilik ideyaları əsasında tərbiyə olunmasına xidmət edəcəyini vurğulayıb. 

İndiyə qədər görülən və planlaşdırılan işlərlə bağlı "Şərq”ə danışan Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, tarixçi-alim Cəbi Bəhramov AMEA-nın Cümhuriyyətlə bağlı bir çox tədbirlər proqramı hazırladığını deyib. Alim vurğulayıb ki, tədbirlər ilin sonuna qədər davam edəcək...

- AXC-nin 100 illik yubileyi ilə bağlı Sərəncamdan sonra 2018-ci il "Cümhuriyyət İli” elan edildi. Tarixçi olaraq Prezidentin sərəncamlarını necə dəyərləndirirsiz?

- 100 il bundan əvvəl millətimiz öz hüquq və haqqını əsas götürərək Azərbaycanın şimal torpaqlarında öz dövlətçiliyini bərpa etdi. İndi həmin tarixdən yüz il ötür. Müasir Azərbaycan Respublikası AXC-nin qanunla təsdiq edilmiş varisi olduğu və həmin dövr tariximizin çox şərəfli səhifəsini təşkil etdiyi üçün dövlət başçısı tərəfindən müvafiq sərəncamlar verildi. Prezidentin imzaladığı sərəncamlar həm siyasi, həm mənəvi-psixoloji, həm də elmi cəhətdən çox böyük əhəmiyyətə malikdir. Bu baxımdan tarixçi və vətəndaş olaraq dövlətimizin başçısına öz təşəkkürümü bildirirəm.


- Cümhuriyyətin 100 illiyi ilə bağlı AMEA-nın tədbirlər planı varmı? Nələr nəzərdə tutulub?

- AXC-nin yubileyi ilə bağlı bir çox tədbirlər nəzərdə tutulub. Vurğulayım ki, bu yaxınlarda Prezident İlham Əliyev azərbaycanlıların soyqırımının yüzilliyi ilə bağlı sərəncam verdi. Bilirsiz ki, soyqırımla əlaqədar 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncam var. Həmin Fərmana əsasən, soyqırım hadisələrinin 80 illiyi geniş qeyd olunmuşdu. Artıq 20 illik bir zaman keçib və bu gün biz yüzilliyə hazırlaşırıq. AXC-nin yüzilliyi ilə yanaşı, bu məsələ də geniş tədqiq olunacaq. Tədbirlər planımız hazırdır. Yaxın aylarda Azərbaycanda V elmi konfrans keçiriləcək. Həmin konfransda bir daha Azərbaycanın müsəlman-türk əhalisinə qarşı törədilən cinayətlərin tarixi kökləri elmi cəhətdən araşdırılacaq, yeni faktlar təqdim olunacaq. Cümhuriyyətin 100 illiyi ilə bağlı da silsilə tədbirlər planı təsdiqlənib. Fasilə vermədən işimizi davam etdirəcəyik. Prezidentin "tarixi həqiqətlər əsas götürülməlidir” fikrini əsas tutaraq AXC-nin elan edilməsindən süqutuna qədər bütün proseslər geniş təhlil ediləcək. O cümlədən Azərbaycanın milli ordusunun yaradılması, dövlət bayrağının qəbul edilməsi, Bakı şəhərinin 1918-ci il senytabrın 15-də işğalçılardan azad olunması və Azərbaycan Parlamentinin təsis edilməsi ilə bağlı xüsusi tədbirlər təşkil olunacaq. AMEA-nın Tarix İnstitutu əsas ideoloji və elmi baza olaraq bütün bu işləri görəcək. Tarix İnstitutunun bütün əməkdaşları səfərbər olunub.

- Deməli, tədbirlər may-iyun ayları ilə məhdudlaşmayacaq və bütün il boyu davam edəcək?

- Əlbəttə, ilin sonuna qədər silsilə tədbirlərimiz, mühüm konfranslarımız olacaq. Hansı gün hansı tədbir olacağı ilə bağlı proqram rəhbərlik tərəfindən təsdiq edilib. İlin müvafiq günlərində nəzərdə tutulan konfranslar reallaşacaq. Təbii ki, təkcə Azərbaycan daxilində işləmirik. Dünyanın bir çox xarici ölkələrinə səfərlər ediləcək, tədbirlər keçiriləcək. AXC-nin yüz illiyi geniş şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq. Rusiyada, Türkiyədə, Avropa ölkələrində və Mərkəzi Asiya respublikalarında konfranslar təşkil olunacaq. Yəni zaman etibarı ilə hadisələrin yaşandığı günlərə təsadüf etməklə elmi konfranslar hazırlanacaq.

- Dövrlə bağlı tarixi araşdırmalar, yeni əsərlər önəmlidir. Lakin hesab edilir ki, paralel olaraq Cümhuriyyətlə bağlı abidələr, parklar da salınmalıdır. Bu cür təkliflərə münasibətiniz necədir?

- Abidələr, parklar və s. bu kimi təkliflər gündəmdədir. Əlbəttə, münasibətimiz normaldır. Keçirilən tədbirlər zamanı həmin təkliflər də irəli sürüləcək və dövlətin müvafiq qurumlarına təqdim olunacaq.
- Ötən gün AMEA-nın Türkiyənin Azərbaycandakı səfirliyi ilə birgə tədbiri oldu. AXC-nin yüzilliyi ilə bağlı iki qardaş ölkənin birlikdə çalışmasını necə dəyərləndirirsiz?
- Tarix İnstitutunun Elmi Şurasında bu məsələ geniş müzakirə olunub. Ümumiyyətlə, qardaş ölkənin Azərbaycanda fəaliyyət göstərən səfiri, hörmətli Erkan Özoral bu işlərə böyük maraq göstərir. Şübhəsiz ki, Türkiyə və Azərbaycanın bu sahədə birgə iş aparmasında heç bir problem yoxdur. Bir millət, iki dövlət prinsipindən çıxış edərək qardaş ölkənin müvafiq qurumları ilə bu istiqamətdə fəaliyyətimizi genişləndirəcəyik.

- Cümhuriyyətin yüzilliyi ilə bağlı televiziyalarda proqramlar gözə dəymir. AMEA-nın tədbirləri televiziyalarda işıqlandırılacaqmı?

- Həyata keçirdiyimiz tədbirlərin işıqlandırılması məqsədi ilə Kütləvi İnformasiya Vasitələrinin təmsilçisi kimi bir neçə televiziya kanalı bizə müraciət edib. Adlarını çəkməyim doğru olmaz. Sadəcə onu deyim ki, həmin televiziyalarla birlikdə görəcəyimiz faydalı işlər həm Azərbaycan, həm də rus və ingilis dillərində geniş işıqlandırılacaq. Məqsədimiz hazırlanan proqramların təkcə yerli ictimaiyyətə deyil, eyni zamanda dünya xalqlarının diqqətinə çatdırılmasıdır. Təbii ki, bütün bu proseslər tarixçi-alimlərin iştirakı ilə olacaq.

- Vurğulanır ki, AXC-nin 100 illik tədbirləri sadəcə tarixçilər tərəfindən deyil, ictimaiyyətin bütün təbəqələri tərəfindən qeyd olunmalıdır. Bu fikrə qatılırsızmı?

- Bilirsiz, tarixi həqiqətlər necə var, elə də ortaya qoyulmalıdır. Hər halda faktları tarixçilər daha dəqiq araşdırır və bilir. Tarixçi olaraq bizim borcumuz yaşanmış hadisələri olduğu kimi ictimaiyyətə çatdırmaqdır. Bəzən elə məqamlar olur ki, dediyimiz fakt kiminsə xoşuna gəlmir, etiraz doğurur. Lakin görülən müsbət işlərlə yanaşı, yanlışlar, xətalar da deyilməlidir. Tarix reallığı əks etdirməlidir.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-21