2018-02-06 17:05:52   |   3188 dəfə oxunub

Novella Cəfəroğlundan cəsarətli MÜSAHİBƏ:"Ziyalıların bu millətə yiyə durmasını istəyirəm !"

"Rayonlarda yaşayan gənclərlə heç kim məşğul olmur və bu nəslin fəaliyyəti sıfırdır"

"Azərbaycan tarixini, musiqisini, qan yaddaşını, ədəbiyyatını, dahi şəxsiyyətlərini bilən gənclər çox azdır"



"Regionlarda vətənpərvərlik hisslərini yüksəltmək, gənclərin vətən sevgisini artırmaq üçün mütləq iş aparmalıyıq"

"Türkəm deməyə qorxuram, bax elə faciəmiz budur"


"4 dil bilməklə insan savadlı olmur"

"Türklərin vətənpərvərlik ruhu tək öz dövlətləri sərhədində məhdudlaşmır. Bizim isə öz torpaqlarımız işğal altındadır, geri qaytara bilmirik" 

"Azərbaycanda bir analizi verənə qədər Türkiyədə bütöv müalicəni etmək olar.Bu millətə yazıqları gəlsin"





Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin rəhbəri, tanınmış hüquq müdafiəçisi və ictimai xadim Novella Cəfəroğlunun "Sherg.az"a müsahibəsini təqdim edirik"

-Fevral ayının 2-də Gənclər Günü qeyd edildi. Bir ziyalı kimi bu günün gəncliyini necə dəyərləndirirsiniz?

-Bu günün gəncləri arasında istedadlı və savadlıları çoxdur. Amma onların fəaliyyəti məhduddur. Respublikada gənclər üçün yaradılmış Qeyri-Hökumət Təşkilatları (QHT) faktiki heç bir işlə məşğul deyillər. QHT-lərin fəaliyyəti yalnız gənclər təşkilatlarının verdiyi maliyyə hesabına gözə dəyir. Amma bu təşkilatlar da yetərincə gəncliyə töhfə verə bilmir. Ən başlıcası isə nə edirlərsə, paytaxtda, iri şəhərlərdə həyata keçirirlər. Regionlarda gənclərin fəaliyyəti çox aşağıdır. Onlar üçün rayonlarda, kəndlərdə praktiki məşğulliyyət yoxdur və yaradılmır. Deyə bilərəm ki, rayonlarda yaşayan gənclərlə heç kim məşğul olmur və bu nəslin fəaliyyəti sıfırdır.

Sovet hökumətinin vaxtında gənclər üçün Komsomol və Partiya məktəbləri var idi. Xoşumuza gəlməsə də, bu təşkilatlar gənclərə müəyyən qədər aktivlik qazandırırdı. İndiki gənclər təşkilatlarının əksəriyyəti üçün bunu demək mümkün deyil. Bəzi təşkilatlar var ki, qeyri-rəsmi şəkildə gənclərə dəstək olur, uşaq evlərindən çıxan uşaqlara, kimsəsizlərə yardım edir. Amma onlar Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmək üçün müraciət etdikdə, buraxılmırlar. Belə görünür ki, aktiv gəncləri işləməyə qoymurlar, halbuki aktiv olmayanları da cəmiyyət görmür. Bütün bunların nəticəsi olaraq, narkomaniya artıb, gənclərin mədəniyyətə, elmə marağı azalıb. Bu gün Azərbaycan tarixini, musiqisini, qan yaddaşını, ədəbiyyatını, dahi şəxsiyyətlərini bilən gənclər çox azdır. Belə çıxır, tarixini bilməyən bu gəncliyin deqradasiyası prosesi gedir.

- Bu il Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyidir. Elə söz açılmışkən, "Cümhuriyyət ili”ndə AXC və onun banisi Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan gəncliyinə tanıdılması istiqamətində hansı təklifləriniz var?

Cümhuriyyətin 100 illiyinin keçirilməsi işinə gənclərin cəlb olunması vacibdir. Onların aktiv olduğu sosial şəbəkələrdə AXC və onun qurucuları haqqında yazılar paylaşılmalıdır. Gənclər üçün müzakirələr açılmalıdır. Qəzetlər, saytlar yazılar dərc etməli, televiziya keçmiş kinoları yayımlamalıdır. Vacib olan məktəblərdə, ali təhsil müəssisələrində tədbirlərin keçirilməsi, müsabiqələrin təşkil edilməsidir. Şagirdlər, tələbələr üçün Cümhuriyyət haqqında yazı müsabiqələri keçirilməli, yaxşı müəlliflərə mükafatlar verilməlidir. Dövlət tərəfindən Məhəmməd Əmin Rəsulzadə adına mükafat təyin olunmalıdır.

-Ziyalılar gəncləri, xüsusilə rayonlarda yaşayanları kitab oxumamaqda günahlandırır. Digər bir qrup isə kitaba marağın azlığını regionlarda kitab mağazalarının, kitabxanaların olmaması ilə izah edir...

-Çox rayonlarda yaxşı kitabxanalar, hətta kitab mağazaları var. Sadəcə həmin kitabxanalara şərait yaradılmalıdır ki, onlar gəncləri yığıb, kitablarla tanış etsinlər. Gənclərin marağını cəlb etmək gərəkdir. Muzeylərdə gəncləri toplayıb, Azərbaycanın tarixindən, Azərbaycanın tarixi şəxsiyyətlərindən – Məhəmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyevdən danışmaq olar. Azərbaycan tarixinin qədimdən indiyə qədər olan tarixini müzakirə şəklində onlara çatdırmaq mümkündür. Regionlarda vətənpərvərlik hisslərini yüksəltmək, gənclərin vətən sevgisini artırmaq üçün mütləq iş aparmalıyıq.

Mən Türkiyə gəncliyinə həsəd aparıram. "Mehmetçiklər” türk bayrağını əllərində tutub, torpaqlarında deyil, ölkənin sərhədində olan terroristlərin kökünü kəsməyə gedirlər. Bizim isə öz torpaqlarımız işğal altındadır, geri qaytara bilmirik. Türkiyədə gənclərə vətənpərvərlik hisslərinin aşılanması yüksək səviyyədədir. Hazırda yayımlanan "Söz”, "Savaşçı” seriallarının timsalında təsirli filmlər çəkirlər. "Savaşçı”da hətta Azərbaycan haqqında da çox fraqmentlər yayımlandı. Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdan danışıldı. Ona görə, rahatlıqla deyə bilərik ki, türklərin vətənpərvərlik ruhu tək öz dövlətləri sərhədində məhdudlaşmır.

-Vətənpərvərlik hisslərinin yüksəldilməsində ədəbiyyatın rolu danılmazdır. Amma müasir yazarlarımızdan bəziləri daha çox tarixi şəxsiyyətlərimizi təhqir etməklə gündəmə gəlir. Gənc yazarların bu münasibəti nədən qaynaqlanır?

Müasir kitabları oxumamışam. Amma elə kitablar var, onları mütləq oxumaq lazımdır. Məsələn, Vahid Qazinin vətənpərvərlik mövzusunda gözəl esseləri var. Qarabağdan, Ağdam barədə yazılmış elə təsirli yazıları var ki, onları oxuduqca insanı nostalji hisslər bürüyür. Başqa yazarları oxumamışam.

Kəramət Böyükçölün Xəlil Rza Ulutürk haqqında səsləndirdiyi fikirləri oxudum və tənqidimi də yazdım. Əslində Kəramət savadsız gənc deyil. Xəlil Rza Ulutürkü onlara göstərmək lazımdır. Savadsızları televiziyaya çıxarıb şou göstərmək əvəzinə, Xəlil Rza Ulutürk gecəsi, Mirzə Ələkbər Sabir gecəsi təşkil etmək olar. Gənclərin bu şəxsiyyətləri tanıması üçün onlar haqqında verilişlər hazırlanmalıdır. Çox insan deyir ki, Cəlil Məmməquluzadəni "dəli” hesab edir. Onun qədər Azərbaycanı sevən, o dövrün insanına mədəniyyət aşılayan insan olmayıb.

Biz məktəbdə oxuyanda hamımızı teatra aparırdılar. Onda rus əsərlərinə baxırdıq. Amma indi bu metodika ilə Azərbaycan tarixini uşaqlara aşılamaq lazımdır. Məktəbliləri Xəlil Rza Ulutürkün, Mirzə Ələkbər Sabirin və s. şəxsiyyətlərin şeirlərini dinləməyə, keçmiş filmləri izləməyə aparmaq lazımdır. Halbuki məktəbliləri indi ucuz şoulara, konsertlərə aparırlar. Gənclər və İdman Nazirliyi bu sahədə işlər görməlidir. Biz SSRİ-nin tərkibində yaşadığımızdan Rusiya və digər ölkələrin tarixini yaxşı, öz tariximizi isə zəif bildirdik. İndi isə gənclər heç birini bilmir. Azərbaycan gəncliyinin faciəsi də məhz budur. Dediyim kimi, savadlılar da var. Amma 4 dili bilməklə savadlı olunmur.

-Belə iddialar var ki, son vaxtlar türkçülüyün gözdən salınması, millətin tarixi köklərindən uzaqlaşdırılması prosesi gedir. Siz necə düşünürsünüz?

Bəli, həqiqətən, bu situasiya var. Çünki millət hələ də millət olaraq özünü dərk edə bilmir. Məsələn, Azərbaycanda yaşayan talış özünü talış kimi təqdim edir, yəhudi deyir "mən yəhudiyəm", ləzgi deyir, "mən ləzgiyəm”. Mən isə "türkəm” deməyə qorxuram, deyirlər ki, yox, sən azərbaycanlısan. "Azərbaycan türkü” belə deyə bilmirəm. Azərbaycan çoxmillətli dövlətdir, ərazidir. Mənim kimi insanları elə azərbaycanlılar "türkəm” deməyə qoymur. Millət millət ola bilmir, faciəmiz budur.

-Sadaladığınız bu problemlərin kökündə nələr dayanır?

-Azərbaycan ziyalısı dayanır. Ziyalı təbəqəsi çox zəifdir, öndə gedib, öz sözünü deyə bilmirlər. Ziyalılar Azərbaycan gəncliyini, Azərbaycan xalqını öz arxasınca apara bilmir. I Qarabağ müharibəsi başlayan dövrdə ziyalılar milləti öz arxasınca aparırdı, vətəni qorumağa çağırırdı. Bəxtiyar Vahabzadənin, Məhəmmədhüseyn Şəhriyarın, digərlərinin şeirləri ilə böyüyən insanlarıq. Heç kim demir ki, inqilab edilsin. Bunun əleyhinəyəm. Azərbaycanda ziyalıların bu millətə yiyə durmasını istəyirəm.

-Təhsilimizi necə qiymətləndirirsiniz? Nə çatışmır?

Elə müəssisələr var ki, yaxşı təhsil verir, savadlı mütəxəssislər hazırlayır. Məsələn, ən öndə olan Moskva Dövlət Universitetinin ölkəmizdəki filialı - M.V.Lomonosov adına MDU-nun Bakı filialıdır. Orada uşaqlara yüksək təhsil verilir. Bakı Dövlət Universiteti də həqiqi təhsil verir. Amma bəziləri sıfır səviyyədədir. Konkret sadalaya bilməyəcəyəm, amma təhsildə ümumi problemlər çoxdur.

-Azərbaycanda ən çox şikayət olunan sahələrdən biri də səhiyyədir. Kiminsə "barmağına tikan batan kimi” İrana, Türkiyəyə, Gürcüstana və digər ölkələrə qaçır. Məmurlardan tutmuş, adi vətəndaşlara qədər – hər kəs ölkə səhiyyəsinə etibar etmir. Niyə səhiyyəmizdəki problemlər həllini tapmır?

-Mən özüm xəstələnən kimi Türkiyəyə gedirəm. Düzdür, ölkəmizdə də yaxşı, savadlı həkimlər var. Amma xəstəxanaların, həkimlərin qiyməti çox bahadır. Burada bir analizi verənə qədər Türkiyədə bütöv müalicəni etmək olar.

Gürcüstanda səhiyyə insanlara çox gözəl xidmət edir. Demək olar ki, dövlət bütün cərrahi əməliyyatları öz üzərinə götürüb, vətəndaşlara pulsuz tibbi xidmət göstərilir. Bizdə isə bir xəstəxanaya getdikdə, tək analizə 140 manat pul ödəyirsən. Analiz isə bircə yerdə normal götürülür, qalanlarının nəticələrinə heç cür etibar etmək olmur. Nə laboratoriyalar normaldır, nə də analiz götürən mütəxəssislər hazırlıqlıdır. Yoxlamaq üçün 3-4 yerdə eyni analizi vermişəm, fərqli nəticələr, rəqəmlər çıxarılır. Səhiyyə sıfır vəziyyətdədir. Həkim 140 manat əmək haqqı alır. Belə maaş olar? Budur Azərbaycan səhiyyəsi. Bu millətə yazıqları gəlsin !"

Söhbətləşdi: Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-24