2018-02-06 20:47:22   |   1144 dəfə oxunub

Amasiyada bir gün... - AKİF AŞIRLI YAZIR

Azərbaycan mühacirlərinin taleyi





Amasiya azərbaycanlıların Türkiyədə ən çox cəm olduğu, özlərinə yuva seçdikləri bir məkandır. Azərbaycan türklərinin buraya köç etməsi 1920-ci ilin 28 aprel işğalından öncə başlayıb. Sədrəzəm Rüştü Paşanın babası Mövlana İsmayıl Siracəddin və Mirhəmzə Seyid Nigarinin müridlərinin təriqətlərini yayıb, tərəfdar toplamaq üçün münasib bildikləri ilk məkan da bura olub. Əlverişli coğrafi quruluşu, bol sulu torpaqları, insanlarının Qafqaz türklərinin şivəsinə yaxın danışıqları azərbaycanlıları bura cəlb edib. Kənd və yer adlarının çoxunda bənzərlik indi də qalır.

Azərbaycan türklərinin bura ilk gəlişi XVIII əsrin sonlarında başlayıb, 1930-cu illərədək davam edib. Rusiya müsəlmanlarının burada yurd salmalarına Osmanlı sultanı Əbdülhəmidin də heç bir etirazı, qadağası olmayıb. Bütün dünyada yaşayan müsəlmanların Xəlifəliyin mərkəzində yaşamaq hüququnun olması Azərbaycan türklərinin burada yaşamasına, yuva seçmələrinə əsas verib.
1890-cı illərdən başlayaraq 1920-ci ilə qədər Qazaxda Seyid Nigarinin xəlifələrindən olan Hacı Mahmud əfəndinin əksər qohum-əqrəbaları da burda yerləşib. Çar Rusiyasında apardığı dini təbliğatdan dolayı Osmanlıya sürgün etdiyi Hacı Mahmud əfəndi övladlarına, müridlərinə Amasiyada qərarlaşmağı tövsiyyə edib. Hacı Mahmud əfəndi sağlığında Amasiyaya gəlib "kəkliyin cak-cak etdiyi deyil, leyləyin qanad saldığı yerdə” nəqşibəndi təriqətinin yayılması üçün məscid də inşa etdirib. Qazaxın Aslanbəyli kəndində haqqa qovuşandan sonra övladları Amasiyaya köç edib.

Amasiyada bu gün də kök salıb yaşayan Karanlılar, Annaxlılar, Qayaxanlılar da 1900-cü ilin əvvəlindən burada məskunlaşıblar.

Orxan Qayaxan 1941-ci il doğumludur. Atası, hamının Nazif bəy deyə çağırdıqları Nəsib bəy Qazaxın Daş Salahlı kəndində, Avey dağının ətəyində Mustafa ağa Miralayevin ailəsində dünyaya göz açıb. Mustafa ağanın xanımı Hacı Mahmud əfəndinin qızı Səyalı xanımdır.

Hacı Mahmud əfəndinin oğlu Məhəmməd əfəndi Karan Amasiyada hörmətli şəxs, sözükeçər bir şəxsiyyət kimi tanınıb. Türkiyə Milli Azadlıq hərəkatında fəal iştirak edərək, Mustafa Atatürkün yaratdığı "hüquq-müdafiə” təşkilatının üzvü olub. Atatürk Məhəmməd əfəndi ilə bir neçə dəfə görüşüb, bölgənin ən fəal, hörmətli ağsaqqalı kimi məsləhətlər alıb. Türkiyə Cümhuriyyətinə qarşı bir neçə üsyanın yatırılmasında fədakarlıqlar göstərib, Atatürkün sadiq dostlarından olub. Bu barədə Mustafa Vəkilli "Mücahid” dərgisində Məhəmməd əfəndi Karanın vəfatına yazdığı nekroloqda ətraflı məlumat verir, maraqlı faktlar sadalayır.

Atatürkə sadiq dost olan Məhəmməd əfəndi Türkiyənin İstiqlal savaşlarını xatırlayan zaman zərb-məsələ çevrilən və həmişə yada salınan bir fikir söyləyib: "İstiqlal savaşından mənə iki dəyər qaldı: "Biri Atatürkün verdiyi "İstiqlal” medalı, bir də oğlum Kamal”. Mahmud əfəndi Karan Atatürkə bəslədiyi rəğbətə və dərin hörmətə görə dünyaya gələn övladının adını böyük türk liderinin şərəfinə Kamal qoyur.

Kamal Karan da 1923-cü ildə Amasiyada böyüyür, İstanbul Ali İqtisadiyyat və ticarət məktəbində təhsil alıb, hərtərəfli yetişir. CXP-in sıralarına qatılır. Lider keyfiyyətlərinə görə 1961-1965-ci illərdə CXP-ni Türkiyə Böyük Millət Məclisində təmsil edir. 2008-ci il fevralın 4-də dünyasını dəyişir, məzarı Amasiyadadır.

Bütün bu faktları dilə gətirən Orxan Qayaxan iti hafizəsinə söykənir, ailəsinin Qazaxdan köçünü aram-aram danışır: "Atam təqribən 1913-cü ildə gəlib Amasiyaya, 1920-ci il aprel çevrilişindən öncə, oğulluğa götürülüb. Amma Qazaxa gedib-gəliblər. Əvvəllər buradan atla 18 günə gedərmişlər. Sonra Batum yolunu seçiblər. Gəmi ilə gediş-gəliş olub”.

Orxan bəyin anası Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan, bir müddət Cümhuriyyətin səhiyyə naziri kimi fəaliyyət göstərən Məmmədrza Vəkilovun bacısı Xeyriyyə xanımdır.
"Atam Nəsib bəyə, burada adına Nazif bəy deyirdilər, ali təhsil aldı, Amasiyada bir çox müəssisələrin açılışını təmin etdi, sosial-məişət və ticarət obyektləri qurdu. Maarifçi insan idi. Çətin, dar zamanda Aktyorlar cəmiyyətini yaratdı. Dram əsərlərini səhnələşdirdi, indi arxivlərdə o anları xatırladan nə qədər şəkil var”.

Nazif Miralayev qardaşı Yasinlə birgə Türkiyədə soy, ad qanuna görə Kayahan soyadını götürüblər. 1920-ci illərə qədər Azərbaycanla mütəmadi əlaqələri olub. Qoca ataları Mustafa ağa, nənələri Səyalı xanım, qardaşları Miralı Sovet Azərbaycanında qalıb. Mustafa ağa, Səyalı xanım 1937-ci ildə Aral gölü ətrafına sürgün olub. Miralını anti-sovet fəaliyyətinə, zadəgan nəslə mənsubluğuna görə güllələyiblər”.
Yasin Miralayev Qori Müəllimlər Seminariyasının məzunudur. 1918-ci ildə Qafqaz İslam Ordusu komandanı Nuri Paşanın göstərişi ilə Gəncədə yaradılan hərbi məktəbdə təhsil alıb. Azərbaycan milli ordusunun ilk peşəkar hərbiçisi kimi Azərbaycan ərazi bütövlüyü uğrunda döyüşlərə qatılıb, mübarizə aparıb. 1920-ci ilin mayında bolşeviklərə qarşı Gəncə üsyanında silahdaşları ilə birgə döyüşüb, sonra həbs olunub.

Qazaxda indi ruhi xəstəxana yerləşən bina o zamanlar həbsxana olduğundan Yasin bəyi və Gəncə üsyanının digər iştirakçılarını ora gətiriblər.
"Sabah qurşuna düzüləcəyini bilən əmim və bir neçə hərbçi dostu həbsxanadan qaça bilir. Onlar çətin, ağır bir vəziyyətdə Amasiyaya gəlirlər”.

Yasin bəylə Amasiyaya Əli Şıxlı, Şahvələd Qazax, İlyas, Təzə Mahmud, Annaxlı Mədət bəy, Kor Hüseyn və əmisi oğlu Məhəmməd, Kazım bəy Şıxlı da mühacirət etməli olur. Bu insanlardan bir çoxu Azərbaycan alayının tərkibində Türkiyənin istiqlal savaşına qatılır, mübarizə aparırlar.
"Bu söylədiklərinin çoxunun əynində düz-əməlli paltarları da olmayıb. Yolda sökülüb-dağılıb. Tək Gülməmməd bəyin əynində hərbi uniforma olub. Elə onu da Türkiyə ordusuna zabit kimi götürüblər. Sonralar Kazax soyadını götürdü, Miralay oldu”.

Yasin bəy 1920-ci ildən sonra Türkiyədə çeşidli yerlərdə fəaliyyət göstərir, ticarətlə məşğul olur. Azərbaycanla əlaqə yaratmağa cəhd göstərir. M.Ə.Rəsulzadə 1923-cü ildə İstanbula gələndə Yasin bəy də Müsavat partiyasına və Azərbaycan Milli Mərkəzinə üzv olur.

Yasin bəy və Amasiyadakı mühacirlər hər il 28 aprel işğalını qara matəm, faciə kimi qarşılayır, 1918-ci ilin 28 may istiqlalını bayram edirlər. "Yeni Qafqaziyyə”, "”Odlu yurd”, "Azərbaycan” dərgilərində amasiyalı mühacirlərin istiqlal savaşı barədə kifayət qədər məlumatlar var. Amasiyalı istiqlalçılar M.Ə.Rəsulzadəyə qarşı cəbhə açan bəzi mühacirlərə sərt münasibət göstərir, etiraz bəyanatları yayırdılar.

1963-cü ilin martında "Azərbaycan dərgisi” ən fəal mühacir Yasin bəyin ölüm xəbərini Vətən nisgilli soydaşlarına xəbər verir: "Amasiyadan gələn acı və üzücü bir xəbərdə ötədən bəri yurddaşlarımız çevrəsində gözəl əxlaqı, mərdliyi, hörmət, izzət, sevgi və sayğı qazanmış dəyərli həmyerlimiz Yasin Qayıxanın əbədiyyən sıralarımızdan ayrılmış olduğu bildirilir. Azərbaycan Kültür Dərnəyi üzvləri, oxucularımız və bütün yurddaşlarımız adına bu üzücü hadisədən dərin təəssüflərimizi bildirərək, mərhumun ailə üzvlərinə, yaxınlarına və dostlarına başsağlığı diləriz”.

Orhan Kayahanın dediyinə görə, amasiyalı mühacirlərin çoxu babasının evinə gəlir, uzun-uzadı söhbətlər də aparır, istiqlal savaşının hansı yöndə aparılması barədə hər kəs şəxsi qənaətini ortaya qoyur, çıxış yolu arayırmışlar.

"Mühacirlər arasında ən fəalı Müsavat Partiyası Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Cümhuriyyətində sonuncu Daxili İşlər naziri olan Mustafa bəy Vəkilov idi. Mustafa bəy nənəmin dayısı oğludur, amma bizdən başqa Amasiyada qohumları da vardı. Onun anası Annax bəylərinin qohumudur. Mədət bəy Annaxlı da burdaydı. Ona görə Mustafa Vəkilov Amasiyaya gəlir, yaylaqda bizimlə birgə qalırdı. Mənim onda 11-12 yaşlarım olardı. Biz ona anamın diliylə "dayı” deyirdik. Amma ətrafda ona "ministr” deyə müraciət edirdilər. Hamı hörmətini saxlayırdı. Mustafa dayımda bir "laflar vardı ki, gəl görəsən”.

Orxan bəy yaddaşını qurdalayıb M.Vəkilovun ömür yolundan bəzi epizodları bizimlə bölüşür. Polşadan qayıdandan sonra M.Vəkilov bir müddət Amasiyada meşə təsərrüfatı birliyində işləyib: "Babam Mustafa Karanın bütün dövlət yetkililəri ilə yaxşı əlaqələri vardı, hamı xətrini istəyirdi. M.Vəkilovu da işə babam düzəltmişdi. Bir müddət Amasiyada çalışdıqdan sonra M.Vəkilovu Ankaraya daha məsul vəzifəyə, Türkiyə meşə-təsərrüfatı nazirliyinə dəvət etdilər”. M.Vəkilovun daha yüksək vəzifəyə təyinatı üçün onun ali təhsil diplomunun olmasını lazım bilirlər: "Mustafa dayım vaxtilə ali təhsil aldığı Moskva Dövlət universitetinə diplomunun surətini göndərmək xahişi ilə məktub göndərdi. Cavab gələcəyini heç gözləmirdi. İnanmırdı. Bir az keçdi. Moskvadan onun diplomunun surəti, aldığı qiymətlərlə bağlı şəhadətnamə gəldi. Qiymətlərinin hamısı "əla” idi. Bizə Mustafa bəyi misal göstərərdilər ki, "görün necə yaxşı oxuyub, qiymətlərinin hamısı "əla”dır, siz də yaxşı oxuyun.
Polşada siyasi mühacirət vaxtı ailə qurmuşdu. İlk xanımının şəkli də var məndə. Sonra ikinci dəfə evlənəndə həmin şəkli gizlətdik. Ortaya çıxarmadıq. Polşadan gələndən sonra ikinci dəfə Firdevs xanımla ailə qurdu. Elçiliyinə anamla mən də getmişəm. Sadə, mehriban, çox gözəl bir qız idi. Toyunu da burda Amasiyada elədik. Mustafa dayım anama "bacı” deyərdi. Anam öz qızıllarını "satıb, gəlin üçün yenilərini aldı”.

Ailə qurub Ankaraya köçdükdən sonra arabir ziyarətə getdiklərini söyləyən Orxan bəy Mustafa Vəkilovun dünyasını dəyişməsini də xatırlayır: "İşə gedirmiş. Əyilib ki, ayaqqabısını bağlasın. Təntiyib yıxılır və ani dünyasını dəyişir”.
*** ***
"Hələ təhsil illərimdən Azərbaycana getmək istəyim vardı. Ata-anamın böyüdüyü Daş Salahlı kəndi, İncə dərəsi məni ruhən özünə çəkirdi. Bir dəfə oktyabr inqilabının ildönümü keçirilirdi. Həmin tədbirdə Rusiyanın Türkiyədə səfiri ilə tanış oldum. Mən həm də Amasiyada ingiliscə danışan, tərcümanlıq edən ilk insanam. Səfir Azərbaycan kökənli olduğumu bildi. Azərbaycana səfər etməyim üçün heç bir mane də qalmadı. Atam qoymadı, dedi ki, baban Mustafa ağa da bolşeviklər gələndə inandı, orda qaldı. "Mən nə eləmişəm ki, yurdumdan köçüm” - dedi. Ancaq Sibirə sürgün etdilər, orda da öldü, indi sən bu ruslara niyə inanırsan” - dedi. Atam həm də çəkinirdi ki, mən getsəm ordakı qohum-əqrəbaya xətər dəyər. Ona görə gözlədim. 1990-cı illərdən sonra getdim. Xalam Mirvarid Dilbazi ilə əmioğlum, tarixçi alim Teymur Miralayevlə, Fəxrəddinlə, başqa qohum-əqrəba ilə görüşdüm. Daş Salahlıya getdim, içim yana-yana babamın yurd yerlərinə baxdım.

Babamın mülkünü əvvəl məktəb ediblər, sonra da dağılıb, ya dağıdılıb, bilmirəm. "Damcılı” bulağının alt səmtində xarabalıqları qalıb”.

Orxan bəy eynəyini çıxarıb zəndlə bir sual verir mənə:

- Deyirlər "Damcılı”nın suyu azalıb, eləmi?

- Bir ara azalmışdı, indi yaxşıdır - deyirəm. Cavabım qane etmədi deyən.

Amasiyadakı azərbaycanlılar Orxan bəyin evini daim ziyarət edir, ona baş çəkir, hətta bəzi məsləhətlər alırlar. Axı Orxan bəy Türkiyədə tanınan, seçilən hüquq vəkillərindəndir. Bir müddət aktiv siyasətlə məşğul olub. Cümhuriyyət Xalq Partiyasını Amasiyada Böyük Millət Məclisində təmsil edib.
"Amasiyadan səs üstünlüyü ilə Böyük Millət Məclisinə seçildim. Kamal Karandan sonra Azərbaycan türklərini Amasiyada parlamentdə mən təmsil etdim. Çox işlər gördüm bölgə üçün. Amma Azərbaycanı unutmadım”.

Payızın ömrünü qışa təslim etdiyi bir gündə Amasiyada Orxan bəylə xeyli söhbət etdik, dərdləşdik, eldən-obadan, hər ikimizin kiçik ana vətənimiz Daş Salahlıdan danışdıq. Vaxt azlığından qara üzlü çamadanındakı arxivini düz-əməlli araşdıra bilmədim. Gələn dəfəyə saxladım.
Merzofon hava limanına yola düşəndə də gözüm o qara çamadandakı arxivdə qaldı. İnşallah, qismət olsa, gələn dəfə Amasiya mühacirlərinin taleyini aram-aram araşdıracam.







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17