2018-02-08 11:44:01   |   5255 dəfə oxunub

“Adamlar artıq narazı olmaqdan və narazılıq eşitməkdən beziblər”

Şahbaz Xuduoğlu: “Tarix və zaman sübut edir ki, bu problemləri yoluna qoymaq bacarıqlı şəxslərdən asılıdır”

“Xəlil Rza sağ olsaydı, Kəramətə ağır söz deməzdi”





"Onu yanına çağırıb deyərdi ki, ay bala, sən de görüm, bu yazarların filan kitablarını oxumusanmı?”


"Yazıçıya deyil, yazıya dəstək olmaq lazımdır”

"Maraqlı mətnlər yazıldıqca, kitabla dolananların imkanları düzələcək”





"Qanun” nəşriyyatının direktoru, tanınmış naşir və ictimai xadim Şahbaz Xuduoğlunun "Sherg.az”a müsahibəsini təqdim edirik:

- Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə ölkə başçısı bu ilin "AXC ili” elan olunmasına dair sərəncam verib. Prezidentin təşəbbüsünü necə qiymətləndirirsiz?

- Məncə, bu çox əhəmiyyətli sərəncamdı. Belə bir addımın atılmasına sevinirəm. Ən azı bu sərəncam imkan verəcək ki, Cümhuriyyətin qurulmasında xidməti olan insanlarla bağlı arxivlər açılsın. Xaricdə olan arxivlər Azərbaycana gətirilsin və onlar haqqında xatirələr işıq üzü görsün. Hər halda bu sərəncam Cümhuriyyət qurucuları ilə bağlı ciddi araşdırmaların aparılması üçün imkan və şansdır.

- Xaricdə dəfn olunan cümhuriyyətçilərin məzarlarının Azərbaycana gətirilməsi müzakirə predmetidir. Sizcə, onların nəşini ölkəmizə gətirməyə ehtiyac varmı?

- Bu iş daha çox şəxsi və ya mənəviyyat məsələsidir. Nəzərə almaq lazımdır ki, sözügedən tarixi şəxsiyyətlərin də həmin ölkələrdə yaxınları var və onların qəbirlərini ziyarət edirlər. Məncə, bunlar razılaşdırılmalıdır. O qəbirləri ölkəmizə gətirməkdən daha çox orada baxımsız vəziyyətdə qalanlara diqqət edilməlidir. Kənardan baxan da hiss etməlidir ki, onlar nəzarətsiz deyil, yad edilirlər. Bizim cümhuriyyətçilərin izi ilə gedib, xaricdə yaşayan xeyli sayda soydaşımız var. Onlar da cümhuriyyətçilərimizin məzarlarını tanıyıb, ziyarət etsələr, bu, daha yaxşı olar. Onların qəbirlərini Azərbaycana gətirmək yaxşı deyil. Əsas odur ki, o qəbirlərin harada olması bilinsin və onlar haqqında olan gizli məlumatlar üzə çıxsın. Bax, bu, daha ürəkaçan olar.

- Bu il qardaş Türkiyədə Qafqaz İslam Ordusunun 100 illiyi qeyd olunacaq. Azərbaycan və Türkiyə bu tarixi hadisələri , həqiqətləri daha geniş arenalara daşımaq üçün nə kimi birgə addımlar ata bilərlər?

- XX əsrin əvvəlləri çox qarışıq dövr olub. O vaxt bunun ingilisi, rusu var idi. Erməni daşnaksütunları bizim hökumətə qarşı qırğınlar törədirdi. Belə bir məqamda türk ordusunun Azərbaycana gəlməsi sadə məsələ deyildi. Ola bilsin ki, bugünkü anlamda bizə sadə görünsün, amma bu, elə də sadə proses olmayıb. Bir daha təkrar edirəm ki, o dövrün qəhrəmanları haqqında kifayət qədər əsaslı, keyfiyyətli yazılar yazılmalıdır. Təəssüf ki, bu yazılara az rast gəlinir. Onların da özlərindən sonra irslərini davam etdirən ailələri var idi. Çoxlu talelər olub. Bax o taleləri araşdırıb ortaya çıxarmaq və dünya ictimaiyyətinə, mediasına təqdim etmək mümkündür. Bu məsələlər nə qədər çox müzakirə olunsa, daha yaxşı nəticə əldə etmək olar. O dövrün qəhrəmanları yetərincə araşdırılmalı və varisləri axtarılıb tapılmalıdır. Onların varislərinə layiqli qiymətlər verilməlidir. Türkiyə ilə ortaq tədbirlərdə məhz bu məsələlər müzakirə olunmalıdır.

- Bir az da gündəmin digər əsas mövzusuna toxunaq. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu və Orfoqrafiya Komissiyasının bəzi sözlərin yazılışına dəyişiklik edilməsinə dair təkliflər verib. Sizcə, indiki halda bu dəyişikliklərə ehtiyac varmı?

- Dil həmişə canlıdır və daim inkişafdadır. Daim özünə yeni sözlər qəbul edir. Türkiyədə orfoqrafiya lüğətləri hər il təzələnir. Dillə bağlı məsələlərlə ayrıca bir qurum məşğul olur. Yeni-yeni kitablar nəşr olunur. Hər il köhnəlib dildən çıxan sözlər olur. Mənə elə gəlir ki, bu dəyişikliklərə qorxunc hal kimi yanaşmaq olmaz. Əsasən dilin inkişafına hesablanmış sözlərin dilə qəbul edilməsinə rahat yanaşmaq gərəkdir. Dil anlayışdı. Bir məfhumun dilimizdə anlayışı yoxdursa, məcburuq ki, onu xaricdən, kənardan götürək. Baxın, biz kompüteri yaratmamışıq, amma bu kompüteri yaradanlar var. Yeni sözlərin qəbul olunmasına mühafizəkar münasibət sərgiləmək doğru deyil. Əksinə, güclü dil yeni sözləri qəbul edir və onu çox işlək hala gətirir. Hər hansı bir dilin güclənməsi o dildə daha çox ədəbiyyat nümunələrinin yazılması, ədəbi mətnlərin güclənməsi, kəşflərin edilməsi və s. gətirib çıxarır. Belə olan halda dilin sərhədləri genişlənir və o dilə gələn yeni sözlər rahat şəkildə oturum alır. Yeni sözləri qəbul etmək lazımdır, nəinki onlardan imtina etmək. Təki yeni lüğətlər çoxalsın və onların bir-biri ilə dialoqu yaransın. Bu, yalnız ümumi işin xeyrinə olar.

- Dəyişiklikləri dildə aparılan islahat kimi dəyərləndirmək olarmı?

- Köhnə olan bir sözdən bir hərfi silmək islahat deyil. İslahat dildə yeni söz və anlayışlar yaratmaqdır. Bax, dilimizə bunun xeyli faydası olardı. Biz kitablarla işləyirik və bu məsələlərin necə çətinlik yaratdığının şahidiyik.

- Kitabdan söz düşmüşkən, ötənlərdə maraqlı bir məqalə oxudum. Yazıda 2000-2018-ci illər arasında, yəni 18 il ərzində paytaxt və regionlarda olan kitabxanaların statistikası açıqlanmışdı. Bu sahənin azalan xətt üzrə inkişafı aydın şəkildə nəzərə çarpırdı...

- Bir vaxtlar Azərbaycanda 5 minə yaxın kitabxana olub. İndi onların 0,7 faizi işlək vəziyyətdədir. Bakıda 200 kitab dükanı olub. Hər məhəllə, hər mikrorayon və hər kvartalın özünün kitabxanası olub, amma indi onlar yoxdur. Kitab dükanları çox olmalıdır. Əlbəttə, kitab dükanlarının çoxalması üçün keyfiyyətli kitablar da çox olmalıdır. Nəşriyyatların da üzərinə çox böyük yük düşür. Zənnimcə, kitabların sayı artdıqca, maraqlı kitablar olacaqsa, kitab dükanlarının da sayı yüksələcək. Bəzən bazarı bazarın öz şərtləri idarə edir. Kənardan müdaxilə onu idarə edə bilmir. Məncə, kitab bolluğu yarandıqca, kitabxana və ya kitab dükanlarının sayı çoxalacaq. Kitaba həvəs yarandıqca, məktəblər də məcbur olub özlərinin kitabxanalarını bərpa edəcəklər. Universitetlər də özlərinə zəngin kitabxanalar yaradacaqlar. Ən nəhayət, bələdiyyələr əhalinin mədəni istirahəti və ya mütaliəsi üçün kitabxanaya yer ayırmağın nə dərəcə lazımlı olduğunu anlayacaqlar. Milli burjuaziya da bu işə dəstək verəcək. Məncə, onlara təklif olunsa ki, bu ərazilərdə kitabxana yaratmaq olar, həmin şəxslər təklifi müsbət dəyərləndirə bilərlər. Kitaba maraq və tələb çoxaldıqca, kitab sənayesi də formalaşacaq.

- Paytaxtla müqayisədə rayon və kəndlərdə kitab və ya kitabxana görünmür. Nə kimi tədbirlər görmək olar?

- Bu işlə bağlı ziyalılar qızğın iş aparmalıdırlar. İmkanlı şəxslər cəlb edilməlidir. Onları inandırmaq lazımdır ki, bizim gələcəyimiz kitabdan asılıdır. Bəzən uzaq rayonlardan bizə müraciətlər edirlər. Biz də imkanımız olanda onlara kitablar göndəririk. Elə gənc müəllimlər var ki, gedib kənd və rayon məktəblərində dərs deyirlər. İmkan düşəndə onlara kitablar göndərib dəstək olmağa çalışırıq. Hər halda bu işi dövlətin edəcəyini gözləməli deyilik. Həmin sahə ilə məşğul olan adamlar yeni kitabxanaların yaranmasında maraqlı olmalıdırlar. Bəzən heç bir yeni kitabxananın yaranmasına ehtiyac qalmır. Hansısa orta məktəbin bir otağını da rahatca kitabxanaya çevirmək olar. Yetər ki, buna istək olsun. Bu istəyi öz içimizdə yaratmalıyıq. Məncə, bu, çox vacibdir.

- Gənc şair və yazarların klassiklərimizlə bağlı qeyri-sağlam, həqiqəti əks etdirməyən, qərəzli tənqidlərinin şahidi oluruq. Bəzən isə bu yanaşmalar tənqid müstəvisindən çıxaraq təhqirə çevrilir. Həmin gənclər real və virtual cəmiyyətdə daş-qalaq olunurlar. Bəlkə elə bu gənclər doğru danışırlar, sadəcə biz toplum olaraq klassiklərimizi bütləşdiririk?

- Bu, savadsızlığın əlamətidir. Gənc yazarlarımız təəssüf ki, az oxuyurlar. Normal mütaliəli bir yazıçı digər yazıçını belə kəskin tənqid etməz. Tənqid etmələrinə bir söz demirəm. Amma bunu təhqir müstəvisinə gətirib çıxarmamalıdırlar. Yazı doğrudan da çox mürəkkəbdir, çox ağır və məsuliyyətli işdir. Kimisə təhqir etmək savadsızlıq və cahilliyin əlamətləridir. Amma bəzən gənclər bilərəkdən sifariş xarakterli yazılar yazırlar. Bu da arzuolunmazdır. Mənə elə gəlir ki, Xəlil Rza sağ olsaydı, Kəramətə elə də ağır bir söz deməzdi. Onu yanına çağırıb deyərdi ki, ay bala, sən de görüm, bu yazarların filan kitablarını oxumusanmı? Maraqlı bir dialoq yaranardı. Yazıçıların biri-birinə tənqidi daha çox dialoqa bənzəməlidir, təhqir olmamalıdır. Bütün hallarda belə ədəbi mübahisələrin lehinəyəm. Bu yaxşıdır, hətta vacibdir. Amma bunun da müəyyən bir həddi olmalıdır. Tənqid ədəbiyyat dilində olmalıdır, aşağı səviyyədə olmamalıdır. Tənqid yüksək ədəbi zövqlə yazılmalıdır.

- Qeyd edim ki, klassiklərə "ilişmə”lər daha çox sosial şəbəkələr üzərində həyata keçirilir. Ümumiyyətlə, biz sosial şəbəkələrdən təyinatı üzrə istifadə edə bilirikmi?

- Əslində sosial şəbəkələr bir fikir platformasıdır. Amma elə adam var ki, buz üstündə gəzməyi bacarır, eləsi də var ki, bunu bacarmır. Sosial şəbəkədə fikirlər yazılmalıdır. Bura elə bir platformadır ki, orada oxucu ilə üzbəüzsən, nə fikrin var, deyə bilirsən. Amma bəziləri naşı davranır və bu naşılıq əks effekt yaradır. Sosial şəbəkələr cəmiyyətdə dinamika yaradan vasitədir. Bunun olması yaxşıdır.
- Gənclərlə işləyirsiz, hazırkı ədəbi mühitdəki gənclərin ədəbi səviyyələri sizi qane edirmi?
- İndi yaxşı yazmaq bir az çətindir. Bəlkə əvvəl də belə məsələlər olub. Amma əvvəl yazar olmaq o yazıçının yaşayışını təmin edirdi. İndi yazar olmaq üçün çətin sınaqlardan keçməlisən. Bu sınaqlar bəzən onları yorur, əldən salır. Yazıya dəstək verən proqramlar olmalıdır. Yazıçı deyil, yazıya dəstəkdən söhbət gedir. Bu, başqa ölkələrdə mövcuddur. Fransada Mədəniyyət Nazirliyinin yaxşı yazı və ya əsərlərlə bağlı proqramı var. Hansı bir mövzuda yaxşı yazı varsa, ona imkanlar yaradılır. Bizdə də yazıya dəstək institutu olmalıdır və o, inkişaf etdirilməlidir. Yazıya dəstək olarsa, çox maraqlı yazılar ortaya çıxa bilər. İndi üzdə olan yazılardan da maraqlı, zövqlü yazılar görə bilərik.

- Ötənlərdə gənclər arasında sosial sorğu keçirirdim. Sualım bu idi: Gənclər niyə elm, təhsil və kitabdan uzaq düşüblər? Tələbələrdən biri ağrılı bir cavab verdi. Söylədi ki, əgər intellektual bir professor 3 ildir bir kostyumdan çıxa bilmirsə, pencək və köynəyinin boynu, biləkləri yuyulmaqdan didilibsə, biz niyə kitabın qulpundan yapışmalıyıq?! Əksər gənc bu düşüncədə idi. Sizcə, elm, təhsil və maarifçiliklə bağlı nələr edilməlidir ki, gənclər bu sayaq düşünməsin və öz parlaq gələcəklərini məhz elm, təhsil və ədəbiyyat sahəsində görsünlər?

- Məsələ orasındadır ki, kitabın gətirdiyi gəlir mədəniyyət sahəsinin digər qanadlarından üstündür. Bir kitab yüz milyon satılır və bu satış 2 ay ərzində baş verir. Yazıçıdan başqa kim belə sürətlə bu qədər gəlir əldə edə bilər? Maraqlı mətnlər yazıldıqca, kitabla dolananların imkanları düzələcək.

- Bilirik ki, savadlı cəmiyyətin formalaşmasında təhsilin rolu əvəzsizdir. Yəni təhsil cəmiyyətin lokomativi hesab olunur. Amma ölkəmizin təhsil həyatında ciddi axsamalar müşahidə olunur. Sizcə, bu sahədə hansı dəyişikliklər edilməlidir?

- Mən ən narazı olunası bir sahədə çalışıram, amma heç zaman istəmirəm ki, nədənsə narazılıq edim. Çünki adamlar artıq narazı olmaqdan və narazılıq eşitməkdən beziblər. Əlbəttə, bizim səhiyyə, təhsil və digər strukturlarda ciddi problemlər var. Tarix və zaman sübut edir ki, bu problemləri yoluna qoymaq bacarıqlı şəxslərdən asılıdır. Kim öz sahəsində vicdanla çalışırsa, öz bacarığını göstərirsə, o sahə inkişaf edir. Bu o deməkdir ki, təhsildə problem varsa, deməli, orada mütləq islahatlar aparılmalıdır. İslahatlar olacaqsa, dəyişikliklər də müşahidə olunacaq. Əslində təhsil istiqamətindəki dəyişikliklərə inqilabi deyil, tədrici dəyişiklik kimi baxmalıyıq. Bu işlər tədricən olmalıdır və məncə, olur da. Başqa sahələrdə də yavaş-yavaş bu cür dəyişikliklər gedəcək. Çünki zaman onları buna məcbur edəcək.

Söhbətləşdi: Ayyət ƏHMƏD







SON XƏBƏRLƏR

2018-11-21