2018-02-10 00:17:03   |   571 dəfə oxunub

Saakaşvilinin dövrü çoxdan bitib

Ukrayna onu Gürcüstana versə, böyük təlatümlər gözlənilmir

“Bu gün nə Ukraynada, nə də Gürcüstanda Qərbə olan münasibət əvvəlki kimi birmənalı olaraq müsbət deyil”


Ukrayna hökuməti eks-prezident Mixail Saakaşvilini Gürcüstana ekstradisiya etmək istəyir. Gürcüstan tərəfi də Kiyevə müraciət edərək eks prezidentin verilməsini tələb edir.

Hazırda Ukrayna məhkəmələri bu işlə məşğuldur və artıq Saakaşvilidən ifadə də alınıb. Amma Saakaşvili bəyan edib ki, Ukrayna hökumətinin onun ekstradisiyasına hazırlaşması mütləq Gürcüstana veriləcəyi anlamına gəlmir: "Bir neçə gün əvvəl öyrəndim ki, onlar Polşa hökumətinə müraciət edib, mənim yenidən qəbul edilməyimi istəyiblər. Mənim Gürcüstana ekstradisiyam gürcü hökuməti üçün çox çətin olacaq. Gürcüstanda hökumət zəifdir. Onlar bir ildən çox mənim ofşor hesablarımı axtardılar, amma heç nə tapmadılar. Mənim zamanımda korrupsiya olmayıb. Əgər Gürcüstanda həbs olunsam, tərəfdaşlarım hakimiyyəti devirib, məni azad edəcəklər”.
Məsələni dəyərləndirən ekspertlər Saakaşvilinin iddialarını ciddiyə almırlar. Onların sözlərinə görə, əvvəlki nüfuzunu itirən Saakaşvili nə Ukraynada, nə də ki Gürcüstanda kifayət qədər dəstəyə sahib deyil.
Proseslə bağlı "Şərq”ə fikirlərini bölüşən Ağ Partiyanın başqanı Tural Abbaslı deyib ki, ümumiyyətlə, son dönəmlərdə Saakaşvilinin istər dünya, istərsə də Gürcüstan üçün maraqlı fiqur olduğunu düşünmür. Onun sözlərinə görə, Saakaşvili konkret bir siyasi dönəmin simvolu idi: "O zamanlar hansısa ölkələrdə "məxməri” inqilablar gündəmdə idi. Saakaşvili də Qərbin avtoritar rejimlər üçün seçdiyi ideal, alternativ siyasi obraz idi. Hazırkı dünya siyasətinin prioritetləri isə tam başqadır. İndiki reallıqlara baxsaq, Saakaşvili heç də ideal siyasətçi obrazı deyil. Həmçinin, bu gün nə Ukraynada, nə də Gürcüstanda Avropaya, Qərbə olan münasibət əvvəlki kimi birmənalı olaraq müsbət deyil. Krımın Rusiya tərəfindən ilhaqından sonra Avropanın yürütdüyü dişsiz siyasət Qərbin bu ölkədəki nüfuzunu xeyli zəiflədib. Gürcüstanda da nə Saakaşvilinin, nə də Avropanın əvvəlki nüfuzu yoxdur. Ən azından bu ölkədə baş verən siyasi gedişlər və seçkilər bunu deməyə əsas verir. Saakaşvili özü barədə yanlış olaraq yüksək fikirdədir. O, Avropanın fiquru olaraq, onlar güclü olanda güclü, zəif olanda isə zəif olacaq. Odur ki, Ukrayna eks prezidenti Gürcüstana təhvil versə, nə Ukrayna, nə də Gürcüstan üçün problem olmayacaq. Hansısa rəngli inqilabdan isə ümumiyyətlə söhbət gedə bilməz”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19