2018-02-10 17:12:02   |   445 dəfə oxunub

Düşmən həyəcana düşüb

2018-ci il Qarabağda dönüş ili olacaq

Dövlət başçısı açıq şəkildə münaqişə ilə bağlı daha sərt siyasət yürüdəcəyinin siqnallarını verdi





"Hərbi sahədə apardığımız siyasət özünü tam doğruldur. Bizə iradlar ünvanlanır ki, nə üçün Azərbaycan silahlanır, nə üçün hərbi quruculuğuna, ordu quruculuğuna vəsait ayırır. Biz isə Ermənistandan fərqli olaraq bu işləri öz imkanlarımız daxilində görürük”.

Bu fikirləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında bildirib. Dövlət başçısı bəyan edib ki, hazırda müşahidə olunan proseslər nə qədər düzgün siyasət apardığımızı göstərdi: "Dünyanın aparıcı ölkələri də daim silahlanırlar. Biz isə son illər ərzində güclü ordu yaratmışıq. İndi bütün beynəlxalq reytinqlər də ordumuzun gücünü əks etdirir. Bu güc bizə imkan verir ki, istənilən vəzifəni icra edək. 2016-cı ilin aprel döyüşləri bunu əyani şəkildə düşmənə və bütün dünyaya göstərdi. Döyüş meydanında bizim şanlı tarixi qələbəmiz əlbəttə ki, məsələnin ədalətli həlli üçün də yeni imkanlar yaradır”. Prezident vurğulayıb ki, növbəti illərdə hərbi potensialın gücləndirilməsi üçün nə lazımdırsa, o da ediləcək: "Bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir. Buna görə də Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir. Heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Ermənistanın təcrid siyasəti torpaqlarımız işğaldan azad edilənədək davam edəcək”. Göründüyü kimi, ölkə rəhbəri qurultaydakı çıxışı ilə Dağlıq Qarabağ məsələsində nə qədər həssas davrandığını və bu yöndə böyük siyasi iradəyə malik olduğunu ortaya qoydu. Elə bu səbəbdən də Prezidentin torpaqların geri qaytarılması ilə bağlı səsləndirdiyi bəyanat işğalçı Ermənistanı vahiməyə salmağa kifayət etdi. Artıq işğalçı ölkənin mediası dövlət başçısının bəyanatı ətrafında həyəcan təbili çalır, açıq-aşkar qorxu nümayiş etdirir.

Sabiq dövlət müşaviri Qabil Hüseynli deyib ki, dövlət başçısı açıq şəkildə Dağlıq Qarabağ məsələsi ilə bağlı daha sərt siyasət yürüdəcəyinin siqnallarını verdi. Ekspertin sözlərinə görə, prezidentin seçkiqabağı platformasında baş mövzu Qarabağ məsələsi olacaq. Qurultaydakı çıxışlar da bunu deməyə əsas verir: 

"Seçkilər başa çatdığı və prezident seçiləcəyi təqdirdə İlham Əliyev Qarabağ məsələsini siyasi fəaliyyətinin əsas hissəsinə çevirəcək. Prezident qurultaydakı çıxışı ilə hamını bu məsələ ətrafında səfərbər olmağa və ölkənin ərazi bütövlüyünü bərpa etməyə çağırdı. Şübhəsiz ki, seçkilərdən sonra hökumət ordu quruculuğuna, diplomatiyamızın uğurlu siyasət yürütməsinə və ermənilərin təcavüzkar siyasətinin bütün dünyada ifşa edilməsinə var qüvvəsini sərf edəcək”. Politoloq hesab edir ki, builki prezident seçkilərindən sonra Azərbaycan bir sıra məsələlərdə önəmli addımlar atacaq: "Bunlardan ən mühümü Qarabağ münaqişəsi ilə bağlı olacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün maksimum siyasi iradə ortaya qoyacaq”.

Politoloq Arzu Nağıyev də deyib ki, Ermənistan hökuməti Prezident İlham Əliyevin mesajlarından ciddi nəticə çıxartmalıdır: 

"Cənab Prezident dəfələrlə, istər Dağlıq Qarabağ münaqişəsinin həlli, istərsə də digər məsələlərlə bağlı çıxışında bildirib ki, bizim bayrağımız yalnız Şuşada, Xankəndində dalğalanmaqla məhdudlaşmayacaq. Ölkə başçısı ermənilərə xatırlatdı ki, onların özlərinə paytaxt seçdiyi İrəvan da Azərbaycan torpağıdır. Biz zaman-zaman "Böyük Çin”, "Böyük Rusiya, "Böyük Ermənistan” kimi ifadələrə bu dövlətlərin nümayəndələri tərəfindən rast gəlirik. Onlar bu cür ifadələrlə öz böyüklüklərini təlqin etməyə çalışırlar. Halbuki, bu gün Ermənistanın malik olduğu bütün torpaqlar bizimdir. Necə ola bilir ki, Ermənistan Azərbaycan torpaqlarını zəbt etsin, orada ikinci bir erməni dövləti yaratmağa cəhd etsin, ancaq biz öz tarixi torpaqlarımıza iddiamızı bildirməyək? Bu baxımdan ölkə başçısının səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir və Ermənistana verilən ciddi bir mesaj kimi dəyərləndirilməlidir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-05-25