2018-02-12 16:28:55   |   331 dəfə oxunub

Zahid Oruc da prezidentliyə namizəd olacaq


Millət vəkili Zahid Oruc prezidentliyə namizəd olacaq.

"Sherg.az"ın məlumatına görə, Z. Oruc bununla bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.
Z. Oruc müraciətində qeyd edib ki, partiya mənsubiyyətinə malik deyil, lakin Azərbaycan parlamentində böyük fəaliyyət təcrübəsi qazanıb, sadə, əliqabarlı ailənin övladı kimi zəhmətkeş insanların, ölkənin maddi sərvətlərini yaradan çoxluğun təmsilçisidir: 

"Hakimiyyətə qarşı fərqli ideya-siyasi düşərgədə olduğunu deyənlərdən kənarda milyonla insan heç bir partiyalı vəsiqə daşımır. Elə isə onların birgə səsinə çevrilə bilərik. Ona görə biz heç bir inqilabi yola, düşmənçilik və qisasçılıq yayan baxışlara, müharibəni hakimiyyət dəyişikliyi üçün arzulayan kəsimlərin niyyətlərinə meydan aça bilmərik. 

Yaxud, xarici müdaxilə vasitəsilə ölkənin taleyini müəyyənləşdirməyə və siyasi münasibətləri aydınlaşdırmağa çalışanlarla bir yerdə olmaq da çətindir. Beləliklə, ötən 27 ildə mətinləşən və böyük siyasi yetkinlik məktəbi keçən xalqımızın ləyaqətli övladlarına güvənərək, bir qrup işıqlı insanı vahid platformada birləşdirmək və onların qiymətli təklif və ideyalarını səfərbər etmək naminə şəxsi təşəbbüsümüzlə prezident seçkilərinə qatılmaq üçün öz namizədliyimizlə çıxış etməyi qərara alırıq. 

Biz yüzlərlə insanın məsləkdaşımıza çevriləcəyini inanırıq və ümid edirik ki, rəsmi bəyanatımızdan sonra yaradılacaq təşəbbüs qrupuna qoşulan bacı və qardaşlarımızın sayı artacaq”.






SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17