2018-02-13 11:56:19   |   250 dəfə oxunub

Bu il 600 zəvvar ziyarətə gedəcək

Əsasən maddi imkana görə Həccə gedənlərin sayı azalıb



Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin sayı məlum olub. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il Azərbaycandan Həccə 600 zəvvar gedə biləcək.

Bu, indiyə qədər Azərbaycandan Həcc ziyarəti üçün ayrılan ən az kvotadır.
Buna qədər ən az yer ötən il ayrılmışdı. 2017-ci ildə Azərbaycandan Həccə 900 zəvvar getmişdi.
Qeyd edək ki, təşkil olunan səfərin qiyməti 4150 ABŞ dollarıdır. Ötən illə müqayisədə builki zəvvarların sayının nə üçün azalması maraqlıdır. Səbəb olaraq müxtəlif fikirlər səsləndirilsə də, əsas səbəb kimi səfərin qiyməti göstərilir. 

Bəs ilahiyyatçılar bu barədə hansı fikirdədirlər?

İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə bildirib ki, bu gün cəmiyyət arasında Həcc ziyarəti ilə bağlı müxtəlif fikirlər mövcuddur. Onun sözlərinə görə, zəvvarların sayının azalması heç də əks münasibətlərin meydana gəlməsi demək deyil: 

"Açığını deyək ki, Həcc ziyarətinə gedən insanların bəziləri maddi problem baxımından çətinlik çəkirlər. Qiymət istər 4 min olsun, istərsə də 5 min dollar, onsuz da bu çətinliyi çəkənlər var. Bəzi insanların maddi rifahları həddindən artıq çoxdur. Ona görə də onlar üçün 3-5 min dolların heç bir fərqi yoxdur, onlar ziyarətlərini edirlər. Düşünürəm ki, Həcc ziyarəti zamanı müəyyən çətin hava şəraiti də insanlarda narahatlıq yaradır. Lakin bu, insanların sayının azalması ilə əlaqəli deyil.

Bəzən cəmiyyət arasında mənəvi çatışmazlıq nəticəsində ola bilər ki, insanlarda müxtəlif fikirlər formalaşsın. Məsələn, "filankəs rəhbər olmasa, biz getmirik” və s. kimi yanaşmalar meydana gəlir. Bəziləri bu cür mənəvi problemlərlə üzləşən zaman ziyarətə getməkdən vaz keçirlər. Digər insanlar ümumi şəkildə QMİ-nin təyin etdiyi şəxsin rəhbərliyi altında səfərə gedirlər. Bu səbəblərdən dolayı da müəyyən azalmalar ola bilər. Amma əsas səbəb təbii ki, maddi imkandır. İnsanların imkanı olmadığı yerlərdə azalmalar olur”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-05-25