2018-02-13 12:00:11   |   413 dəfə oxunub

Getdikcə azalırlar

İŞİD-in sıralarında döyüşən daha bir azərbaycanlının ölüm fotosu yayıldı

“Şəbəkənin tamamilə çöküb məhv olması prosesi gedir. Sadəcə ara-sıra görüntülər yaymaqla guya hələ də varlığını qoruduğunu nümayiş etdirməyə çalışır”





Suriyada İŞİD-in sıralarında döyüşən daha bir azərbaycanlının ölüm xəbərinin və fotosunun sosial şəbəkədə paylaşılması geniş müzakirələrə səbəb olub. Daha çox vurğulanan məqam isə son dönəmlərdə terrorçu qruplaşmaya meyl edənlərin sayının azalması iddiası olub.

Yəni əksəriyyət hesab edir ki, Yaxın Şərqdə İŞİD-ə qarşı aparılan ardıcıl hərbi əməliyyatlar, Azərbaycanda DTX səviyyəsində həyata keçirilən uğurlu iş, o cümlədən Türkiyənin öz sərhədlərini möhkəmləndirməsi və terrorçuların ölkədən tranzit kimi istifadəsini məhdudlaşdırması İŞİD-ə qoşulmaq istəyənlərin sayını xeyli azaldıb. Bəzilərinin fikrincə, bir il öncə şəbəkəyə qoşulmaq məsələsi daha aktual idisə, artıq bu barədə çox danışılmır. Bu da onu göstərir ki, sözügedən terrorçu şəbəkəyə meyl edən, qoşulmaq istəyənlər əvvəlki kimi çox deyil.

Mövzu ilə bağlı "Şərq”ə açıqlama verən tanınmış kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, İŞİD uzun zaman "Allah”, "həqiqi islam” adı ilə təbliğat quraraq insanları "təmiz dünya”, "cənnət” və "şəhidlik zirvəsi” kimi ideologiya ilə özünə cəlb etməyə nail olub. Ancaq zaman keçdikcə ortaya çıxdı ki, terrorçu dəstə yüksək dəyərlərdən sadəcə öz siyasi və maddi məqsədləri naminə yararlanıblar: 

"Müəyyən müddət sonra İŞİD-in çox fırıldaqçı və amansız bir terror təşkilatı olması üzə çıxdı. İnsanlar demək olar ki, onların iç üzünü gördü. Xeyli vaxt çirkin məqsədlərinə nail olsalar da, zaman onları ifşa etdi. Artıq terrorçu qruplaşma hamının nifrətini qazanıb. Belə qara qüvvələrə heç Allah da kömək etməz. Müsbət hallardan biri də odur ki, əskər Qərb ölkəsi və Rusiya kimi fövqəlgüclər birləşərək İŞİD-ə qarşı mübarizə aparmaq qərarına gəldilər. Nəticədə terrorçulara açıq dəstək verən qüvvələr də geri çəkilməyə məcbur oldu. 

Bir terrorçu təşkilata qarşı 57 ölkənin birləşməsi çox mühüm amildir. Çox nadir hallarda müxtəlif və əks qütbləri təmsil edən dövlətlər bir hədəf üzərində birləşirlər. Görün, İŞİD özünü necə cinayətkar və anti-bəşəri təşkilat kimi göstərdi ki, bütün dünya ona qarşı çıxdı. Şübhəsiz ki, belə məqamda heç kim batmaqda olan təşkilata qoşulmaq istəməz. Əslində, şəbəkənin tamamilə çöküb məhv olması prosesi gedir. Sadəcə ara-sıra görüntülər yaymaqla guya hələ də varlığını qoruduğunu nümayiş etdirməyə çalışır”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17