2018-02-13 12:09:36   |   338 dəfə oxunub

Əhali kütləvi müayinələrdən imtina etməməlidir

“İmkandan yararlanaraq daha çox hansı xəstəliklərin yayıldığını müəyyənləşdirmək olar”



Bu gündən ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsinə başlanılır. Müayinələrin keçirilməsi mayın 12-dək davam edəcək. Respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərindən ibarət qruplar müntəzəm olaraq regionlara ezam olunacaqlar.

Qeyd edək ki, səhiyyə nazirinin müavini Nigar Əliyeva "Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” sərəncam imzalayıb.

Sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur

Əhali arasında tibbi müayinələrin keçirilməsi təbii ki, müsbət haldır. Yoxlamaların pulsuz olması isə olduqca əlverişli hesab olunmalıdır. Lakin bəzi insanlarda müayinələrin ödənişli olması ilə bağlı fikirlər formalaşır. Buna görə də əksəriyyət müayinələrdən yararlanmaqdan vaz keçirlər.

Tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə açıqlamasında bildirib ki, insanların tibbi müayinədən keçməsi məcburi deyil. Əgər bu müayinə icbarilik daşıyırsa, orda ödənişli xidmətdən söhbət gedə bilməz: 

"Bu, dövlətin həyata keçirdiyi tədbirdir və dövlət büdcəsi hesabına həyata keçirilir. İmkandan yararlanaraq əhali arasında daha çox hansı xəstəliklərin yayıldığını müəyyənləşdirmək olar. Həmçinin daha çox yayılmış vərəm xəstəliyinin ölkəmizdə hansı səviyyədə olduğunu da bilmək olar.

Müayinələrin hansı səviyyədə həyata keçiriləcəyini deyə bilmərik. İstənilən halda əhali müayinələrdən imtina etməli deyil. Müayinələr ödənişsiz həyata keçiriləcək, bunu başqa cür təsəvvür eləmək mümkün deyil. Sadəcə, bir məqamda sual yaranır. 

Hansısa şəxsdə ciddi patalogiya ortaya çıxacaqsa, o şəxs dövlət xəstəxanasında müalicə olunacaq, yoxsa özəl sektorda? Buna baxmayaraq istər formal, istərsə də qeyri-formal olaraq elan olunub ki, dövlət sistemində xidmətlər pulsuzdur. Ona görə də əhali bu xidmətdən istifadə etməli və yararlanmalıdır”.

Yeganə Bayramova








SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17