2018-02-13 12:11:47   |   448 dəfə oxunub

Gərək neftin qiyməti 60 dollar civarında olsun

Bu halda Mərkəzi Bank valyuta ehtiyatlarını artıra bilər



"Bu ilin sonunadək Mərkəzi Bankın valyuta ehtiyatları artacaq”. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Sədr bildirib ki, ilin sonunadək tədiyyə balansı müsbət olacaq: "Valyuta ehtiyatlarının ötən illə müqayisədə daha da artacağını proqnozlaşdırırıq. Lakin burada neftin qiyməti çox önəmlidir”.

MB rəhbərinin sözlərini "Şərq”ə şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, tədiyyə balansının müsbət olması ölkəyə il ərzində nə qədər həcmdə valyutanın daxil olacağından asılıdır. Ekspert xatırladıb ki, Azərbaycanın ümumi ixracatının 90 faizə yaxınını neft və neft məhsulları tutur: 

"Dünya bazarında neftin qiymətinin aşağı və ya yuxarı olması ölkəyə daxil olan valyutanın həcminə də təsir göstərir. Bu baxımdan tədiyyə balansının müsbət olması birbaşa neftin qiymətindən asılıdır. Əgər 2018-ci il neftin dünya bazarında qiyməti proqnozlaşdırıldığı kimi 60 dollar ətrafında olarsa, bu, Mərkəzi Banka öz ehtiyatlarını artırmaq imkanı verəcək. İndi qeyri-neft sektorunda ixrac imkanları artırılmağa çalışılır. 

Hazırda qeyri-neft sektorunun ixrac imkanları əvvəlki dövrlə müqayisədə 24 faiz artıb. Bu da 1.5 milyard dollardan çox vəsait deməkdir. Amma təbii ki, ümumi ixracatda hələ də neft sektoru dominantlığını qoruyub saxlamaqdadır. 

Mərkəzi Bankın öz valyuta ehtiyatlarını artırması üçün neftin dünya bazarında qiymətinin 50 dollardan aşağı düşməsi arzuolunan deyil. Əgər bu baş verərsə, Bankın valyuta ehtiyatlarında artım olmayacaq. Yox əgər qiymət 60 dollar ətrafında olacaqsa, o zaman Mərkəzi Bank iki istiqamət üzrə müsbət göstəriciyə nail olacaq”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16