2018-02-13 15:00:53   |   2794 dəfə oxunub

Səlim Babullaoğlu:" Nəşr edilən ədəbiyyatın kütləsi çoxdur , amma əyarı aşağıdır" - Müsahibə

"Hər bir ədib, yazar öz növbəsində ürəyinin səsinə qulaq asıb, Cümhuriyyət dövrü ilə bağlı roman, esse, poema yaza bilər"

"Bədii ədəbiyyatın satışına, çapına qoyulan verginin azaldılması yazarlara əlavə dəstək ola bilər"



"Ümumiyyətlə, başqasını tənqid etmək əvəzinə yaxşı olar özünü tənqid edib kamilləşəsən"


"Niyə belə olduğunu bilmirəm. Əslində isə bilirəm. Amma uzun məsələdir. İldən ilə kitabların sayı, nəşrlər çoxalır, tərcümələr artır. Amma yenə də biz az oxuyan cəmiyyətlər sırasındayıq"


"Çatışmayan başlıca keyfiyyət odur ki, çox rayonlarda, rayon mərkəzlərində kitab mağazaları yoxdur"

"Özündə sənətə münasibətə intizamı formalaşdıran adamlarla ölüçülür mədəniyyət"

"Dilimiz sanki dincə qoyulmuş torpaqdır, onu "şumlamaq” lazımdır"









"Sherg.az”ın bu dəfəki həmsöhbəti Azərbaycan Yazıçılar Birliyinin İdarə heyətinin üzvü, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğludur.

Müsahibəni təqdim edirik:

-Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək. Bu istiqamətdə hansı təklifləriniz var?

-Cümhuriyyət dövrü ədiblərinin əsərlərini, tam olmasa da, fraqmental şəkildə müxtəlif dillərə - ingilis, fransız, ərəb dillərinə tərcümə etmək lazımdır. O dövrün ədəbi mühiti haqqında məlumat verən monoqrafik yazılar daxil olmaqla.
Düşünürəm ki, ölkəmizdə xarici dövlətlərdən ədəbiyyat nümayəndələrini, sənət adamlarını ölkəmizə dəvət etmək olar. Burada məhz Cümhuriyyət dövrü ədəbiyyatı, bu dövrdə qoyulan ideyalar, onların təzahürü haqqında ədəbi konfranslar təşkil edilə bilər. Sonradan həmin ədiblər öz ölkələrinə qayıtdıqda, bu barədə yazıb, məlumatlar dərc edəcəklər.

Azərbaycanlı yazarlara gəlincə isə, hər bir ədib, yazar öz növbəsində ürəyinin səsinə qulaq asıb, Cümhuriyyət dövrü ilə bağlı roman, esse, poema yaza bilər.

-Cümhuriyyət dövrünə aid sənədlər, əsərlər ölkəmizə gətirilməlidirmi?

-Tək o arxivlər deyil, Azərbaycanla bağlı istənilən mənbə, arxiv məlumatları, video-foto sənədlərin ölkəmizdə olması çox vacibdir. Xüsusilə Cümhuriyyət dövrü ilə bağlı sənədlərin gətirilməsi həyati əhəmiyyətlidir. Güman edirəm ki, "Cümhuriyyət ili” çərçivəsində dövlət buna diqqət ayıracaq.

-Bir qrup ziyalılarımız düşünür ki, gənclər Cümhuriyyətlə bağlı az məlumata sahibdirlər. Onların maarifləndirilməsi istiqamətində nə etmək olar?

-Gənclərin Cümhuriyyətlə bağlı nə dərəcədə biliklərə sahib olduğunu deyə bilmərəm. Amma hər şey məktəbdən başlayır. Məktəbdə tarix fənni keçilir. Amma humanitar fənlərin daxilində ayrıca Cümhuriyyət bəhsi olmalıdır. Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Cümhuriyyəti, onun qurulmasında xidmətləri olanlar, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla hər biri haqqında, sonradan mühacirət etmiş dəyərli siyasi şəxsiyyətlər barədə ətraflı bilgi verilməli, məqalələr salınmalıdır müvafiq dərsliklərə. Gənclər, yeniyetmələr də hökmən bu haqda bilik əldə etməlidirlər. Hər şey təhsildən başlanır. Ona görə, bu kifayət qədər əsaslı, müfəssəl şəkildə əhatə olunmalıdır.

-Ümumiyyətlə, müasir gəncliyin kitaba, ədəbiyyata marağını necə qiymətləndirirsiniz?

-Gənclərin kitab oxumaması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Amma ümumi əhalinin arasından gəncləri ayırıb, kitab oxumamaqda günahlandırmaq düzgün olmaz. Hesab edirəm ki, biz xalq olaraq az oxuyuruq. Başqa ölkələrlə, məsələn, qonşu Gürcüstanla müqayisədə bizdə kitaba maraq azdır. Niyə belə olduğunu bilmirəm. Əslində bilirəm. Amma uzun məsələdir. İldən ilə kitabların sayı, nəşrlər çoxalır, tərcümələr artır. Amma yenə də biz az oxuyan cəmiyyətlər sırasındayıq.

-Son vaxtlar gənc yazarların xoşagəlməz addımlarının şahidi oluruq. Yazarların ədəbi şəxsiyyətləri tənqid, hətta təhqir etməsi sosial şəbəkələrdə, ictimaiyyətdə ciddi narazılıqla qarşılanır. Sizcə gənc ədiblərin bu cür davranmasının səbəbi nədir?

-Nə gənc vaxtı, nə indi sələflərimi o dediyiniz tərzdə tənqid etmək niyyətim olmayıb. Ümumiyyətlə, hamı haqqında fikir demək olar, amma birmənalı hansısa klassiki tənqid etmək yanlışdır. Ədəbi tənqidin, söhbət elmi, filoloji tənqiddən gedirsə, metodologiyası var. Müxtəlif aspektlərdən yazarı tənqid etmək olar, amma təhqirə yol vermək qətiyyən olmaz. Nəinki klassiklərə münasibətdə, adi bir fərdin digərinə münasibətində buna yol vermək düzgün deyil. Ümumiyyətlə, başqasını tənqid etmək əvəzinə yaxşı olar özünü tənqid edib kamilləşəsən.

-Bəs Azərbaycanda ədəbi tənqid sahəsində hansı boşluqlar var?

-Boşluqlar çoxdur. Bəlkə o boşluqların bir hissəsi elə ədəbiyyatın, bədii mətn sahəsindəki boşluqlardan doğur. Yazılan, nəşr edilən ədəbiyyatın kütləsi çoxdur , amma əyarı aşağıdır. Ümumilikdə, ədəbi tənqidin vəziyyəti ürəkaçan deyil.

-Yazarlar ədəbiyyata dəstəyin az olduğunu düşünür. Yazıya dövlət dəstəyi hansı səviyyədədir?

Dövlət tərəfindən hər il 20 nəfər gəncə təqaüd ayrılır. Əlavə olaraq, 30 yaşlı yazara da təqaüd verilir. Dövlətin vəsaiti hesabına Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəşrləri işıq üzü görür. Həftəlik ədəbiyyat qəzeti, aylıq jurnallar və s. Bu da dəstəkdir.

Həmçinin, gənclərə ayrıca mükafatlar verilir. Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondu da yaradılıb. Fond bir çox ədəbi bədii layihələrə maliyyə dəstəyi göstərir. Bütün bu sadaladıqlarımdan aydın olur ki, dövlət kifayət qədər stimullaşdırıcı işlər görür. Dəstək deyəndə başqa nə nəzərdə tutulur? Fikirləşmək lazımdır. Ola bilər, dövlət tərəfindən mədəniyyət, xüsusən ədəbiyyatla bağlı sahələrə bəzi imtiyazlar verilsin. Məsələn, bədii ədəbiyyatın satışına, çapına qoyulan verginin azaldılması yazarlara əlavə dəstək ola bilər.

Gənclərdən danışdıq, bəs ziyalıları necə qiymətləndirirsiniz? Müasir dövrün ziyalıları gəncləri öz arxasınca apara bilirmi?

Bu məsələ ola bilər, hansısa baxış bucağından doğru görünsün. Amma mən peşəkar insanın boynuna əlavə "ziyalı yükünün” yüklənməsinin də bir o qədər tərəfdarı deyiləm. Biz belə yükləməklə onların yaradıcılıq imkanlarını məhdudlaşdırmış oluruq. Yazıçının birinci vəzifəsi, borcu kimisə öz arxasınca aparmaq deyil, normal əsər yazmaqdır. Yaxşı yazarsa, ciddi əsəri oxuyan 5 adam onsuz da onun kimi düşünəcək. Bir rəssam gözəl tablo yaradarsa, bir neçə tablodan sonra üslub yaradarsa onun izi ilə addımlayanlar çox olacaq. Görün, Üzeyir Hacıbəyovun yaradıcılığından kimlər ilham aldı? Elə iki nəfərin – Qara Qarayev və Fikrət Əmirovun adını çəkmək yetərlidir. Onların da iziylə gedənlər olub, Arif Məlikov, Xəyyam Mirzəzadə və s. Belə insanlara əlavə ziyalı vəzifəsi yüklədikdə onların yaradıcılığını məhdudlaşdırmış oluruq.

-Sosial şəbəkələr, ümumiyyətlə internetdən istifadə genişlənəndən yaradıcılıq da virtuallaşıb. İnsanların teatra, canlı konsertə, filmlərə getməsi sanki azalıb...

-Xeyr. Hesab edirəm ki, konsertə, teatra gedən yenə də gedir. Musiqi də fərqlidir. Elə ifaçı var ki, onun konsertinə getmək, yaxud "Youtube”dən video-çarxına baxmaq arasında elə fərq olmur. İkisi də yalançı, süni səsdir. Amma klassik musiqini canlı səhnədə, orkestr ilə ifa edildikdə dinləmək təbii ki, başqadır. Özündə sənətə münasibətə intizamı formalaşdıran adamlarla ölüçülür mədəniyyət.


-Bu gün kitab sənayesində durum necədir?

-Dediyim kimi, hər il çap olunan kitabların, əsərlərin sayı artır. Amma biz az oxuyuruq. Digər vacib məsələ də hansı kitabları çap etməyimizdir. Sıravi arifmetika ilə məşğul olsaq, bir insan bütün ömrü boyu oxusa belə, 40 mindən artıq kitab bitirə bilməz. Dünyadakı kitablar isə milyardlarladır. Həm oxucu kimi, həm yazar kimi, həm də naşir kimi kitabların arasında seleksiya aparmaq lazımdır.

Çatışmayan başlıca keyfiyyət odur ki, çox rayonlarda, rayon mərkəzlərində kitab mağazaları yoxdur. Məsələn, cənub rayonlarında, özüm də olmuşam, dəftərxana ləvazimatı, qəzet köşkü var, amma kitab satan mağaza yoxdur.

-Bəli, Bu problem dəfələrlə qeyd olunub. Siz hansı həll yollarını təklif edirsiniz?

-Dövlətin, hökumətin müvafiq strukturları biznesin bu növü ilə məşğul olan müəssisələrə imtiyazlı şərait yaratmalıdır ki, onlar kitab satışi ilə məşğul olsun. Kitabı tutaq ki, çap etdik. Bakıda 40-50 mağazada satıldı, bitdi. Axı, Azərbaycan tək Bakıdan ibarət deyil. Bir müəllifin şeir kitabı 1000 tirajla çap olunubsa, 60-70 bölgəmizin hərəsinə 3-5 nüsxə göndərilə bilər. Beləliklə, Bakını da nəzərə alsaq hər müəllifin il ərzində təxmini 1000 nüsxə civarında kitabının satılma ehtimalı var. Rayonlarda kitab mağazalarının açılması məsələsində gecikirik. Kitab mağazaları artırılmalıdır.

Çox vaxt sosial şəbəkələrdə tərcümə edilmiş kitablarla bağlı tənqidlərə rast gəlirik. Oxucular, ədəbiyyat nümayəndələri tərcümələrdə çatışmazlıqların olduğunu deyir. Sizcə, xüsusilə ədəbi tərcümə sahəsində əsas problem nədən ibarətdir?

-Tərcümə sahəsində problem o qədər çoxdur ki. Bütün dillərdən orijinaldan tərcümə edən mütəxəssislərimiz yoxdur. Mövcud mütəxəssislər də bədii ədəbiyyatın tərcüməsi sahəsində ixtisaslaşmayıb. İlk vacib problem budur.

Tərcüməçiyə qonorarın ödənilməsində də problem var. Qonorar həddinin müəyyənləşdirilməsi və daha adekvat olması lazımdır. Tərcüməçinin zəhmətini anlamayan adamlar tərcüməçiyə gülməli rəqəmlər təklif edirlər. Məsələn, deyirlər, 2 min işarəlik yazını 2-3 manata tərcümə et. Tərcümə kimi ciddi iş üçün bu, həqiqətən, gülməli təklifdir. Ona görə, bu sahədə problemlər çoxdur. Problemlər haqda danışan adamların özləri də kifayət qədər problemləri var.

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini hazırladı. Layihə əsasında lüğətimizdə çoxsaylı orfoqrafik dəyişikliklər edildi. Yeni dəyişikliklər tərcümə sahəsinə çətinliklər yaradırmı?

Orfoqrafik dəyişikliklər tək tərcümə deyil, bütün sahələr üçün ciddi problem yaradır. Belə çıxır ki, 5 il əvvəl çap etdiyimiz kitabı yeni qaydalarla, bir daha çap etməliyik. Bu dövlətə, hökumətə, irsə ciddi ziyan vurur. Dil məsələsi ilə həmişə məşğul olmaq lazımdır. Amma hansısa sözün yazılışını dəyişmək, sonra yenidən əvvəlki halına qaytarmaq və s. lazımsız işlərdir. Daha vacib məsələlərlə məşğul olmalıyıq.

-Hazırda Azərbaycan ədəbi dilinin, lüğət tərkibinin çatışmazlıqları nələrdir?

Bu, mütəxəssislərə veriləcək sualdır. Bir dilin imkanı digərinkindən az deyil. Mən dillərin potensialını nəzərdə tutub, deyirəm. Potensial nöqteyi-nəzərdən Azərbaycan dili ingilis dilindən geri qalmır. Ola bilər, tərcümə prosesində, elmin, texnologiyanın inkişafında dilimiz müəyyən qədər geri qalsın. Bunu aradan qaldırmağın da yolu dili istifadə etməkdir. Dilimiz sanki dincə qoyulmuş torpaqdır. Dilimizi "şumlamaq” lazımdır.

-İctimaiyyət nümayəndələri tənqid edirlər ki, paytaxtda rus dilindən geniş istifadə olunur, rayonlarda isə türk dilinin nüfuzu artır. Bu iki qütbün Azərbaycan dilinə təsirlərini necə qiymətləndirərdiniz?

-Hər iki tendensiya ziyanlıdır. Türkiyə türkcəsi bizim üçün daha doğmadır. Amma "artıq” əvəzinə "uje” deyən adamla, "filan” əvəzinə "falan” deyən adam məndə eyni qıcığ doğurur. Bu sözləri "artıq” və "filan” şəklində tələffüz etmək olar. Seriallardan alıb, aşağı əyarlı Türkiyə türkcəsi ilə birlikdə "tudı-syudı” səviyyəsində, aşağı əyarlı rus dili işlənəndə təəssüf doğurur.

Söhbətləşdi: Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-24