2014-05-14 00:08:44   |   1794 dəfə oxunub

İSTEDADLI GƏNC FİZİKİN BEYNƏLXALQ UĞURLARI

(oçerk)




Mən Yusif Alıyev barədə yazacağım məqalənin fabulasını düşünürəm və tərəddüd edirəm. Bəlkə ilk dəfə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna kafedra müdiri təyin olunan günü – ilk tanışlığımdan başlayım? Amma bir təsadüf fikrimi dəyişdirdi. Hərçənd, məni çox uzaq illərə apardı: Pedaqoji İnstitutun tarix-filologiya fakültəsində təhsil aldığım 60-cı illərə. Bu rəqəmi yazanda barmaqlarım titrədi – səbəbsiz deyildi. Yusifin atası İmrayıl məndən bir il qabaq (1958) həmin fakültəyə qəbul olmuşdu. Oğlanlar əsasən İnstitutun tələbə yataqxanasında yaşayırdı, mən də istisna deyildim. Tarixçi-filoloqlar eyni mərtəbədə (II-də) qalırdıq. Sayılıb-seçilən tələbələrdən Yasin Qaraməmmədli, Rizvan Cəbiyev, Tahir Məmmədov və başqaları. İnstitutda tədbirlərdə isə hamımız iştirakçı idik. Rektorumuz, mərhum Mehdixan Vəkilov, dekanımız, mərhum Şükür Sadıqovdular. Şairlər, ədiblər tez-tez qonağımız olurdu. Müəllimlərimiz – İsmayıl Şıxlı, Əhəd Hüseynov, Kamal Qəhrəmanov, Cəfər İbrahimov, Məmməd Şıxlı, Həmzə Qasımzadə… idi. Sözün həqiqi mənasında alim-pedaqoq nəsli. Müqtədir və qayğıkeş şəxsiyyətlər. Əksəri sonralar mənim oçerklərimin qəhrəmanları oldular…
Yusif Alıyevlə onun kafedrasında söhbət edirik. Qəfil soruşdum ki, səni fizika sahəsinə, təbiət elmlərinə kim təhrik etmişdir, yəqin ki, atan olubdur. Çün, müəllim ailəsində doğulmusan.
O, fikrə getdi, diqqətini saxladı:
- Atam tarixçi-filoloqdur, Qazax rayonunun Yuxarı Salahlı kəndində dünyaya gəlib və məktəbin də tarix müəllimi olmuşdur. – Susur, qalaqlanmış kağızların, vərəqlənmiş kitabların arasında nəyisə axtarır. – APİ-nin tarix-filologiya fakültəsini 1963-cü ildə bitirmişdi. – Baxışlarını ayırdı, mənə kövrək səslə astadan:
- Tərcümeyi-halınızı oxumuşam, Allahverdi müəllim, - dilləndi. – «1964-cü il» yazılmışdı qəzetdə. Atam isə. – Sözünü gətirə bilmədi. - Yusifi başa düşmək çətin deyildi: Ata niskili, arxada qalmış atalı illər. Bir vaxt mən də atalı idim. – Ürəyimdə pıçıldadım. Bədənimdən sızıltı keçdi, on illərin arxasından boylanan xatirələrin göynərtisiydi.
- Bəlkə, atamın tələbəlik illərində çəkdirdiyi bir foto-şəklinə baxasız. Onu özümlə aparıram, onun ruhunu tənha qoymuram. O, mənim idealım idi. – Doluxsundu. Sıx qara saçlarına əl apardı. Siyirməni çəkib, bir neçə şəkil götürdü və birini mənə verdi. – Atamdır! – Ayağa qalxdı, uzun qaməti, mənalı gözləri sanki başqalaşdı, balacalaşdı, ata məhəbbətinə tab gətirməyi bacarmadı – özünnən asılı idimi?
Barmaqlarımın titrəyişində tələbə yoldaşım – necə də şövqlə, böyük ümidlərlə, gələcək taleyinin nikbinliyilə məchul nöqtəyə baxırdı! Həmən yataqxanada, məşhur güzgüyə söykənib söhbət etdiyimiz İmrayıl idi. O, tətil ərəfəsində doğulduğu kəndi, Yuxarı Salahlı üçün qəribsəyirdi: - Bir şərtlə ki, üç il işləyəcəm, ailəyə kömək edəcəm, atamı tək qoymayacam, - deyirdi. Arzusu idi, müəllim işləsin, «tarix» fənnini seçmişdi və axıracan sözünə sadiq qaldı…
Fotodan boylanan bu cavan oğlan-tələbə məni sarsıtmışdı. Bir də ona görə ki, Yusifin atası ilə görüşmək mənə qismət olmadı. Bizi bu foto-şəkil «görüşdürdü» - təsəllim bu oldu. Təsəllim həm də bu oldu ki, İmrayıl müəllimin son dərəcə istedadlı, gənc ikən Dünya elmi arenasına çıxan, məhsuldar alim və öncə, qeyrətli, səmimi, işgüzar oğlu ilə üzbəüzəm. Hər gün görüşürük, elmi fikirlərimizi bölüşdürürük. Əlimizin altında olan əsərlərimizdəki bəzi ideyalarla, həqiqətlə tanış edirik bir-birimizi.
- Yusif müəllim, - astadan dedim. – Atanın elmin dalısınca getmək arzusunu öz öhdənə aldın. Ona şərait imkan yaratmadısa, regionda məşhur müəllim kimi tanındı, layiqli şagirdlər yetişdirdi, hətta onu zabitəli və kövrək natiq kimi tanıdılar. Bir gün ulu öndər Heydər Əliyev Qazax rayonuna gələndə, zəhmətkeşlərlə görüşəndə (10.09.1979) ziyalılar adından söz deməyi İmrayıl Alıyevə həvalə etmişlər. Bu, böyük etimad idi vaxtında… Sonralar Yusif müəllim həmin fotonu mənə göstərdi…
Məqaləmdə fizika üzrə fəlsəfə doktoru Yusif Alıyevin tərcümeyi-halını yazıya köçürmək fikrindən uzağam. Atasının portret-cizgilərindən bəzi ştrixləri xatırlatdım – kifayətdir ki, oğlu, cavan ikən görkəmli təbiətşünas-alim simasında nəinki respublikasında, nüfuzlu beynəlxalq simpoziumlarda, elmi konfranslarda və s. elmi tədbirlərdə iştirakçı olan Yusif Alıyevin özəl həyatını «xırdalığına» qədər təsvir etməyə lüzum görmədim. Əlbəttə, elmi nailiyyətlər, aparılan eksperimentlər, irəli sürülən nəzəri fikirlər Yusif Alıyevin həyatından, idrakı-düşüncəsindən, daxili enerjisindən qalan fraqmentlərdir. Orada alimin bütöv insan kimi ruhu-canı var, istəyi var. Alimləri ruhlandıran bir səbəb də onun ailəsidir, övladlarıdır – onlardan süzülən enerjidir. Yusif bəy iki oğulunu, sədaqətli həyat yoldaşını sevməzsə, onları mənəvi-daxili mənbə kimi qiymətləndirməzsə – heç vaxt böyük alim olammaz. Mən on illərlədir bu israrımda qalıram…
Masa arxasında oturmuşam. Yazdıqlarıma təkrarən qayıtmıram – xoşlamıram – ona görə ki, barəsində oxuculara təqdim etdiyim dosent Yusif İmrayıl oğlu Alıyevin elmi tərcümeyi-halınnan yalnız bəzi faktları, fraqmentləri, şəxsi mülahizələrimi maddiləşdirirəm. Elmə xəyanət etməyən bir alimin haqqı çatır ki, o, şöhrətin pilləkənlərini qalxsın – pik nöqtəsində toxdasın!
Yusif Alıyev 35 illik həyatında mütləq addımları keçibdir, hansı ki, bunları həm mənəvi, həm də sosial sferanın müstəvisində həyata keçirmişdir: Yuxarı Salahlı orta məktəbi bitirmiş (1996), Qazaxın döyüşkən sərhəddi boyunca ağrıları yaşamışdır: 1989-1995. BDU-nun fizika fakültəsinə qəbul olunmuş və oranı fərqlənmə diplomu ilə qurtarmışdır (2000). Həmin fakültənin «Optelektronika» ixtisası üzrə magistraturasını da 2002-ci ildə fərqlənmə diplomu ilə başa çatdırmışdır.
Yusif Alıyev təyinatla Azərbaycan MEA-nın Fizika İnstitutuna göndərilmiş (2002) və «Quruluş çevrilmələri» laboratoriyasında elmi işçi kimi fəaliyyətə başlamışdır. O, Azərbaycan Ordusunda Həqiq hərbi xidmətə çağırılmış (2002), Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə taqım və batareya komandiri vəzifələrini şərəflə daşımışdır. Baş leytenant rütbəsində ehtiyata buraxılmışdır. Və 2004-cü ildən Fizika İnstitutunda elmi fəaliyyətini davam etdirmişdir. Eyni zamanda (2004-2008) burada aspirantura təhsili almışdır…
Yusif Alıyevin ömür yoluna ötəri səyahətə nəzər saldıqda, onun istedadını daha da formalaşdıran axtarıcılıq əzmkarlığı, iradəlilik, proqnozlaşdırma qabiliyyəti kimi mühüm faktorları sezmək çətin deyil. Mənim tanıdığım Yusif Alıyev qarşısına qoyduğu problemi həll etmək üçün inadlı axtarışlara daha çox yaxınlaşır, hansı ki, bu yaradıcı-psixoloji keyfiyyəti başqalarnıda görmək çətindir. Çalışdığı İnstitutda da o, məqsədinə sadiq qalır, ixtisasını artırmağa gələn müəllimlərlə daha dərinə gedir; çün, uzaq olanları müdavim-fiziklər də bilir. Müasir fizika isə başqa-başqa tələbləri tələb edir və məktəbə ünvanlanır…
Y.Alıyev «01.04.10 – Yarımkeçiricilər və dielektriklər fizikası» ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün «Bəzi mis və gümüş halkogenidlərində kation və ionların qismən əvəz edilməsinin polimorf çevrilmə mexanizminə təsiri» mövzusunda dissertasiya işini müdafiə etmiş (2009) və qısa müddətdə Ali Attestasiya Komitəsi ona fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi vermişdir.
Bu faktların arxasında gənc alimin şəxsiyyətini formalaşdıran bir sıra əxlaqi-sosial keyfiyyətləri dayanır. İlk olaraq onu fərqləndirirəm: alimin titulunun görünən və görünməyən tərəfləri. Alim tanıyırıq bütün elmi potensialı iki işdən: namizədlik və doktorluq «əlyazmaları»ndan başlayıb-qurtarır. Amma ona düşərli olur subyektiv amillərdən ucalmaq. Və onun üçün alimlik pik-karyera-madiyyat «üçlüyü»dür. Məşhur L.Tolstoy yazır ki, alimliyə bir tac kimi baxma – bununla öyünəsən; bir inək kimi də baxma – onu sağasan. – Yerində deyilmişdir. Yusif Alıyevlə söhbətlərimdə bu psixologiyadan uzaq adamı qərarlaşdırıram. Alimin digər mühüm xüsusiyyəti təmənnasızlığı, dünya malında gözü olmamasıdır. İdealı belələrinin elmdə əldə etdiyi və ya edəcəyi nailiyyətlərin mənəvi və estetik mahiyyətidir. Alınan dəyərlərin dövlətinə, xalqına və Özünə hörmət gətirəcəyidir. Bir-iki fakt: İngiltərənin «Journal of Physics», Rusiyanın «Neorqaniçeskaie materialı», «Kristalloqrafiə», Amerikanın «Amerikan İnstitute of Physics» və s. nüfuzlu elmi jurnallarda elmdə maraq doğuran əsərləri nəşr olunmuşdur.
Y.Alıyev «Mexanika və molekulyar fizika» (2011), «Elektrik və optika» (2012), «Atom və nüvə fizikası» (2014) adlı 3 dərs vəsaitinin, «Fizika məsələləri (həllinə dair metodik göstərişlər)» (2011), «Mexanika» (2014),
«Modul dərslərin formalaşması texnologiyası» (rus dilində) (2014) metodik vəsaitlərin müəllifidir.
Diqqət yetirsək, sadalanan elmi məqalələr (əsərlər) və metodik kitablar son 3-5 ilin məhsuludur. Rəqəm elə-belə deyil; gənc alimin elmi intuisiyası, eksperimentləri, irəli sürdüyü fərziyyələri və sair hesabına başa gəlmişdir.
Elmi yaradıcılıqla maraqlananlar üçün bu keyfiyyətlər alim-şəxsdə cəmləşir. Nəzəri biliklə praktika bir-birini tamamlayır.
Yusif Alıyevlə fikir mübadiləsindən: Elmi təfəkkür yalnız beynin müəyyən situasiyada dayanıqlısı olmur, alimin fəaliyyət formasıdır. Təfəkkürün mahiyyətini anlamaq üçün biliyin sərhəddindən kənara çıxmaq lazım gəlir, hansı ki, idrak - insan şüuru inkişaf edir. – Yusif müəllim əlavə edir: - Təfəkkürə inteqral proses kimi baxmalıyıq, insanın bütün fəaliyyətini stimullaşdırır. Lakin onu hər şeyin fövqünə də qoymaq olmazdı. Professor N.V.Puşkin demişkən: «Təfəkkür biliklərdən asılıdır, onlar onun inşaat materialıdır, çörəyidir; bunların çatışmaması əqli inkişafın səviyyəsinə öz təsirini göstərməyə bilməz və həqiqətən də öz təsirini göstərir.
Yusif Alıyevdə nəzəri idrak onun humanitar sahədə yaradıcılığından da qida alır. Elmi məntiqlə bədii intuisiya birləşir, lakin bu prosesdə birinciyə ikinci uduzur. Bilirəm ki, gənc alim elmi tədqiqatında ilk növbədə araşdıracağı ideyanı düşünür və bunun üçün zəngin bilik lazımdır, müqayisələr aparılmalıdır. Və alimdə nikbin arzu olmalıdır: filan şey olsa, necə də yaxşı olardı! Amma hünər, qəlb genişliyi, səmimiyyət həmin «filan şeyi» tapmaqda israrlıdır. Və alimin fantaziyası gərəkli təxəyyül əlamətidir. Məşhur psixoloq N.İ.Kandakovun fikrini xatırladım: «Fantaziya – bilavasitə qavrayış və təsəvvürlərin ağılın fəaliyyətilə əlaqələndirilən yaradıcı təxəyyül obrazlarının nəticəsidir…»
O gün uşaqlığından – kənd xatirələrindən bəhs edən esseni oxudum, bu yazıda fizikin kövrək fantaziyasını duydum. Sənin yazılarında intuisiyanın «izlərini» görürəm, bu elmi məqalələrindən yan keçməyə bilməzdi. Fransız alimi R.Dekart da intuisiyanın xidmətini kiçiltmir.
Yusif Alıyev söhbətdə vurğuladı ki, yaradıcı təfəkkür fəaliyyəti boyu instinktiv hissin – intuisiyanın qəfil gəlişinə ehtiyac duymuşdur. «Fəhm»də deyirik ona – nəzəri idrakın bir formasıdır. Yaradıcı intuisiya yeni, universal, ciddi elmi təfəkkürdən keçir; yalnız bu keçid momentində intuisiya məhsuldar olur.
Fəlsəfə doktoru Yusif Alıyevin elmi yaradıcılığı ilə – bu sözləri çəkinmədən işlədirəm – tanışlıq şəxsən məni düşündürür, onun yaradıcılıq psixologiyası çox çevik, mütəhərrik və intensivdir. İlk növbədə bu şəxsdə «özünütəsdiq» əhvalı yetərlidir. Ona görə ki, alimin beynində dolaşan bu məfhum yeni ideya yaradırsa, fikirdən çəkinməyə ehtiyac qalmır. Akademik A.Aleksandrov bu vəziyyəti qiymətləndirmişdir.
Y.Alıyevin maqnit keçiricisi kristalı üzərində apardığı tədqiqatın nəticələri Türkiyə Respublikasında – Antalya şəhərində keçirilən konfransda diqqət mərkəzinə düşünmüşdür (2008). Yenə Türkiyədə – İstanbulda kçirilən «Fizikanın ifratkeçiricilik və maqnetizm» sahəsinə həsr olunmuş konfransda həmin təyinatlı mövzuda Yusif Alıyevin məruzəsinin tətbiq sahəsi istehsalata istiqamətləndirilmişdir (2012).
Xatırladım ki, Dünyanın bir çox ölkələrinin aparıcı elmi mərkəzlərində mövzunun araşdırılması böyük aktuallığı ilə fərqlənmişdir: Müxtəlif tərkibli maqnit keçiricilər və ifratkeçiricilərin tədqiqində gənc azəri-türk kişisinin iştirakı qürur oyatmaya bilməz! Rusiya Fedepasiyasının Sankt-Peterburq şəhərinin Zelenoqorsk vilayətində, B.P.Konstantinov adına Peterburq Nüvə Fizikası İnstitutu və Rusiya Milli Tədqiqat Mərkəzi Kurçatov İnstitutu tərəfindən təşkil olunan «Kondensə olunmuş hal fizikası üzrə 47-ci qış məktəbi»ndə Yusif Alıyevin məruzəsi (2013) diqqətdən yayınmamışdır. Fransa, Almaniya, Litva, Qazaxstan, Macarstan, Rusiya, Belarusiya, Ukrayna və başqa ölkələrin alimləri də təmsil olunmuşlar. Bunlar elmi titullarına görə akademik, professor, dosent idilər və Azərbaycandan gənc fizik-alim Yusif İmrayıl oğlu Alıyev idi… O, daha bir neçə dəfə elmi konfranslarda öz dərin ideyalı, yeni fərziyyəli məruzələrini çatdırmışdır: Rusiya - Dubna şəhəri: 2013. Ukrayna - Kiyev şəhəri: 2014.
Yusif Alıyevlə söhbətdən yorulmur tərəf-müqabili. Səbəbi? Onun xoş siması (bu, alim üçün səciyyəvidir), səlis nitqi (auditoriyada önəmlidir), məlumatlılğı (ideyaların axtarışında şərtdir) – daha nəyi sadalayım. Humanitar sahələrə tez-tez baş vurur, jurnalist qələmini işə salır, başqa imzalarla məqalələr yazır. Və rəsmi uğurları var bu sahədə.
Bir müddət «Ayna» (2004-2006), «Şərq» (2007-2012) işləmiş və «Türküstan» qəzetində, «Türk eli» jurnalında əməkdaşlıq etmişdir. Və mətbuatda 100-ə qədər məqalələri işıq üzü görmüşdür. O, hətta Diplom-Mükafatlara layiq görülmüşdür; bəzi müsabiqələrin iştirakçısı olmuş, qalib çıxmışdır. Belə ki, Azərbaycan Respulikasının prezidenti İlham Əliyevin də iştirak etdiyi «Gülüstan» Sarayında Prezident Administrasiyasının rəhbərliyi tərəfindən KİV-ə Dövlət dəstəyi fondunun «Diplom»u ilə təltiflənmişdir (2010). Eləcə də S.Vurğun irsinin yayılması və S.Vuğun poeziyası haqqında maraqlı məqalələrinə görə «Səməd Vurğun mükafatı» diplomunu almışdır (2013).
Mən Yusif Alıyevin bədii təfəkkürünə işarə vururam – o mənada – istedadlı fizikin təfəkkürü emosionallıqla da şərtlənir. Qənaətimə əsaslanaraq onu deyərdim ki, dəqiq elmlərin tədqiqinə, hadisələrin daxili mahiyyətinə emosionallıq nüfuz edəndə ideyaların, fərziyyələrin, mülahizələrin ecazkarlığı aşkarlanır. Fərasətsiz kəşf, məntiqsiz gerçəklik olmur, mücərrəd cədvəllərin, elmi anlayışların emosional çaları elmi tədqiqatlar üçün mənbədir. Filosof Q.Xilminin fikridir ki, emosional fərasətin elmdə rolu şəksizdir.
Gənc fizikin yaradıcılığını qidalandıran emosionallıq, bədii düşüncə onun ciddi elmi axtarışlarını optimallaşdırır, elmi fikir və ideya, eksperimentlər və fərziyyələr bədii idrakdan bəhrələnir.
Vaxtilə böyük özbək şairi Vahidov Erkinin bir şerini oxumuşdum. Misraları belədir:
Qanaddır min ilham, min arzu-dilək
İnsanı fəzaya uçurmaq üçün.
Bir də bilik gərək, təfəkkür gərək
Bunları dastana köçürmək üçün.
Görürəm alimi ulduz bənd edir,
Şairi – çəkisiz fəzalar daim.
Deyirəm, zəmanə nə qəribədir –
Alimlər şairdir, şairlər alim.
…Mən istedadlı fiziki-alimin şəxsiyyətinə və elmi təfəkkürünə hörmətlə yanaşıram. Yusif müəllim çalışdığımız instituta gəldiyi ildən (2011) pedaqoji kollektivin, professor-müəllim heyətinin dərin hörmətini qazanmışdır. Elmin nailiyyətlərilə öyünmür, öz üzərində işləyir, müəllimlərlə sıx əməkdaşlıq edir, onları düşündürən məsələlərə cavablar tapır, şərhini verir. «Təbiət elmləri» kafedrasının əməkdaşları onun ətrafında pedaqoji və elmi fəaliyyətlərini aparırlar, elmi-praktik konfranslarda iştirakçı olurlar. Müəllimlərin «Açıq dərsləri»ni keçirirlər, faydalı nəzəri və metodik məsləhətlər verirlər. Yusif müəllimin özü nümunəvi dərslər keçir, maraqlananları dəvət edir.
Yusif müəllimlə söhbətlərində o, kollektivdə yaxşı mühit yaratdığını inkar etmədi və xüsusilə, İnstitutun rektoru, professor Asəf Zamanovun qayğısını vurğuladı: - Asəf müəllim, yüksək erudisiyalı alim olmaqla yanaşı, xeyirxah ziyalıdır, rəhbərdir, - dedi. – O, mənim işgüzarlığımı dərhal sezdi və ruhlandırdı. Beynəlxalq konfranslarda iştirakıma şərait yaradır, bu gün də dəstək verir. Gənc alimə bu, böyük qayğılı yanaşmadır. Professor Asəf Zamanov İnstitutun pedaqoji təmayülünə elmilik gətirdi. Bu, danılmaz faktdır. Siz də mənimlə razılaşarsız, eləmi?
Yusif Alıyevin fikrini təsdiq etməyə bilməzdim. – Asəf Zamanov mənə qarşı da sayğılıdır – dedim…
O, eyni zamanda Azərbaycan MEA Fizika İnstitutunda «Quruluş və quruluş çevrilmələri» laboratoriyasında böyük elmi işçi vəzifəsində çalışır. Və digər ictimai vəzifələr də daşıyır.
Düşünürəm, Yusif Alıyevin ömür yoluna ekskurs elədim, uzaq yolun uğurlarını elə də təfsilatı ilə sadalamadım. Axı, o, hələ gəncdir, irəlidə uğurlarının şahidi olacağıq. Bunlar bəs edər, yazıya nöqtə qoymaq da mümkündür.
Oçerki necə başlamışdımsa, başqa kökdə, ovqatda qurtarmağı fikirləşmişdim. Daşındım, bir səbəb də oğulun öz atasına həsr elədiyi «Ömür karvanının yolu» xatirə-essesi oldu. Səlis qələmlə övlad məhəbbətinin hələ soyumamış istisini duydum. Bu hərarətdən mənə də pay düşdü, mərhum tələbə yoldaşımın ruhuna dualar oxudum. Və fikirləşdim ki, haçansa mən də ömür atımı çapıb qəfil dayanacam. Atın kişnərtisini eşidə bilməyəcəyəm. Dayanmış kəhər atının yerə çırpdığı nallı ayaqlarının səsinisə eşidəcəyəm. Təsəlli isə atalara oğul qeyrəti, ata ruhunu rahat buraxan bir istək olur. Fərqi yox – övlad ata yolunu davam etdirir – təki təmənnasız yaşasın, sənətinə kölgə salmasın – istedadlı gənc alim Yusif İmrayıl oğlu Alıyev şəxsiyyətində.

Allahverdi Eminov








SON XƏBƏRLƏR

2018-11-17
2018-11-16