2018-02-14 19:55:23   |   2592 dəfə oxunub

“Mənə ürəyindən bir ovuc qar ver”- Ramilə Haqqının şeir kitabı işıq üzü görüb




İstedadlı şairə Ramilə Haqqının ilk şeir kitabı işıq üzü görüb.

"Sherg.az”ın məlumatına görə, qələm ustadının "Mənə ürəyindən bir ovuc qar ver” adlı kitabı müxtəlif məzmunlu şeirlərdən ibarətdir.

Məlumat üçün bildirək ki,R.Haqqı 1979-cu ildə Qazax mahalının Daş Salahlı kəndində dünyaya göz açıb. 1996-cı ildə Daş Salahlı kənd orta məktəbini başa vurub. O, 1997-ci ildə Gəncə Dövlət Universitetinin Dil-Ədəbiyyat fakültəsinə daxil olub, 2001-ci ildə fərqlənmə diplomu ilə həmin fakültəni bitirib. R.Haqqı təhsilini davam etdirmək üçün Bakı şəhərinə gəlir. O, Azərbaycan Dövlət Pedaqoji Universitetin Folklor və Mifologiya şöbəsinə magistraturaya daxil olur və bu ali məktəbi də fərqlənmə ilə bitirir. Magistraturada oxuyan zaman Bakı Kompüter Kollecində müəllimə işləyən şairə həmin vaxt yaradıcılığına da ara vermir. Hazırda isə o, Bakı İdarəetmə və Texnologiya Kollecində müəllim kimi fəaliyyət göstərir, bir oğul anasıdır.

Uşaq yaşlarından şeir yazmağa başlayan R.Haqqının orta məktəbdə oxuduğu zaman yazdığı şəhidlər haqqında şeiri "Şəhidlər” almanaxında dərc edilib. Bundan sonra tanıyanların hamısı ona "şairə” deyə müraciət edib. O, müxtəlif tədbirlərdə şeirlərini oxuyurdu, yazdığı şeirlər tələbə dostları arasında qısa zaman kəsiyində sürətlə yayılıb, "qəhrəman” tələbə, şairə kimi ifadələr Ramilə Haqqını ətrafındakılara sevdirirdi.

İndi ədəbiyyatımıza hücum çəkən, özünü zorla şair kimi təqdim etmək istəyən yazı adamlarından fərqli olaraq, R.Haqqı neçə ildir kitab çıxarmağa, yumşaq desək, özündə cürət tapmırdı, utanırdı. Əlqərəz, ötən il özünü toparlayıb adıçəkilən kitabınşapdan çıxmasına müəssər oldu.

Şairə kitabında yer alan "Mən yağışın kölgəsiyəm” şeirində özü haqqında belə yazıb:

Bir kəlmənin hecasıyam
Bir daxmanın bacasıyam
İki qardaş bacısıyam
Dərdlərimi çəkəsiyəm.
Mən yağışın kölgəsiyəm.
Ürəyimə daş yığmışam,
Qəlbi dağlı bir dağmışam.
Yağış olub hey yağmışam.
Umub-umub tökəsiyəm.
Mən yağışın kölgəsiyəm.

Onun toxunduğu mövzular hər zaman aktuallığı ilə diqqəti çəkir. Bəzən öz həyatından qələmə aldığı şeirləri oxuyanda, adamda şübhə yaranır ki, onun haqqında şairəyə kimsə xəbər verib. Şairənin yaradıcılığı ilə tanış olan zaman, onun şeirlərinin dolğun, dəyər və məna yükünün kifayət qədər sanballı, dilimizin zəngin və gözəlliyinin şahidi olacaqsınız. Dövrün nəbzini tutan şairlərimizin yazdığı şeirlər heç zaman aktuallığını itirməyəcək. Onun qəhrəman şəhidlərimizə həsr etdiyi şeirləri həyəcansız, düşmənə qəzəbsiz oxumaq olmur:

İgidimin adı şəhid
Ocağımın odu şəhid
Ən böyük ad oldu şəhid
Zamanın ad zirvəsində.
İgid gəlib, şəhid getdi,
Ürəyini vətən etdi
Sinəsində ölüm bitdi,
Getdi zalım pəncəsində.

Şairə ruhu ilə, qanıyla, canıyla elinə, yurduna-yuvasına, doğulduğu kiçik komasına bağlı bir xanımdır. Hər bir vətənpərvər şair kimi o da, doğulduğu torpağa bağlıdır. Şairlər məskəni, Qazaxı ilə həmişə fəxr edərək, onu dönə-dönə vəsf edir. Ramilə Haqqı Bakı şəhərində yaşamağına baxmayaraq, doğmalarına vəsiyyət edir ki, əcəl qəfil başının üstünü kəsərsə, onu "Qazağı” üstə dəfn etsinlər. Təbii ki, bu, onun doğulduğu torpağa bağlılığının bariz nümunəsidir.

Nakam həyatımdan çıxıb gedirəm,
Bağlı taleyimə baxıb gedirəm,
Baxışıma qandal taxıb gedirəm,
Bir "Qazağı” üstdə basdırın məni.
Gözümdən bir damcı asılı qalıb,
Silmə yanağımı, yaş sulu qalıb,
Ağlayıb deyin ki, tək oğlu qalıb,
Bir "Qazağı” üstə basdırın məni.

Əminliklə deyə bilərik ki, kitabla tanış olan oxucular istedadlı şairə Ramilə Haqqının növbəti kitabının nəşr olunmasını səbirsizliklə gözləyəcəklər.

Aysel Aslan








SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21