2018-02-14 20:49:33   |   389 dəfə oxunub

Deputat da təsdiqlədi:"Məhkəmə və icra orqanlarından narazılıqlar olur"



" Vətəndaşların narazılığı ehtiyacdan, haqsızlıqdan, hüquqlarının pozulmasından yaranır”.

Bu barədə "Sherg.az”a Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin şikayətlərlə bağlı statistikasından danışarkən millət vəkili Elman Məmmədov bildirib. 

Onun fikrincə, yerli təşkilatlar vətəndaşların şikayətlərini yarıtmırlarsa, insanlar məcbur olub, yuxarı instansiyalara müraciət edirlər:

"Rayonlardakı məhkəmə orqanları vətəndaşın şikayətinə baxmırsa, yenə də məcbur olub yuxarı dairələrə şikayət edirlər. Bu bütün sahələrdə yaranan problemlərlə əlaqədar ola bilər. İstənilən qurumun fəaliyyətindən narazı olan vətəndaş çıxış yolları axtarır.

Millət vəkili kimi mənə də şikayətlər daxil olur. Qarşılaşdığım şikayətlərin 80-85 faizi iş təminatı, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Çox zaman yerli məhkəmə orqanlarından, yerli icra orqanlarından təşkilatlardan narazılıqlar olur. 

Bunları baxılıb, tədbir görülməsi üçün aidiyyəti üzrə mərkəzi qurumlara ünvanlayırıq. Yerlərdə vətəndaşın müraciətinə diqqətlə yanaşılsa, tələbinə uyğun cavab verilsə, mərkəzə şikayət gəlməz. Demək, bu sahədə problem var ki, mərkəzi orqanlara şikayətlər, narazılıqlar çox daxil olur”.

Qeyd edək ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun ötən ilin yekunları ilə bağlı yazdığı məqalədə şikayətlər haqqında detallar əksini tapıb. S. İsmayılov diqqətə çatdırıb ki, ötən il Prezident Administrasiyasına təkrar müraciətlər Bakı şəhərinin rayonlarından, həmçinin Şəki, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Beyləqan, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Kürdəmir, Qobustan, Quba, Lerik, Oğuz, Saatlı, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlardan daha çox daxil olub.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19