2018-02-15 01:21:16   |   2380 dəfə oxunub

“Hər savaş bir sülh üçündür” - Hasan Oktay

“Türkiyə bir aya yaxındır terrorçulara qarşı vuruşur, amma indiyə qədər bir sivilin belə burnu qanamayıb”

İŞİD-in tərkibində hər millətdən insan var idi, hətta türklər də var idi, amma hamısı zərərsizləşdirilirdi. Bölgədə terrorçu yetişdirən istənilən qurum və təşkilat Türkiyənin düşmənidir


Ermənilər öz aqibətləri üçün Türkiyənin Suriya əməliyyatlarında uğursuz olmasını, məğlub duruma düşməsini könüldən arzu edirlər. Əslində Ermənistan tərəfi bu niyyəti ilə ciddi mənada sıxıntı yaşayacaq


Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı” əməliyyatı davam edir. Əməliyyatlar çərçivəsində bugünədək 1500-ə yaxın terrorçu zərərsizləşdirilib. Türk ordusunun Afrinin mərkəzindəki mühüm nöqtələrdən biri olan Cinderese çatmasına 3 km məsafə qalıb. Qardaş ölkə dinc əhaliyə ziyan vurmamaq üçün əməliyyatları çox ehtiyatla və həssaslıqla aparır. Bu baxımdan terrorçuları bölgədən təmizləmək qısa zaman ərzində mümkün olmur. Üstəgəl, üzdə Türkiyəyə "dəstək” verən dünya güclərinin gizlin şəkildə Afrin əməliyyatının əleyhinə olmaları, əlaltından terrorçulara silah-sursat göndərmələri terrorçuların ömrünü uzadan əsas amillərdəndir. 

Türkiyə Ordusunun uğurlu əməliyyatlarına qısqanclıqla yanaşan ABŞ və bir sıra Avropa dövlətləri, o cümlədən Rusiya müxtəlif formalarda Suriya ərazilərində peyda olurlar. Onların da məqsədi müəyyən təxribatçı üsullarla qardaş ölkənin daha sürətli irəliləməsinin qarşısını almaqdır. Lakin bütün maneələrə rəğmən güclü Türkiyə ordusunun öz missiyasını uğurla başa vuracağı heç kimdə şübhə doğurmur. Türkiyənin Suriyada apardığı əməliyyatlar qardaş ölkənin ictimaiyyəti, ziyalı təbəqəsi tərəfindən də dəstəklənir. 

Beynəlxalq "VİZYON” Universitetinin prorektoru, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Hasan Oktay da Türkiyədən "Şərq”ə danışarkən əməliyyatları dəstəkləyib və terrorçulara qarşı mübarizənin zəruri olduğunu vurğulayıb.

- Türkiyənin Suriyada həyata keçirdiyi "Zeytun budağı” əməliyyatını necə dəyərləndirirsiz? Əməliyyatı zəruri edən səbəblər nələrdir?

- Beynəlxalq əməliyyatlarda hüquqi üstünlük və qanunauyğunluq çox önəmlidir. Öz ərazindən kənar harasa qoşun yeridirsənsə, əldə tutulan əsas şərt məhz hüquqdur. Türkiyənin də Afrin əməliyyatında söykəndiyi beynəlxalq hüquq amili çox güclü arqumentdir. Türk ordusu uzun müddət İŞİD-ə qarşı mübarizə apararaq, bütün dünyaya göstərdi ki, mahiyyətindən asılı olmayaraq, terrorun istənilən formasına qarşıdır. Bu istiqamətdə ən ciddi və sərt mövqe ortaya qoyan da məhz Türkiyədir. Yaxın Şərqdə, xüsusən Suriyada meydana gələn qarışıqlıq, özbaşınalıq müxtəlif terror qruplaşmalarının bölgəyə axışmasına və burada güclənməsinə səbəb oldu. Əgər həmin şəbəkələrə zamanında müdaxilə edilməzsə, bir müddət sonra terrorçuları himayə edən güclər elə onların əliylə Türkiyəyə qarşı istədikləri təxribatı həyata keçirə bilərlər. Dünya gücləri istəməsələr belə Türkiyənin haqlı olduğunu və hüquq çərçivəsində addım atdığını etiraf edirlər. Türkiyə İŞİD başda olmaqla bütün terrorçu təşkilatlara qarşı, özü də Suriyanın istənilən bölgəsində əməliyyat keçirmə haqqına sahibdir.

- Prezident Ərdoğan Afrindən sonrakı hədəfin Menbiç olduğunu bəyan etdi. Ümumiyyətlə, Suriyadakı hansı gərgin məntəqələr Türkiyə üçün təhlükəli sayılır? İlk növbədə hansı bölgələr təmizlənməlidir?

- Suriya hökumətinin nəzarətindən kənar qalan və müxtəlif terror şəbəkələrinin kök salmasına zəmin hazırlayan nə qədər şəhər, kənd varsa, Türkiyənin oralara girmə haqqı var. Hamı bilməlidir ki, aparılan əməliyyatlar nə Amerikaya, nə Rusiyaya, nə də İrana qarşıdır. Türkiyə bölgədə varlığını daha çox hiss etdirdikcə, bəzi qərəzli dairələr əməliyyatların guya sivil kürdlərə qarşı həyata keçirildiyi görüntüsünü yaratmağa səy göstərirlər. Qətiyyən yalan və uydurmadır. Türk ordusunun Afrin əməliyyatı qətiyyən kürdlərə qarşı deyil, həmin bölgəni ələ keçirmiş terrorçu qruplara qarşıdır. Türkiyə dövlətinin mülki və terrorçu olmayan kürdlərə qarşı hansısa kini, nifrəti və qərəzi yoxdur. Bunu isbat edəcək hər hansı sübut da yoxdur. Haradan gəlirsə-gəlsin, terrora qarşı açıq, səmimi və konkret mövqe ortaya qoyulmalıdır. Bu mövqeni də ən bariz şəkildə sərgiləyən yeganə dövlət Türkiyədir. Dünən İŞİD-çilərə qarşı necə savaşırdıqsa, bu gün də PYD və YPG-yə qarşı o cür mübarizə aparırıq.

- Türkiyənin NATO çərçivəsində müttəfiqi olan Amerika Birləşmiş Ştatlarının bütün xəbərdarlıqlara rəğmən israrla terrorçuları silahlandırmasında məqsəd nədir? Vaşinqton üçün terrorçu şəbəkələr qanuni müttəfiq Türkiyədən dahamı önəmlidir?

- ABŞ heç vaxt indiki Türkiyəni qarşısına almaq istəməz. Məlumdur ki, Suriya siyasətində Türkiyə ilə ABŞ arasında fikir ayrılığı mövcuddur. Belə məqamda Türkiyəni öz tərəfinə çəkməyə çalışan Amerika Suriyada sonu heç də yaxşı bitməyəcək bir oyuna başladı. Vaşinqton bölgədəki terrorçulara dəstək verməklə, daha doğrusu, belə bir görüntü yaratmaqla, Türkiyə ilə hesablaşmanı asanlaşdırmaq və masada öz əlini gücləndirmək istədi. Ancaq burada Amerikanın Türkiyəni terror şəbəkələrinə qurban verməsindən söhbət getmir. ABŞ-ın mövqeyindən və niyyətindən asılı olmayaraq, Türkiyə ehtiyac duyduğu təqdirdə Suriyada əməliyyatlar aparacaq. Çünki digər dövlətlərdən fərqli olaraq Türkiyənin məqsədi regiona sülh gətirməkdir. Bu fonda iki NATO ölkəsinin zaman-zaman fikir ayrılığına düşməsi normal haldır. Türkiyə ilə Amerika Suriya məsələsində yola birlikdə çıxsalar da, sonradan fikir ayrılığına düşüblər. Lakin Türkiyənin fikir ayrılığı terror kimi ciddi məsələ üzərindədir. Şübhə etmirəm ki, iki dövlət arasındakı ziddiyyət Türkiyənin qərarlığı ilə nəticələnəcək. NATO-nun qısa zamanda baş verənləri analiz edərək Türkiyənin haqlı olduğuna qərar verməsi və bölgədəki sülh prosesinə aktiv dəstək çıxması mümkündür. Türkiyə ilə ABŞ müəyyən məsələlərdə ortaq məxrəcə gələ bilməsələr də, bu ziddiyyətin ciddi münaqişəyə, hərbi qarşıdurmaya çevriləcəyini düşünmürəm.

- Bölgə dövlətlərinin, xüsusən, Rusiya və İranın Afrin əməliyyatlarında səssiz qalmasını necə şərh edərdiz? Pərdə arxasında Ankaraya qısqanclıqla yanaşan bu ölkələrin üzdə etiraz etməməsi nəylə bağlıdır?

- Əslində, Rusiya və İranın Afrin əməliyyatlarına səs çıxarmamaqdan başqa çarələri yoxdur. Moskvadan fərqli olaraq İran tərəfi ara-sıra idarəetmədəki qarışıqlıqdan istifadə edərək fərqli mövqe sərgiləyir. Rusiya isə Türkiyənin birmənalı şəkildə Amerikanın tərəfinə keçməməsi üçün, yəni Ankaranı itirməmək üçün əlindən gələni edir. Reallıq odur ki, Suriya siyasətində Türkiyəni ön planda tutan ölkə hər zaman bir addım öndədir. Türkiyə bu durumu bildiyi üçün Suriya ilə bağlı cəsarətli qərarlar verir və icra edir. Ona görə də bu imkandan istifadə edərək bölgədəki son terrorçu məhv edilənə qədər əməliyyatları davam etdirmək lazımdır. Rəsmi Tehranın əsas narahatlığı isə Türkiyənin bölgədə güclənməsi, əsas söz sahibinə çevrilməsi ilə bağlıdır. Fəqət, İran anlamalıdır ki, terror sadəcə Türkiyənin deyil, bütün ölkələrin, bəşəriyyətin bəlasıdır. Sirr deyil ki, Suriya probleminin çözülməsində masada çox güclü rol ifa edəcək ölkələrdən bir məhz Türkiyə olacaq. Bu durumdan narahat olan dövlətlərin ara-sıra etirazlar etməsi önəmli deyil və normaldır.

- Ən çox müzakirə edilən məsələlərdən biri də Suriyada "kürd dövlətinin” yaradılması planıdır. Hətta planı reallaşdırmaq üçün terrora bulaşmayan sivil kürdlərin başını pozmağa cəhd edirlər. Suriyada "dövlət” arzusunda olanlar kimlərdir?

- Bilirsiz, əsas məqsəd Türkiyənin bölgədə həyata keçirdiyi əməliyyatın qarşısını almaqdır. Bunu birbaşa edə bilmədikləri üçün müxtəlif üsullara əl atırlar. Gah deyirlər ki, türk ordusu sivil kürdlərə qarşı savaşır, gah da iddia edirlər ki, Türkiyə Suriyada "kürd dövlətinin” yaradılmasının qarşısını almaq üçün mübarizə aparır. Əslində bu cür iddiaların hamısının məqsədi türk-kürd savaşı çıxarmaqdır. Türkiyə bir aya yaxındır terrorçulara qarşı vuruşur, amma indiyə qədər bir sivilin belə burnu qanamayıb. Bunun özü göstərir ki, türk ordusu konkret hansısa qövmə qarşı mübarizə aparmır. İŞİD-in tərkibində hər millətdən insan var idi, hətta türklər də var idi, amma hamısı zərərsizləşdirilirdi. Bölgədə terrorçu yetişdirən istənilən qurum və təşkilat Türkiyənin düşmənidir. Türkiyə də məhz həmin güclərə qarşı cəbhə açıb. Prosesi əngəlləmək üçün "kürd dövləti” məsələsini ortaya atıblar. Hazırda Suriyada baş verən savaş bütünlüklə psixoloji müharibədir. Qarşı tərəf bütün arqumentlərini Türkiyəyə qarşı istifadə etməkdədir.

- Türkiyənin Afrin əməliyyatı, yəni terrorçulara qarşı aparılan savaş Dağlıq Qarabağ məsələsini də gündəmə gətirdi. Toplumda düşüncə formalaşdı ki, türk qardaşlarımız kimi biz də öz torpaqlarımızı erməni terrorçularından təmizləyə bilərik. Bununla bağlı düşüncəniz nədir?

- Maraqlıdır ki, bu fikri qorxduqları üçün ilk gündəmə gətirən məhz Ermənistan tərəfi oldu. Ermənistanın bir çox televiziya proqramlarında və qəzetlərində bu mövzu narahatlıqla müzakirə edildi. O səbəbdən Ermənistan tərəfi Suriyadakı prosesləri yaxından izləməkdədir. Şübhəsiz ki, ermənilər öz aqibətləri üçün Türkiyənin Suriya əməliyyatlarında uğursuz olmasını, məğlub duruma düşməsini könüldən arzu edirlər. Əslində Ermənistan tərəfi bu niyyəti ilə ciddi mənada sıxıntı yaşayacaq. Çünki Türkiyənin terror məsələsindəki qərarlığı və Suriyanın ərazi bütövlüyü ilə bağlı israrı bütün dünya tərəfindən qəbul edilir. Bu variantın işğal altında olan Azərbaycan torpaqları üçün də keçərli olması istər-istəməz Ermənistanı və onu himayə edənləri narahat etməkdədir. Qardaş Azərbaycan dövləti Afrin əməliyyatlarında Türkiyənin yanında olduğunu dəfələrlə bəyan edib. Ehtiyac olduğu təqdirdə Türkiyə də Qarabağ məsələsində Azərbaycana hər cür hərbi yardım edəcəyini ifadə edib. Türkiyənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi Azərbaycanın əlini gücləndirir. Türkiyənin sərhədlərini təhdid edən terror şəbəkələri ilə mübarizə aparması ermənilərin geri addım atmasına, yenidən masa arxasına oturmasına gətirib çıxara bilər. Unutmayaq ki, hər savaş bir sülh üçün edilir. Çox güman ki, Türkiyənin Afrin əməliyyatını əlində əsas edən qardaş Azərbaycan diplomatik müstəvidə bu məsələni gündəmə gətirəcək.

İsmayıl Qocayev







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25